Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının "UnionPay" beynəlxalq ödəniş sisteminin sədr müavini və baş icraçı direktoru Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən birgə layihələrin icra statusu, ölkədə rəqəmsal ödəniş ekosisteminin və QR kod əsaslı ödəniş həllərinin inkişafı istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı inteqrasiya imkanları müzakirə olunub.
Xatırladaq ki, bu ilin yanvarın 30-da Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və Çin Xalq Respublikasının "UnionPay" ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub. Görüşün yekununda tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Bildirilib ki, memorandum Mərkəzi Bank ilə "UnionPay" arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda "UnionPay" kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.
Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, qeyd edək ki, hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən eksklüziv müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре