Azərbaycanın da iştirak etdiyi regional rəqəmsal dəhliz layihəsi AİB tərəfindən təsdiqlənib
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da daxil olduğu Asiya və Sakit okean regionunu əhatə edən yeni texniki yardım layihəsini təsdiqləyib.
Day.Az banka istinadən xəbər verir ki, "Asiya və Sakit okean regionunda dayanıqlılıq, infrastruktur, məlumat və açıq tənzimləmələr vasitəsilə sərhədlərarası imkanlar (CORRIDOR)" adlı təşəbbüs regional rəqəmsal inteqrasiyanın gücləndirilməsinə yönəlib.
Layihə çərçivəsində Azərbaycanla yanaşı Banqladeş, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da iştirak edəcək.
AİB-nin 1 milyon ABŞ dolları həcmində maliyyələşdirdiyi texniki yardım proqramı regionda təhlükəsiz, inklüziv və qarşılıqlı işlək rəqəmsal infrastrukturun formalaşdırılmasını hədəfləyir. Layihə Asiya-Sakit okean Rəqəmsal Magistralı (APDH) təşəbbüsünün əməliyyat mexanizmi kimi çıxış edəcək.
Təşəbbüs çərçivəsində fiber-optik şəbəkələr, məlumat mərkəzləri, bulud xidmətləri və rəqəmsal ictimai infrastrukturun inkişafı, sərhədlərarası ticarətin rəqəmsallaşdırılması, "ağıllı sərhəd" sistemlərinin qurulması, kibertəhlükəsizlik və məlumat idarəçiliyi üzrə vahid qaydaların hazırlanması nəzərdə tutulur.
Layihə həmçinin region ölkələri arasında rəqəmsal siyasətlərin uyğunlaşdırılması, texnoloji innovasiya ekosistemlərinin inkişafı və süni intellekt əsaslı həllərin tətbiqini dəstəkləyəcək.
AİB qeyd edib ki, təşəbbüsün əsas məqsədi region ölkələrinin sərmayəyə hazır rəqəmsal dəhliz modelləri, tənzimləyici çərçivələr və institusional potensial formalaşdırmasına dəstək verməkdir. Layihədə gender bərabərliyi və inklüzivlik məsələləri də xüsusi prioritet kimi müəyyənləşdirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре