Xalq artisti: “"Bəxt üzüyü"nə cəmi 3 dəfə baxmışam”

Day.Az представляет интервью на азербайджанском языке.

Xalq artisti Valeh Kərimov mənə həm də bir insan kimi maraqlıdır. Müsahibəyə qədər düşünürdüm ki, bu, onu tanımamağımdan irəli gəlir. Ancaq sənətkarla görüşümüzdə məlum oldu ki, "Moşu" qədər sadəlövh olmasa da, yetərincə sadə insandır.
 

Söhbət əsnasında bir çox maraqlı məqamlara toxunduq. Onu məşhur edən "Bəxt üzüyü" filminin kadrarxası məqamlarından da danışdıq, ailəsindən də, sənətdən də.

- Sentyabrın 4-də Sumqayıt Teatrında mövsüm açıldı. Yəqin ki, yeni mövsümdə yeni tamaşalar olacaq.
 

- 1968-ci ildən Sumqayıt Teatrındasınız. Adətən, kənar teatrlar aktyorlar üçün tramplin olur...

- Sumqayıtda cavan vaxtı yaxşı rollar oynayırdım. Dövlət mənə ev də verdi. İndi yaşadığım dördotaqlı mənzili də Prezidentimiz 7 il əvvəl mənə verib. Ailə həyatını da Sumqayıtda qurdum. Gördüm ki, orda işləyə-işləyə də tanınmaq, sevilmək olar.
 

- "Bəxt üzüyü"nə qədər tanınırdınız?

- Bu filmə qədər dramatik-faciəvi rollar - "Müsibəti Fəxrədin"də Fəxrəddini, "Sevil"də Balaşı oynayırdım. Amma belə geniş tanınmırdım.
 

- "Bəxt üzüyü" əslində tragikomediyadır..

- Elədir. "Bəxt üzüyü" bizdən əvvəl başqa teatrlarda tamaşa şəklində qoyulmuşdu. Amma bizdə sırf komediya janrında qoyulsa da, faciə ünsürləri var. Həm də filmdə heyət bir az başqadır.
 

- Məsələn, Sedanı oynayan Yasəmən Maliki Firəngiz Rəhimbəyova əvəzlədi. Deyəsən həyat yoldaşı razı olmamışdı Yasəmən xanımın.

- Yox, bu rejissorun fikri idi.
 

- Film harda çəkilib?

- Bağ yeri Şüvəlanda, bazar Mərdəkanda, dəniz Bilgəhdə.
 

- Neçə ay davam etdi çəkilişlər?

- Adətən, belə filmlər 7-8 aya, bəzən bir ilə çəkilir. Bu isə 2 aya çəkildi. "Bəxt üzüyü"nü maliyyələşdirən "Qaraqaya" Assosiasiyasınını rəhbəri Sədrəddin Daşdəmirov bu filmi öz pulu ilə xalqa hədiyyə elədi. Amma şərt qoydu ki, iki aya bitməlidir. 1991-ci ilin iyul-avqust ayları çəkildik.
 

- Nə qədər qonorar aldınız?

- O vaxt 10 min sovet rublu aldım. Amma pullar veriləndə gecikdiyimə görə 1992-ci ildə aldım və pulun dəyəri oldu kağız (gülür).
 

- Orda improvizə olan yerlər var?

- Məsələn, arağın Ramiz Əzizbəylinin əlində sınması ssenaridə yoxdur. Həmin aylarda Ramizin ad günü idi. Axşam istədik Ramizin ad gününü qeyd edək. Araq da tapılmırdı. Tanışlıqla gedib Mərdəkandan araq alıb gətirdilər. O ideya da həmin vaxt ağlına gəldi.
 

- Afaq xanım tryuklarını özü edib?

- Bəli (gülür).
 

- (zarafatyana) Bu yaxınlarda "Bizim Cəbiş müəllim" filminin Makedonu Aqil Ağacanov deyib ki, Tanyanı öpmək epizodunu qəsdən səhv oynayırmış. Siz açarı Sedanın yaxasından götürmə səhnəsini qəsdən yubatmırdınız ki?

- Bu səhnə Moşunun təmizliyini göstərir. Arvadı evdə olmasa da, xəyanət etmir. Moşunun hay-küyü, demaqoqluğu bir tərəfə. Amma onun ailəsi təmizdir.
 

- Filmdən sonra həmin bağda olmusunuz?

- Heç vaxt. Amma iki ay ərzində yerli sakinlərlə dostlaşmışdıq. O bağın yiyəsi alim idi, bir kadrda var.
 

