Qusar - Şahdağın ətəyində yerləşən rekordlar diyarı

11 марта 2016 00:03

Qusar rayonu Azərbaycanda turistlərin ən çox gəldiyi yerlərdən biridir. Özü də təkcə burada fəaliyyət göstərən "Şahdağ" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi sayəsində deyil. Qusar turistləri bu diyara xas təbiət möcüzələri, mədəniyyəti və burada yaşayan insanların adət-ənənələri ilə cəlb edir. Qusardan danışarkən "ən" epitetini işlətməmək olmur. Axı Azərbaycanın ən yüksək nöqtəsi - Bazardüzü dağı, ölkədə ən dağlıq turbaza - "Suvar" Dağ-Turizm Bazası və qarşısında eyni zamanda 10 nəfərin oturub xalça toxuduğu ən böyük dəzgah məhz Qusarda yerləşir. Ən nəhayət, ən dadlı qutablar da Qusarda bişirilir.

Yaxşısı budur, gəlin tələsməyək!

Zip-layn və iki Laza

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qusarı çox vaxt Şahdağın anası adlandırırlar. Odur ki, söhbətimizi də elə Şahdağdan başlayırıq. Bu dağın yamaclarında, dəniz səviyyəsindən 1300 metrdən 2400 metrədək yüksəklikdə yerləşən "Şahdağ" Turizm Mərkəzi haqlı olaraq ölkəmizin ən populyar turizm obyektlərindən biri sayılır. Kompleksin unikallığı sayəsində onun birindən başqa bütün enişləri şimala baxır. Adətən bu yerlər yaza qədər qarla örtülü olur. Dünya standartlarına uyğun, müasir, həm təyinatına, həm də layihə strukturuna görə unikal olan "Şahdağ" kompleksi daim inkişafdadır və hamını təəccübləndirməkdədir. Burada mürəkkəblik dərəcələri müxtəlif olan 14 dağ-xizək enişi, çoxsaylı kanat yolları, beş dəbdəbəli otel fəaliyyət göstərir. Kompleksin enişlərindən birində, 2351 metr yüksəklikdə inşa edilən "Mountain Top" restoranı tezliklə ölkənin ən yüksək dağ restoranı adlanacaq. 

Ötən il kompleksdə dərinliyi 2,2 metr olan süni "Snowmaking Reservoir" gölü açılıb. Bu yay qonaqlara göldə katamaranlarda üzmək imkanı yaradılacaq. Yay mövsümündə kompleksin ərazisində tennis kortları, futbol meydanları, əyləncə-oyun kompleksləri fəaliyyətə başlayacaq. İstirahət edənlər üçün piyada və at belində yürüşlər, alpinistlər kimi dağa dırmaşmaq, kvadrosikllər, dağ velosipedləri sürmək və s. imkanlar yaradılacaq. Ən cəsarətlilər polad kanatla sürətli enməni nəzərdə tutan nəfəs kəsən zip-layn adlı attraksionda qravitasiya qüvvələrinə meydan oxuya biləcəklər.

Hazırda "Şahdağ" İstirahət Kompleksində fəaliyyət göstərən eyniadlı "Shahdag Hotel&Spa" oteli 1640 metr yüksəklikdə yerləşir, amma həmin yüksəklik bu yerlər üçün son hədd deyil. "Şahdağ" kompleksindən bir qədər aralanan kimi qarşına Azərbaycanın ən yüksək dağ turizm mərkəzi - dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşən "Suvar" istirahət bazası çıxır. Kompleksin kı dağ dərələrində gözəllikdə tayı-bərabəri olmayan gur şəlalələr axır. Ən məşhurları isə 2 min metr yüksəklikdə yerləşən, qoşa şəlalələr deyilən Laza və Şahnabat şəlalələridir. Yerli şəlalələrin bir səciyyəvi xüsusiyyəti var: qışda onlar donur, bununla da buza dırmanma həvəskarlarını və alpinistləri cəlb edir. Odur ki, qış mövsümündə bu yerlərdə buza dırmanma yarışları keçirilir.

