Qəza etməyən sürücülər üçün sığorta daha UCUZ OLACAQ - YENİ QAYDA
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda dəyişikliklər edib.
Day.Az həmin dəyişiklikləri aydın şəkildə izah edir.
Belə ki, Azərbaycanda avtomobillərin icbari sığortası qaydalarında əsas dəyişiklik ondan ibarətdir ki, indiyə qədər tətbiq olunan Bonus-Malus sistemi ləğv edilir.
Bu dəyişiklik Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul olunub və qərarı qurumun sədri Taleh Kazımov imzalayıb. Yeni qaydalara görə, artıq sürücülərin sığorta haqqı Bonus-Malus siniflərinə görə deyil, onların fərdi sığorta tarixçəsinə əsasən hesablanacaq.
Yeni sistemdə "sığorta tarixçəsi əmsalı" tətbiq ediləcək və bu əmsal 0.60-dan aşağı, 3-dən yuxarı ola bilməz. Yəni qəzaya səbəb olmayan sürücülər üçün sığorta daha ucuz (güzəştlə), tez-tez qəza törədənlər üçün isə daha bahalı olacaq.
Hər qəzasız dövr üçün təxminən 5% endirim, hər təqsirli qəza üçün isə 30% əlavə tətbiq olunacaq. İlk dəfə sığorta edən və ya tarixçəsi olmayan şəxslər üçün başlanğıc əmsal 1 olacaq.
Qaydalar qüvvəyə mindikdən sonra mövcud sürücülərin əvvəlki Bonus-Malus göstəriciləri avtomatik olaraq yeni sistemə uyğunlaşdırılacaq. Fiziki şəxslər üçün ən yüksək riskli sürücünün əmsalı əsas götürüləcək, hüquqi şəxslərdə isə (taksi fəaliyyəti istisna olmaqla) əmsal əsasən 1 olaraq qalacaq.
Ümumilikdə, dəyişikliklərin məqsədi daha ədalətli sistem qurmaq, riskli sürücüləri daha çox ödəməyə vadar etmək və diqqətli sürücüləri təşviq etməkdir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре