İran AEBA-nın mövqeyini bəyan etməsini gözləyir

Rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İranın tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasının vurulması ilə əlaqədar öz mövqeyini bəyan etməsini gözləyir.

Day.Az xəbər veir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (20 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

"Tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasının obyektinə hücum Nüvə Silahlarının Yayılmamasına dair Sazişin qaydaları ilə ziddiyyət təşkil edir. İran agentliyin bu AES-ə hücumu açıq-aşkar şəkildə qınamasını gözləyir", - deyə o qeyd edib.

Bəqai bildirib ki, İran hələ də Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvüdür. Bir üzv olaraq İranın həm həmdəlikləri, həm də gözləntiləri var.

Əlavə edək ki, İranın Atom Enerjisi Təşkilatı 19 iyulda ABŞ-nin İrana hücumunda tikilməkdə olan "Darxovin" AES-ə bir neçə raketin atıldığını bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.