Kinorejissor Hüseyn Mehdiyev: "Cavanlar üçün belə tədbirlər çox vacibdir"

Day.Az представляет новость на азербайджанском языке.

  

Kinorejissor Hüseyn Mehdiyevin Milli.Az-a müsahibəsi.

Dosye: Hüseyn Mahmud oğlu Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1977-ci ildə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatoluq fakultəsini bitirib. Həmin ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu-operatoru, 1984-cü ildən quruluşçu rejissor kimi fəaliyyət göstərir. "Dissonans", "Ancaq adanı özünlə apara bilməzsən", "Özgə vaxt" filmləri Berlində, Madriddə, Moskvada, Daşkənddə, Ankarada, İtaliyada keçirilən kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb. 1999-cu ildə yaradılmış Peşəkar Kinorejissorlar Gildiyasının Bürosunun sədri vəzifəsində çalışır. Əməkdar İncəsənət xadimidir. Filmoqrafiyasında "Dissonans", "Şuşa", "Dissonans", "Təkcə adanı özünlə apara bilməzsən", "Babamızın babasının babası", "İşgüzar səfər", "Qəm pəncərəsi", "Qoca palıdın nağılı", "Şəhərli biçinçilər", "Səhnədə keçən həyat", "Mirzə Fətəli Axundov", "Süni bənövşələr", "Şahid qız", "Özgə vaxt", "Məkanın melodiyası" və digər sənədli və bədii filmlər var.

- Hüseyn müəllim, zəhmət olmasa, böyüyüb boya-başa çatdığnız ailə haqqında danışın.

- Atam Mahmud kişi, əslən Qubadlıdandır və "ideynıy" bolşeviklərdən olub. O, əvvəl partiya işində Naxçıvan, Şahbuz, Ağdam, Qubadlı, Şəki şəhərlərində humanitar sahə üzrə katib işləyib. Anam Əminə xanım Gürcüstanın Kobuleti şəhərində anadan olub və əsli qədim türk tayfalarından - lazlardandır. O, bütün ömrünü bizə həsr edib. Biz isə ailədə 6 uşaq idik - 4 qardaş, 2 bacı və hərəmiz də bir şəhərdə anadan olmuşuq.

1945-ci ildə mən Şəkidə anadan olandan sonra heç bir il keçməmiş "raykom"da katib işləyən atamı Bakıya çağırdılar. Onun dostunu "xalq düşməni" kimi repressiya etmişdilər, atam isə ona qarşı heç bir ifadə verməmişdi, ona görə də onu partiya işindən uzaqlaşdırdılar. Əvvəl müəllimlik etdi, sonra isə jurnalistikayla məşğul oldu və ömrünün axrına qədər "Kommunist" qəzetində çalışdı.

Bakıda Nizami metrosunun arxasında Sverdlovski 64-də olurduq. Atam işdə çox ciddi və məsuliyyətli şəxs olmağına baxmayaraq, evdə çox sərbəst və azad bir mühit yaratmışdı. Bizim qapımız qonağın üzünə həmişə açıq olub və ağır günlərə baxmayaraq anam hamını gülər üzlə qarşılayardı. Biz hamımız öz seçimimizdə sərbəst idik. Bunun nəticəsi kimi də jurnalist, şair, rəssam, idmançı, rejissor və həkimlik kimi müxtəlif sahələr üzrə çalışan ailəmiz var idi.

- Kinoya marağınız necə baş verdi? Bu, dərhal qəbul edilmiş qəti peşə seçimi idi?

- Məndə kinoya marağı Tofiq qardaşım oyatdı. O, Moskvada Ali Ssenari Kurslarını bitirən ilk məzunlardan idi. 5-ci sinifdə mənə kino haqqında kitab bağışladı və gah təyyarəçi, gah neftçi, gah da hərbçi olmaq arzusunda olan mənə dedi ki, bütün sənətlər yaxşıdır, amma rejissor bütün sənətlərdən yuxarıdadır, çünki hər şey haqqında təsəvvürün olmalıdır ki, lazım gələndə onları ekranda canlandıra biləsən. Əlbəttə, rəssam Rafiq qardaşımın da mənim vizual ailəmimin və estetikamın formalaşmasında böyük rolu olub. Bax beləcə mənim gələcək taleyim həll olunurdu.

Bizim yaşadığımız məhəllədə - keçmiş Qasım İsmaylov və Poluxin kücələrində 50-ci illərdə teatr bumu idi. Həyətlərdə teatr həvəskarları səhnələr düzəldib, tamaşalar qoyurdular, konsertlər verirdilər. Mən də öz həyətimizdə səhnə düzəldib həyətin uşaqları ilə birgə balaca konsertlər verir, tamaşaya oxşar səhnəciklər qoyurdum. Bütün bunlar məndə arzumun formalaşmasında və qətiyyətləşməsində əsas rol oynadı. Dediyim kimi, uşaqlığım yaradıcı mühitdə keçib. Tofiq universitetdə - ədəbiyyatda, Rafiq isə rəssamlıqda oxuyurdular və onların şair və rəssam dostları bizim evdə yığışardılar: məclislər keçirər, mübahisələr edərdilər...

