Astana görüşü: Azərbaycan və Qazaxıstan strateji müttəfiqliyi daha da gücləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm hadisədir.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Politoloq bildirib ki, Astana hava limanında rəsmi və yüksək səviyyəli qarşılanma mərasimi Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı hörmətin və etimadın bariz göstəricisidir. Bu səfər iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
"Prezident İlham Əliyev isə çıxışında Qazaxıstanla əlaqələrin çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını qeyd etdi. O, siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Dövlət başçısı xüsusilə nəqliyyat-logistika əməkdaşlığını, o cümlədən Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin əhəmiyyətini qeyd etdi. Bu təşəbbüslər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev həmçinin Birgə İnvestisiya Fondunun fəaliyyətindən, artan ticarət dövriyyəsindən və birgə iqtisadi layihələrdən danışdı. O, Qazaxıstanın Qarabağın bərpasına verdiyi mənəvi və praktiki dəstəyə görə təşəkkür etdi, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin dostluq simvolu kimi əhəmiyyətini vurğuladı. Bu, iki ölkənin humanitar sahədə əlaqələrinin də strateji xarakter aldığını göstərir."
Bundan başqa, İlham Əliyev enerji sektorunda - həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində - əməkdaşlığın perspektivlərindən danışaraq, Xəzərin dibi ilə elektrik kabeli layihəsini gələcək regional inteqrasiyanın mühüm mərhələsi kimi qiymətləndirdi."
A.Qarayev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın ikinci iclası Azərbaycan və Qazaxıstan arasında tam miqyaslı strateji müttəfiqliyin dərinləşməsinə xidmət edən platforma rolunu oynadı.
Burada yalnız siyasi münasibətlər deyil, həm də iqtisadi, mədəni, humanitar və enerji sahələrində konkret layihələr müzakirə olundu. Hər iki liderin çıxışları göstərdi ki, Bakı və Astana bir-birini regional sabitlik və inkişafın əsas tərəfdaşı kimi görür. Bundan əlavə, tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinə, türk dünyasının iqtisadi və mədəni inteqrasiyasının sürətləndirilməsinə xüsusi önəm verdilər."
A.Qarayev bildirib ki, Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi.
"Bu görüş təkcə iki dövlətin qarşılıqlı əlaqələrinin dərinləşməsi baxımından deyil, həm də türk dünyasında inteqrasiya proseslərinin möhkəmlənməsi kontekstində mühüm siyasi və tarixi əhəmiyyət kəsb edir. Astanada keçirilən bu görüş, mahiyyətcə, Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsinə keçidini simvolizə edir. Hər iki liderin çıxışlarında səslənən fikirlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq təkcə ikitərəfli deyil, regional və beynəlxalq miqyasda strateji xarakter daşıyır. Bu iclas həm dostluq və etimadın, həm də birgə gələcəyə yönəlmiş siyasi iradənin bariz təzahürü kimi tarixə düşdü."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре