KİV: Bu gün DESFA-nın taleyi həll olunur

Day.Az представляет новость на азербайджанском языке

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Yunanıstanın paytaxtı Afinada bu ölkənin baş naziri Aleksis Tsiprasla görüşəcək.

APA "Euro2day" portalına istinadən xəbər verir ki, görüşdə
Yunanıstanın əsas qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq. "DESFA-nın taleyinin həll olunacağı görüş Azərbaycan tərəfinin istəyi ilə baş tutacaq", - deyə portal yazır.

Bildirilir ki, R. Abdullayev həmçinin Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə də görüşəcək.

Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Yeri gəlmişkən, ötən həftə SOCAR prezidenti bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.