Müharibə turizmi zəiflədir - Azərbaycan yeni turist axını üçün nə etməlidir?
Yaxın Şərqdə baş verən müharibə ilə əlaqədar olaraq, təbii ki, bu vəziyyət ölkəmizə gələn turistlərə də təsirsiz ötüşmür. Həmin regiondan olan turist axını və ümumilikdə bölgə daxilində hərəkət demək olar ki, dayanıb. Bunun əsas səbəbi hava məkanının bağlanmasıdır. Müharibənin daha geniş coğrafiyaya yayılması ehtimalı insanlarda ciddi narahatlıq yaradır.
World Travel & Tourism Council-ın məlumatına görə, yaxın Şərqdə turizm sektorunda gündəlik itkilər təxminən 600 milyon dollar civarındadır. Halbuki 2026-cı il üçün həmin regionda turizm gəlirlərinin ildə 200 milyard dollardan çox olacağı gözlənilirdi. Görünən odur ki, mövcud müharibə vəziyyəti regionda ciddi maliyyə itkilərinə səbəb olur.

Baş verən hadisələr fonunda Azərbaycana turist axını ilə bağlı məsələ gündəmə gəlir.
Azərbaycan Yaxın Şərqə istirahətə edən turistləri ölkəmizə necə cəlb edə bilər?
Turizm üzrə ekspert Ceyhun Aşurov Day.Az-a açıqlamasında deyib ki, bu şəraitdə Azərbaycanın özünü necə mövqeləndirməsi də mühüm məsələdir.
"Regiona yaxın yerləşməyimiz müəyyən qədər ölkəmizə gələn turistlərin sayına da təsir göstərir. Lakin Azərbaycan bu vəziyyətdə tanıtım fəaliyyətlərini daha da gücləndirməli və özünü təhlükəsiz turizm istiqaməti kimi təqdim etməlidir. Ölkəmizin turizm potensialı müxtəlif hədəf bazarlarda daha aktiv şəkildə təbliğ olunmalıdır. Bu halda, xüsusilə Yaxın Şərq istiqamətində səyahət etməyi planlaşdıran turistlərin müəyyən hissəsini Azərbaycan istiqamətinə yönləndirmək mümkün ola bilər".
Ekspert bildirib ki, bunun üçün təşviqat işləri genişləndirilməli, həmçinin hava nəqliyyatı sahəsində də addımlar atılmalıdır.
Onun sözlərinə görə, birbaşa uçuşların sayının artırılması və müxtəlif kampaniyaların keçirilməsi turistlərin ölkəmizə marağını artırmağa kömək edə bilər.

Ceyhun Aşurov deyib ki, hazırda ölkəyə gələn turistlərin sayında müəyyən azalma müşahidə olunur.
"Qiymətlərdə isə ciddi dəyişiklik yoxdur, əksinə bazarda müəyyən durğunluq hiss olunur. Əslində turizm sektorunda canlanmanın Novruz və Ramazan bayramlarından sonra baş verməsi gözlənilirdi. Lakin mövcud vəziyyət səbəbindən həmin dövr üçün edilmiş bir çox rezervasiyalar ya ləğv olunub, ya da daha sonrakı tarixlərə keçirilib. Hətta bəzi ölkələrdə keçirilməsi planlaşdırılan tədbirlər də təxirə salınıb".
Ekspert bildirib ki, hədəf bazarlarda aktiv iş aparılması vacibdir. Azərbaycan Dövlət Turizm Agentliyi-nin də bu istiqamətdə müəyyən təşviqat büdcəsi ayırdığı bildirilir.
"Lakin daha effektiv nəticə əldə etmək üçün Azərbaycanın təhlükəsiz və cəlbedici turizm destinasiyası kimi tanıdılması ilə yanaşı, hava yolları vasitəsilə də geniş kampaniyalar həyata keçirilməlidir. Bu, insanların ölkəmizə səyahət etməyə marağını artırmağa kömək edə bilər".
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре