Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir. 

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb:

"İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir".

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait təmin edilib.

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda "Sumgait Innovation Hub", 2025-ci ildə isə "Andersen Lab", Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.