Qrim ustası: "Bu barədə heç düşünməmişəm" Day.Az представляет новость на азербайджанском языке.

Qrim ustası Sergey Qədirov: "Alqış sədalarında bizim də payımız var"

Teatr dekorativ kütləvi sənət növüdür. Bir əsərin səhnəyə qoyulması üçün 200 nəfərlik heyət 6-7 ay usanmadan çalışır. Amma tamaşaçı səhnədə aktyoru görür və onların ifasında rejissorun işi ilə tanış olur.

Yəni tamaşanın əsas siması, onun xeyrini görənlər aktyorlardır və bir növ digər çalışanların əməyini "istismar" edirlər.

Pərdə arxasında qalanlardan biri - Dövlət Gənc Tamaşaçılar Teatrının qrim sexinin rəisi, tanınmış qrim ustası Sergey Qədirovla çalışdığı teatrda görüşüb söhbət etdik. Teatra olan sevgisindən, sənətə gəlişindən həvəslə söz açan usta danışdıqca sanki bir hekayə dinləyirsən.

Yeri gəlmişkən, Sergey Qədirovun ruslarla heç bir əlaqəsi yoxdur, sadəcə, atası oğluna rus millətindən olan yaxın dostunun adını qoyub...

Qədirov Sergey Xanlar oğlu 1960-cı ildə Qərbi Azərbaycanda anadan olub. Ermənistanda 1968-ci ildə zəlzələ baş verəndən sonra ailəliklə Bakıya köçüblər. Həmin dövrdən Mehdiabad qəsəbəsində yaşayan Sergey orta məktəbi burada bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetinin "mədəni-maarif" fakültəsinə qəbul olunub və 5 il sonra "Özfəaliyyət teatr kollektivinin rəhbəri" diplomu ilə ali təhsilini başa vurub.

- Qrim rəssamlığa bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir.

Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur. Saç və hörüklərin düzəldilməsi ilə məşğul olan qrim ustaları postijor adlanır. Bu iş çoxlu səbir və səliqəlilik tələb edir. Onlar kiçik ilmələr vasitəsilə tüldən hazırlanmış xüsusi maketlər üzərində lazım olan ölçülərdə hörüklər, saqqal və s. hazırlayırlar. İlk olaraq tamaşada aktyorun obrazının eskizi hazırlanır. Bu eskiz əsasında biz qrimləri hazırlayırıq. Daxili baxışdan əvvəl qrimlər yoxlamadan keçir. Qrimin hazırlanmasına, həvəsdən və səbirdən asılı olaraq, iki-üç gün vaxt gedir. Bizim işimiz uzun prosesdir. Təsəvvür edin ki, bir tamaşa üçün neçə qrim hazırlanmalıdır.

- Qrim sənətinə maraq sizdə haradan yarandı?

- Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunandan sonra Gənc Tamaşaçılar Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başladım. Mənim də ustam Hafiz Dadaşov idi, Allah onun canını sağ eləsin. Yəni məşhur Hafiz dayının şagirdi olmuşam. Tərifləmək olmasın, Hafiz dayı mənə elə ilk gündən deyirdi ki, səndən yaxşı səhnə maşinisti çıxacaq. Həqiqətən də səhnəyə tərtibat vermək işinə çox həvəs göstərirdim. Elə oldu ki, Gənc Tamaşaçılar Teatrının binasını söküb təzədən tikdilər. O dövrdə biz Aktyor Evində yerləşdik. Teatrda qrim ustası çatışmırdı, təkcə rəhmətlik Sara Əlizadə aktyorların qrimi ilə məşğul olurdu.

- Ümumiyyətlə, Azərbaycanda qrim ustası az olub, nədənsə bu sənətə az maraq göstəriblər?

- Bəli, o dövrdə az idi. İndi eşitdiyimə görə, Mədəniyyət və İncəsənət Universitetində "Qrim" fakültəsi açılıb. Amma orada təhsil alanlar da sonradan bu peşənin arxasınca getmirlər. Bizim dövrdə qrim ustasını yetişdirən məktəb yox idi. Mən elə gənc yaşlarımdan bərbərliyi yaxşı bacarırdım. Teatrda da çox vaxt tay-tuş aktyorlar saçlarını mənə düzəltdirirdilər. Bunu biləndən sonra teatrın o dövrdəki direktoru rəhmətlik Kamal Əzizov saçını düzəldəndə mənə bu təklifi etdi ki, qrim sexinə keçim. Mən də etiraz etmədim. Əvvəlcə Kamal müəllim dedi ki, gəl səni göndərək Odessaya, orada ikiillik peşə məktəbi var, orada qrim eləməyi yaxşı öyrədirlər. Mən Odessaya getmədim. Çünki artıq Mədəniyyət və İncəsənət Universitetində əyani təhsil alırdım, həm də yenicə ailə qurmuşdum. Odur ki, Odessaya getməkdən imtina etdim. Məni "Azərbaycanfilm" kinostudiyasına 6 aylıq təlim kursuna göndərdilər. Kinostudiyada qocaman qrim ustası Elbrus Vahidovdan bu sənətin sirlərini öyrəndim. Azərbaycanda, demək olar ki, bir çox qrim ustasını o yetişdirib.