- Yəqin ki, çəkiliş vaxtı maraqlı məqamlar olub.

- Arif Quliyev bizi motosikletlə polis şöbəsinə aparır ha, istidə. Onda özü suyu içəndə doğrudan da bizə "yanıx" verirdi. Ramiz Əzizbəyli bunu qəsdən eləmişdi. Bu səhnə iyul ayında günorta saat 3-də çəkildi. Səhərdən bizə su vermirdilər ki, səhnə təbii alınsın.
 

- Deyəsən, bir dəfə Sumqayıta gedəndə sizi Moşu roluna görə döymək istəyiblər.

- Hə, elə şeylər olur. Sumqayıta gedirdim. Keçdim oturdum arxa oturacaqda. Üç-dörd arvad idi, bir kişi. Gördüm bir-birini dümsükləyirlər. Mən də pəncərədən bayıra baxıram guya.
 

- Belə olanda sıxılırsınız?

- Mütləq. Özümü göstərməklə o qədər də aram yoxdur. Avtobusa minəndə qəribə qarşılayırlar. Onda o kişi söydü ki, bu bizim ləhcəni təhqir edir.
 

- Qazax ləhcəsini hardan öyrənmişdiniz?

- Uşaq vaxtı Gəncə tərəfdə yaşamışam. Görünür, ona görədir.
 

- Bu film çəkiləndə 37 yaşınız var idi və üstündən 22 il keçib. Hələ də bu rola görə tanınırsınız. Bu bir aktyor üçün yaxşı hal deyil, məncə.

- Doğrudan yaxşı hal deyil. Mən teatr aktyoruyam. Teatrda Moşudan da güclü rollarım olub. Sadəcə onlar çəkilməyib. Bu filmi də tez-tez verirlər, camaatın beynində həkk olunur. Özüm "Bəxt üzüyü"nə cəmi 3 dəfə baxmışam.
 

- Bir az da ailəniz haqda danışaq. Neçə övladınız var?

- Bir qız, iki oğlan. Övladlarımın ikisi ailəlidir. Böyük oğlum Bakı Dövlət Universitetini bitirib. Bir az da gec evlənmişəm. 32 yaşında. "Subaylıq sultanlıqdır" deyib gəzirdim özümçün. Yoldaşım müəllimədir. Onunla Sumqayıtda işləyəndə tanış olmuşuq. Qayınatam sürücü idi. Qızı mənə vermək istəmirdi, dava-qırğınla evlənmişik.
 

- Niyə?

- Ə, artistə qız verərlər?
 

- Qardaşınız Loğman Kərimov da Əliağa Vahidi oynayıb. Elə bil şair obrazları siz qardaşlar üçün yazılır.

- Şairlər bizə yazılır da. Amma bunun biri "Şairlər şairi"dir. Əsl şairi Loğman oynayır.
 

- Loğman Gənc Tamaşaçılar Teatrında baş rejissor olanda niyə ora gəlmədiniz?

- Əvvəla, Sumqayıtdan çıxmaq fikrim yox idi. Gəlsəydim də "Azdrama"ya gəlmək fikrim var idi.
 

- Prestijə görə?

- Hə də, o teatrları bir tutmaq olmaz axı. "Azdrama" "Azdrama"dır da.
 

- Niyə alınmadı?

- İki dəfə alınan nöqtədə ilişib. 1979-cu ildə rəhmətlik Tofiq Kazımov mənə dedi ki, get ərizəni yaz, çıx işdən, gəl bura. O dahi rejissor idi. İşdən buraxmadılar ki, tamaşaların çoxunda varsan. Bir də 2000-ci ildə Bəxtiyar Vahabzadənin "Dar ağacı" əsəri hazırlanırdı. Rəhmətlik Turabovun icazəsi ilə mənə də rol vermişdilər. İctimai baxışda Hacı İsmayılov oynadı. Nazir müavini Ədalət Vəliyev mənə dedi ki, bu teatra keçmək istəyirsən? Dedim, elə fikrim var. Turabova dedi ki, mən Valehə ştat verməyəcəyəm. O, Sumqayıt teatrında lazımdır və oranı dağıda bilmərik. Əslində məntiqli danışdı. Əgər aktyor "Azdrama"da lazımdırsa, Sumqayıtda bundan çox lazımdır. Fəxri adı da, prezident təqaüdünü də, evi də Sumqayıt Teatrında işləyə-işləyə almışam. Bu 45 ildə heç bir aktyor yoldaşım deyə bilməz ki, Valeh filan məşqə 5 dəqiqə gecikib. Sizinlə görüşəndə də bir saat əvvəldən burdaydım. Xasiyyətim belədir.
 