Buradakı şəlalələrin birinin yaxınlığında taxta ev görünür. Bu evlə bağlı "əfsanə" var. Guya bu ev vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun əmri ilə bura gətirilib. Ağır texnikanın evi burada necə yerləşdirdiyini yerli sakinlər indiyədək xatırlayırlar. Hazırda ev təbiətin qoynunda istirahət etmək istəyənlərin sevimli yerinə çevrilib.

"Suvar" Dağ-Turizm Bazasının 2 kilometrliyində, dağlar arasındakı vadidə Laza adlanan qeyri-adi kənd yerləşir. Əslində, Azərbaycanda Laza adını daşıyan iki kənd, yaxud düzünü desək, iki hissədən ibarət bir kənd var. Kəndin ikinci hissəsi dağın o biri yamacında, Dəmirçayın sahilində, Qəbələ rayonu ərazisində yerləşir. Deyilənə görə, Laza kəndinin sakinləri o kənddən köçüb bura gəliblər və yeni kəndə də eyni adı veriblər.

XV əsrdə Qusar Şirvanşahlar ilə Ərdəbil şeyxləri arasında döyüş meydanına çevrilib. Məlumdur ki, I Şah İsmayılın babası Şeyx Cüneyd 1456-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə döyüşdə həlak olub. Silahdaşları onu yaxınlıqdakı Külxan kəndində (hazırda Həzrə, yaxud yerli sakinlərin təbirincə desək, Yarqun) dəfn ediblər. Sonralar Şah İsmayılın oğlu Şah Təhmasib ulu babasının xatirəsini əbədiləşdirmək üçün burada türbə ucaldıb. Hazırda Şeyx Cüneyd türbəsi Qusar rayonunun ən mühüm tarixi-memarlıq abidələrindən biri sayılır və çoxsaylı turistləri cəlb edir.

Zirək dağlılar

İş elə gətirib ki, Qusarda çox şey dağlarla bağlıdır. Azərbaycanın Rusiya ilə sərhədindəki Bazardüzü dağı - Azərbaycanda ən yüksək zirvə də (4466 metr) Qusarda yerləşir. Yerli ləzgilər onu mənası "qorxu dağı" verən "Kiçensuv" adlandırır. Azərbaycan dilində isə o, "bazar meydanı", daha doğrusu, konkret səmt kimi "bazara döngə" anlamına gəlir. Məsələ bundadır ki, qədim zamanlarda və orta əsrlərdə zirvədən şərqdə yerləşən Şahnabad vadisində hər il böyük yarmarkalar təşkil olunurdu və bura müxtəlif ölkələrdən tacirlər gəlirdi. Yarmarka yerinə aparan yolda uzaqdan əsas səmt -"bazar meydanı", "bazar döngəsi" - Bazardüzü görünürdü.

"Dağ mövzusu"nu daha bir heyrətamiz misalla tamamlayaq. Qusar şəhəri Azərbaycanın şimalındakı sonuncu iri yaşayış məntəqəsidir. Qusar rayonunun ən ucqar yaşayış məskəni isə Sudur kəndidir. O, Şahdağın ətəklərində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Sudura gedən yol dolamadır. Bu yerlərin gözəlliyini vəsf etmək çətindir - hər yerdə bulaqlar qaynayıb-daşır, yamaclara isə baharda çiçək xalısı sərilir. Amma insanın gözəlliyi görməkdən başqa da ehtiyacları var. İstənilən insan məskəninin, təfərrüata görə üzrlü bilin, "tullantı anbarı" olmalıdır. Kəndin torpağı daşlı-qayalı və donmuş haldadır, belə yerdə zibil quyusunu necə qazasan? Odur ki, fərasətli sakinlər nə etsələr yaxşıdır... ikimərtəbəli ayaqyolu düzəldiblər. Bu tikiliyə başqa ad vermək mümkün deyil, ora giriş evin ikinci mərtəbəsi səviyyəsindədir, yerə qədər olan bütün məkanı isə taxtadan düzəldilən şaxta tutur. Bu şaxtaya orqanizmin tullantıları yığılır. Qışda tullantılar donur, o zaman xüsusi işçilər çağırılır və onlar ağzınadək dolmuş şaxtaları boşaldıb "peyini" yük maşınlarında aparırlar. Hə, demə, belə bir peşə də varmış.