- Qrim ustası kimi ilk dəfə hansı tamaşada işləmisiniz?

- Bu çoxdan olub, 1986-cı ildə qrim ustalığına başlamışam. Bayaq dediyim kimi, biz onda Aktyorlar Evində fəaliyyət göstərirdik. İlk dəfə "Hacı Qənbər" tamaşasında aktyorları qrim etmişəm. Ondan sonra "Yazığam, sevmə məni" tamaşasında Firəngiz Şərifova üçün burun düzəltməyim yadıma gəlir. Firəngiz xanımın qəşəng balaca burnu var, amma o istədi ki, rol xarakterik olduğu üçün əyri burnu olsun. Mən bu teatrda kimləri qrim eləməmişəm? Rəhmətlik Süleyman Ələsgərov, Gülşən Qurbanovanı qrim eləmək çox rahat idi. Gülşən xanımla çox yaxın dost idik, onun qrimlənməsi əməlli-başlı bir komediya tamaşası idi. Adamı o qədər güldürürdü ki, qrimlənməsi uzun çəkirdi. Yasin Qarayevin bığ-saqqalını indi də mən hazırlayıram.

- Hansı aktyorlar sizə güzgü qarşısında daha çox əziyyət verib, kimlər şıltaqlıq edirdi?

- Eh, ondan heç danışma, amma adlarını çəkməyəcəyəm. Aktyor var ki, sanki bizə əziyyət verməyi əvvəlcədən planlaşdırırdı, bundan zövq alırdı. Daha çox aktrisalar şıltaqlıq edirlər, bu da təbiidir, çünki obrazın çatdırılmasında qrimin də böyük rolu var. Aktyorlar obrazların şıltaqlağına dözdükləri kimi biz də onlara dözürük.

- Hansı obraz, aktyor olub ki, o işi heç vaxt unutmursunuz?

- Bilirsinizmi, gənclik illərində mənə bu iş daha cazibədar gəlirdi. Amma indi bu iş mənim üçün adi gündəlik işdir. Gəncliyimdə bu iş mənə qeyri-adi görünürdü. Bir neçə il əvvəl Nicat Kazımov Haqverdiyevin "Pəri cadu" tamaşasını hazırlayanda Sevinc Mehrəliyeva ilə Naibə Allahverdiyeva "Şamama cadu"nu oynayırdılar. Onların qrimləri qeyri-adi alınıb. Bu obrazın guya üzü yanıb, gözləri çıxıb sallanır. Yəni o cür gözəl aktrisalarımızı çox eybəcər hala salmışdıq.

- Belə bir deyim var ki, insanın bir sifəti olmalıdır. Aktyorları qrim etdikcə içinizdə fəlsəfi anlamda qəribə təəssürat yaranmır ki, insan sifəti necə olur birdən-birə tez dəyişir?

- Bilirsinizmi, bu barədə heç düşünməmişəm. Çünki bütün diqqətim qrimin əla alınmasına yönəlir. İkincisi də, aktyorların üzləri tamaşada oynadıqları üçün obrazın daha dolğun çatdırılması mənasında texniki olaraq dəyişir. Amma həqiqətən də bizim işimiz çox maraqlıdır. Bəzən elə olur ki, sərt xasiyyətli bir aktyora elə həlim sima veririk ki, özümüzə də maraqlı gəlir. Bu gün qrim sadələşib, fırça ilə üzə xarakter vermək olur. Amma əvvəllər aktyor çox qrimlənirdi, bəzən burun qoyulurdu, bəzən alnı formaya salınırdı...

- Bayaq adlı-sanlı aktyorların adlarını çəkdiniz. Yəqin ki, onlarla bağlı sizin də maraqlı xatirələriniz var. Hər halda bu qrim otağında çoxlu belə maraqlı əhvalatlar yaşanıb.

- Gənc vaxtlarım idi. Teatrımızın aktyoru Rafiq Hüseynovu, yəqin ki, tanıyırsınız. O, qalın bığ saxlamağı xoşlayır. Amma nədənsə bir müddət elə oldu ki, bığını qırxdırdı. Ona görə də biz ona bığ düzəltdik. Səhv eləmirəmsə, "Hacı Qənbər" tamaşasında Rafiq Hüseynov Əşrəf rolunu oynayırdı. Bir neçə dəfə o bizim düzəltdiyimiz bığla səhnəyə çıxdı. Bir dəfə də tamaşadan sonra gördüm ki, bığı gətirib qaytarmır. Ona görə də gəlib özüm bığı dartıb qoparmaq istədim. Bir az da zarafatımız vardı. Baxdım ki, bığ qopmur, lap bərk dartdım. Qışqırdı ki, neynirsən, öz bığımdır... Hələ əsəbləşdi də. Sən demə, bığını qırxdırmayıb, səhnəyə də öz bığı ilə çıxıb, mən də diqqət etməmişəm.