- Bəs uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olan Tofiq Mahmudla birlikdə uşaqlar üçün film ərsəyə gətirmək fikriniz olmayıb?

- Tofiqin ssenarist kimi taleyi bir az ağır oldu. İlk ssenarisi qəbul olunmayandan sonra ruhdan düşdü. Əlbəttə, ümumi yaradıcılıq arzularımız olub, amma təəssüf ki, o, dünyasını vaxtsız dəyişdi.

- "Özgə vaxt", "Məkanın melodiyası"... Filmlərinizin adında poetiklik dərhal nəzərə çarpır.

- Bəli, bu, sırf öz təbiətimdən, ailəmdən gələn cəhətdi - bir ailənin üzvləri arasında həm jurnalistin, həm şairin, həm də rəssamın olması dünyaya daha poetik, hətta fəlsəfi nəzərlə baxmağa sövq edir. Mənim müxtəlif festivallarda mükafatlara layiq görülmüş "Dissonans", "Təkcə adanı özünlə apara bilməzsən" filmlərimin nominasiyasında da məhz bu cəhət qeyd olunub.

- Ramiz Rövşənlə belə sıx əməkdaşlığın yeni təzahürlərini görmək ehtimalı varmı?

- Bizim Ramiz Rövşənlə əməkdaşlığımız elə birinci görüşdən tutdu. Onunla ilk dəfə "Təkcə adanı özünlə apara bilməzsən" filmində tanış olmuşduq. Mən o filmin quruluşçu operatoru idim. Çəkilişlərdə ümumi konsepsiyadan gələn bəzi detallarla razılaşmadığım üçün çəkiliş qrupunda bir az problem yaranmışdı. Kinostudiyanın rəhbərliyi, o vaxt redaksiya heyətinin üzvü olan Ramizə (Ramiz Rövşən - red.) bu problemi həll etməyi tapşırmışdı. Elə onda Ramiz Rövşən məni müdafiə etdi. Beləliklə, ilk əməkdaşlığımız və dostluğumuz başladı. Ümumiyyətlə, rejissor kimi formalaşmağımda onun böyük rolu olub.

Ramiz Rövşən Azərbaycanda ilk ssenaristlərdəndi ki, kino yaradıcılığında əsas şəxsin rejissor olduğunu qəbul etdi. Həqiqətdə də, belədi. Tamaşaçının ekranda gördüyü və yaradılmış aləmin - məkanın, zamanın müəllifi rejissordu, hamısı onun təsəvvürüdü. "Rejissor ssenari müəllifinin fikirlərini ifadə edir" fikrində heç bir həqiqət yoxdu. Ssenari axı tamamlanmış sənət əsəri deyil, o, filmin yaradılması üçün bir materialdı. Adi adamın ssenarini oxumağa hövsələsi çatmaz. Ssenaridə əsas amil dil yox, hadisələr, hərəkət və xarakterlərdi. Təbii ki, ssenari müəllifinin söz adamı olmağı yalnız işin xeyrinədi. Amma bu, vacib deyil. Ssenari müəllifi, ilk növbədə, kinonu bilən adam olmalıdı. Azərbaycan kinosunun əsas problemi də bundadı - bizdə nasirlər çoxdu, əsl ssenari müəllifləri cox azdı. Şübhəsiz, bizim Ramiz Rövşənlə əməkdaşlığımız davam edəcək, yeni filmlər ərsəyə gətirəcəyik.

- Başqa hansı filminizlə bağlı kadrarxası məqamı danışa bilərsiniz? Hansısa filmi təhvil verəndə müəyyən bir epizodu ixtisar etmək məcburiyyətində qalmamısınız ki?

- Elə o Mərkəzi Televiziyanın sifarişi ilə çəkilən "Təkcə adanı özünlə apara bilməzsən" filmində baş qəhrəmanın yarı xəyali, yarı yuxuya bənzər bir epizodu var idi. Bir gün bizim məmurlar dedilər ki, Moskva həmin epizodun çıxarılmağını, filmin adının dəyişdirilməyini istəyir. Filmin adını isə "Aman ovçu, vurma məni" qoymuşduq. Həmin epizod isə uşaq aləmini kino dilində çatdıran ən uğurlu epizodlardan idi. Ona görə kinostudiyanın o vaxtkı baş redaktoru Asim Cəlilovdan xahiş etdim ki, Moskvaya zəng edib məsələni yoluna qoymağa cəhd etsin. Bizim o epizodu çıxarmağa o qədər də həvəsli olmamağımızı biləndə Moskvadakılar dedilər ki, istəmirsiz, çıxarmayın. Sən demə, məsələ təqdim olunan dərəcədə qəliz deyilmiş. Çox vaxt Moskvanın qeydlərini bizimkilər prinsipial məsələyə çevirirdilər. Beləliklə, filmin yalnız adını dəyişdik. O da göründüyü kimi o qədər də uğurlu ad deyil.

