Limfodrenaj məşqləri ödəmləri azaltmağa kömək edə bilər

Mütəxəssislər bildirirlər ki, səhərlər gözaltı torbalar, üz və bədəndə şişkinlik, həmçinin ayaqlarda ağırlıq hissi limfa dövranının zəifləməsi ilə əlaqəli ola bilər.

Day.Az xəbər verir ki, bu halda limfodrenaj məşqləri limfanın hərəkətini sürətləndirərək mayenin orqanizmdən xaric olunmasına kömək edir.

Mütəxəssislərin sözlərinə görə, adi güc və ya intensiv kardio məşqləri limfa durğunluğunu aradan qaldırmaq üçün həmişə effektiv olmur. Daha faydalı üsul isə diafraqmal tənəffüs və yumşaq, ritmik hərəkətlərdən ibarət limfodrenaj məşqləridir. Xüsusilə ayaq baldırı əzələlərini işlədən hərəkətlər limfa və venoz qan dövranını yaxşılaşdırır.

Məşq proqramına dərin nəfəs məşqləri, ayaq və çiyinlər üçün yüngül hərəkətlər, ehtiyac olduqda isə yüngül vibrasiya hərəkətləri daxil edilə bilər. Mütəxəssislər qeyd edirlər ki, gündə təxminən 15 dəqiqə davamlı məşq və kifayət qədər su qəbulu 2-3 həftə ərzində şişkinliyin azalmasına və ayaqlarda yüngüllük hissinin yaranmasına kömək edə bilər. Bununla belə, davamlı və ya güclü ödemlər müşahidə olunarsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.