- "Bir kəndin sevinci" serialına çəkildiniz. Uğursuz da saymaq olmaz, şedevr də deyildi.

- Bu serialların çatışmayan tərəfləri çoxdur.
 

- Nə çatmırdı?

- Tək onda yox, ümumiyyətlə pul verən adam istəyir ki, serial tez bitsin, çox pul xərcləməsin. Amma serial yarımçıqdır, 9 seriyası qalıb. Səbəbin Tahirdən soruşmamışam. Yəqin ki, pula görədir.
 

- Ordan nə qədər qonorar aldınız?

- Nə qədər demişdisə, o qədər də verdi, sağ olsun.
 

- Nə qədər demişdi (israr edirəm)?

- Yox e, deyən deyiləm (gülür). Dünən dostum Nadirlə söhbət edirik. Deyirəm ki, bu qədər seriallara məni dəvət edən yoxdur. Nadir müəllim dedi ki, səni çağırsa, o birindən 15-20 manat artıq verməlidir.
 

- Sənətdə ən yaxın dostunuz kimdir?

- Düzünü deyim ki, sənətdə dostum yoxdur. Amma belə hamıyla münasibətim yaxşıdır.
 

- İndiki seriallardan hansını bəyənirsiniz?

- Seriallara, ümumiyyətlə televizora az baxıram. Amma bir dəfə evdə yoldaşım "Pərvanələrin rəqsi"nı baxırdı. Mən də məcbur oldum baxdım və sonra növbəti seriyasına baxmaq istədim. Ordakı aktyor oyunu, rejissor işi əladır. Çox xoşuma gəldi.
 

- Pedaqoqsunuz həm də...

- 8 ildir Mədəniyyət və İncəsənət Universitetində estrada aktyorluğu fakültəsində dərs deyirəm. Cavanlıqda teatrdan çıxmağa vaxtım olmurdu. Nə kinoya gedə bilirdim, nə dublyaja. Gündüz məşq idi, axşam tamaşa.


- Filmdə çox qəşəng pijamanız var idi...

- O pijamanı mən "Bəxt üzüyü"ndə geyinmişəm, Loğman da "Qəzəlxan" filmində. Başqa bir filmdə də var o geyim. Kinostudiyanın idi.
 

- "Seda" ilə çəkiləndə sıxılmırdınız ki? Çünki o komplekssiz xanımdır...

- Əşşi yox.
 

- Filmdəki uşaqları hardan tapmışdınız?

- Hərəsini bir dərədən tapmışdılar. Amma biri Afaqın oğlu Səmraldır, qaraköynək. Afaq deyir e, "o qaraköynəkliyə bax, qaraköynəkliyə". O uşaqlardan biri az qala dənizdə boğulacaqdı. Çəkiliş gedirdi, uşaqlar lazım deyildi. Girib çimirdilər. Bir də gördük hay-küy düşdü ki, uşaqlar batır.
 

- Həmin uşaqlardan kimisə sonralar görmüsünüz?

- O gün burda bir yoldaş məni saxlayıb görüşür. Deyir ki, "Simuzər" filmindəki nəvəniz Aytacın atasıyam. Uşağı soruşdum. Dedi ki, Aytac indi Amerikada oxuyur. Amma "Bəxt üzüyü"ndəki uşaqları görməmişəm. 1991-ci ildə "Pəncərə" filmi çəkildi. Ötən il Sumqayıtdayam. Bir cavan oğlan mənə yaxınlaşdı ki, sizin oğlunuzam. Dedim, ayə indi moddur, televizorda gündə birinin oğlu çıxır ordan-burdan. Amma mənim "levi" oğlum yoxdur. Dedi ki, "Pəncərə" filmində sizin uşağınızı oynamışam. "Bəxt üzüyü"ndə Hüseynin qızını oynayan uşaq istedadlıydı. Qəribə mənalı gözləri vardı. Ramizin dostunun qızıydı.
 

- Qatıqsatan yadınızdadır?

- O qatıqsatan başdan səy idi. Hər gün gəlib yanımızda dururdu, gül gətirirdi. Ramiz dedi ki, bunu çəkəcəyəm e... Bir banka verdi əlinə ki, elə burda gəz.
 

- Saz çala bilirsiniz?

- Nə saz çalıram, nə də şeir yazıram. Amma oxumağı özüm oxumuşam.
 

Strategiya.az