Hansısa filmimdə hansısa epizodu dəyişmişəmsə, bu, yalnız öz istəyimlə olub. Məsələn, "Özgə vaxt"da belə bir epizod var idi - qocanın özünü də, qızını əziyyətdən qurtarmaq üçün təcili yardımın həkimi növbəti dəfə həmin ünvana çağırış alanda sürücüyə deyir ki, tələsməsin! Amma tibb bacısının heyrətə gəldiyini görüb fikrini dəyişir. Ünvana çatanda tibb bacısına ölümcül iynə vurmağı işarə edir. Qocanın qızı da bunu başa düşür, ən son anda özünü saxlaya bilməyib tibb bacısını iynəni vurmağa qoymur. Bu epizodu yalnız ona görə ixtisar etdim ki, zəif alınmışdı. Müəllimim, rəhmətlik Rasim Ocaqov demişdi ki, bu epizodun psixoloji ağırlığı çoxdu, amma çox qəddar epizoddur. Mən bu epizodu ona görə çıxartdım ki, ondan istədiyimi ala bilməmişdim.

- Ümumiyyətlə, rejissoru olduğunuz filmlərdə psixoloji gərginlik çoxdu. Məsələn, elə götürək "Şahid qız" filmini. Ağır filmlərdən biridi.

- Elədi, ağır filmdi. Onu öz istəyimlə çəkməmişəm. Onda mən "Özgə vaxt"ın sinopsisini hazırlayıb kinostudiyanın müdiriyyətinə təqdim eləmişdim, amma qəbul eləməmişdilər. O vaxtkı direktor Ramiz Fətəliyev başqa filmin ssenarisini yazmağı, sonra çəkməyi təklif etdi. Ssenari bir aya hazır oldu. Sağ olsun, Ramiz Fətəliyev, ssenarini maneəsiz qəbul etdi və filmi istehsalata buraxdı. Amma sifarişli və bəzi zəif cəhətləri olan film olsa da, o, mənim filmimdir.

- Dörd ildən bəri keçirilməyən Beynəlxalq Audiovizual Festivalın vaxtilə iştirakçısı olmuş gənc kinematoqrafçıların əks-sədası gəlirmi?

- Vaxtilə öz ilk işləri ilə bizim festivalda iştrak edən və mükafat qazanan cavanlar, indi öz ölkələrində ən perspektivli sənətçilər sayılırlar və onların səsi artıq digər nüfuzlu festivallardan gəlir. Ukrayna, Belarus, Almaniya, İspaniya, Avstraliya, Gürcüstan və ən əsası bizim bu gün aparıcı gənc rejissorların coxusu, öz ilk nailiyyətlərini bizim festivalda əldə ediblər: Elxan Cəfərov, Samir Kərimov, Əli İsa Cabbarov, Nadir Mehdiyev, Asif Rüstəmov, Aqil Quliyev, Nəsimi Əliyev, Fuad Əlişov, Ülviyyə Könül, İqbal Məmmədəliyev, Pünhan Həsənli, Yusif Quliyev və bir çoxları indi kinomuzda və TV-də aparıcı sənətçilərdir. Bu, onu göstərir ki, festivalın seçimi və qaliblərin müəyyənləşdirilməsi obyektiv və professional səviyyədə aparılırdı. Hər halda bu festivalın mühiti gənclərin ürəyincə idi və onlar həmişə onu gözləyirdilər. Cavanlar üçün belə tədbirlər çox vacibdi. Bütün dövrlərdə də bu cür olub. Ətraf mühitdən xəbərdar olmaq, yeni adlar, təzə cərəyanlarla tanışlıq yaradıcı imkanların inkişafını təmin edən amillərdən ən vacibidi. Axı plankanı yüksəltmək üçün dünyaya açıq olmalısan. Belə festivallar isə gənclərə bu imkanı verir.

- Yəqin ki, əcnəbi həmkarlarınız da festivalın niyə daha keçirilməməsi ilə maraqlanırlar. Onlara nə cavab verirsiniz?

- Bəli, çoxlu məktublar alırıq. Hamısı da cavabsız qalıb. Bizim Beynəlxalq Audiovizual Festival iki kinofestival portalında yerləşdirilib. Ordan da vaxtaşırı sorğular gəlir ki, səhifənizi təzələyək, ya yox? Heç bir cavab göndərə bilmirik...

- Kino və teatr sahəsində onsuz da az olan festivallarımızdan biri kimi bu festivalı bərpa etmək mümkün deyilmi?

- Mümkün olmayan şey yoxdur!..