Sehrli süfrə və iddialı Xil

Qusardakı xalq sənət növləri arasında ən çox inkişaf edən xalçaçılıqdır. Burada həm ev şəraitində, həm də şəhərin mərkəzində yerləşən sexdə toxunan sumax - xovsuz xalçalar daha geniş yayılıb. Elə bu xalça sexində Azərbaycanda ən böyük toxuculuq dəzgahı quraşdırılıb. Onun arxasında eyni vaxtda ona qədər adam işləyə bilər.

Nə deyirsən de, Qusarda hər şeydə birinci olmağı sevirlər. Azərbaycanın ilk olimpiya çempionu, cüdoçu Nazim Hüseynov da (1992-ci ildə Birləşmiş komandanın tərkibində çıxış edib) əslən qusarlıdır. Bundan başqa, qusarlılar çox döyüşkəndir: 200 polkovnik və 4 general əslən buralıdır. Qusarlılar həm də çox savadlıdırlar - son 50 ildə Qusardan təxminən 500 elmlər namizədi və 20-yə yaxın dünyanın müxtəlif akademiyalarının üzvləri çıxıb.

Rayon mərkəzindən 27 kilometr cənub-qərbdə, Qusarçayın sağ sahilində qədim Aniq (Anix, yaxud Enix) kəndi yerləşir. Burada qədim vaxtlardan təmtəraqlı, gözoxşayan evlər tikirlər. Kəndin ortasında yerləşən "Mahalın Tacı" məscidi Hindistandakı Tac-Mahalla oxşarlığına görə bu adı alıb. Deyirlər ki, onun tikintisini Hindistanda olmuş, Tac-Mahalı görmüş və buna görə də öz vətənində bənzərini görmək istəmiş bir adam sifariş verib. Hərçənd iddia edirlər ki, çiy kərpicdən tikilən məscidin 300 yaşı var. Tikili üzərindəki lövhədə qeyd olunub ki, o, XIX əsrdə inşa olunub. Məscid divarları üzərindəki naxışlar diqqəti cəlb edir, zamana güc gələn naxışlar öz parlaq rəngini hələ də saxlayıb. Güman edilir ki, bunun sirri rəssamların istifadə etdiyi rənglərdə olan təbii, nəbati komponentlərdədir.

Qusarda səyahət etmək adama yalnız həzz bəxş edir. Ləzgilərin evinə qonaq düşsəniz, məsələn, xalis Şərq qonaqpərvərliyinə şahid olacaq və tamı daim yadınızda qalacaq yeməkləri dadacaqsınız. Bu yerlərdə məxsusi ləzgi qutabı - "afar" hazırlayırlar. Qadınlar xəmirdən nazik yuxa (lavaş) yayırlar, sonra onun içini həyətyanı sahədə və dağlarda toplanmış, quru pendirlə, yaxud şorla qarışdırılan doğranmış göylə doldururlar. Üstünə daha bir yuxa çəkib, sonra "xərəy"ə - ləzgi sobasına qoyurlar. Bu qutabların ləziz dadı var.

Bir məqalədə Qusar haqqında çox şey danışmaq, əlbəttə, çətindir. Qeydlərimizi daha bir rekordla tamamlayaq. Rayon mərkəzindən 17 kilometr aralıda Xil kəndi yerləşir. 1960-cı illərədək o, Qusarın mərkəzi, başqa sözlə, paytaxtı olub. Lakin indi də bu kəndin öyünməyə haqqı var, axı Xil Azərbaycanın kənd statuslu ən böyük yaşayış məskənidir.

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahların qarşısına çıxacağı heyrətamiz kəşflərlə tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi üzrə layihə çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin ucsuz-bucaqsız potensialı ilə tanış etməkdir.

Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Onları asanlıqla əldə etmək olar. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə hazırlıq işləri görülür.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!