- Uzun illər səhnə quraşdırıcısı işləmisiniz. Heç quraşdırdığınız səhnədə aktyorluq etmək arzusu içinizdən keçibmi?

- Mən aktyor kimi də səhnəyə çıxmışam. Rafiq Hüseynov "Gəl qohum olaq" tamaşasını hazırlamışdı. Və bu tamaşa ilə biz rayonlardan birinə qastrola getmişdik. Mən də onlarla birlikdə getmişdim. Mən həm işıqçıydım, həm qrim edirdim, həm səhnə quraşdırırdım, həm də səs rejissorluğunu edirdim. Rafiq Hüseynov özü də bu tamaşada Camal rolunda oynayırdı. Kiçik həcmli tamaşa olduğu üçün texniki heyətdən yalnız məni göndərirdilər ki, büdcəyə ziyan dəyməsin. Həm də bilirdilər ki, mən bu işləri bacarıram. Nə isə elə oldu ki, Rafiq müəllim tamaşaların birində xəstələndi, səhnəyə çıxa bilmədi. Bu tamaşaya o qədər baxmışdım ki, bütün mətnini əzbər bilirdim. Məcbur olub Camal rolunu da mən oynadım.

- Ondan sonra sizə yenidən səhnəyə çıxmaq təklif olunmadı ki?

- Aktyorluq, həqiqətən, mənlik deyil... Əslində mən Mədəniyyət və İncəsənət Universitetinə aktyor olmaq həvəsi ilə qəbul olunmuşdum. Elə teatrda fəhlə kim işə düzəlməyimin də əsas səbəbi aktyor olmaq idi. Mənə elə gəlir ki, teatra çalışmağa gələnlərin böyük əksəriyyətinin içində aktyor olmaq arzusu olur. Gəlib bu işin çətinliyini görənlər onu bacarmayacağını başa düşüb geri çəkilirlər. Kənardan baxana asan görünə bilər ki, əşi, nə var e burada, sözü əzbərləyib səhnəyə çıxırsan. Mən də bu sənətin çətinliyinin qarşısında öz gücsüzlüyümü başa düşüb geri çəkildim. Amma onu da deyim ki, aktyor olmaq arzusu mənim sonradan qrim ustası olmağıma səbəb oldu.

- Bəzən səhnədə aktyorun pariki, bığı-saqqalı da düşür. Bunun səbəbi qrim ustasının səhlənkarlığıdır, yoxsa aktyorun şıltaqlığı?

- Bilirsinizmi, mən az da olsa, kinoda da çalışmışam. Orada belədir ki, bir kadr çəkiləndən sonra aktyorun bığı-saqqalı yoxlanılır, nöqsanlar aradan qaldırılır. Amma teatr canlı sənətdir, çox vaxt tamaşa uzun çəkir, projektorların işığı aktyoru tərlədir, bu da bığın, saqqalın düşməsinə səbəb olur. Akytorlar var ki, tez tərlədiyinə görə bığın kleylənməsini istəmir, mən o zaman şpilka ilə burnunun içinə taxıram.

- Kinoda işləmək maraqlıdır, yoxsa teatrda?

- Mənim üçün teatr daha maraqlıdır.

- Sizin peşəni teatrdan kənarda da işlətmək olurmu? Misal üçün, xristian ölkələrində ölünü basdırmazdan əvvəl onu xüsusi qrimləyirlər. Bəzən olur ki, bir ölünü 5-6 nəfər qrim edir...

- Ölünü qrim etməyə çağırmayıblar. Amma bir dəfə dostumun biri dedi ki, bir nəfər ölüb, onun üzünü qırxıb qrim eləmək lazımdır. Sözün düzü, o vaxta qədər ölü görməmişdim deyə qorxdum, getmədim. Yaxşı da pul verirdilər. Amma bir neçə dəfə keçəl adamlar üçün parik düzəltmişəm. Onda indiki kimi parik, şinyon tapmaq qeyri-mümkün idi. İndi hər yerdə tapılır. Onda yadıma gəlir ki, birini 120 rubla düzəldirdim.

- Tamaşanın uğurlu alınmasında qrim ustasının da payı var. Amma həmişə aktyorlar və quruluşçu rejissorun adı çəkilir. Kölgədə qalmağınız onlara qarşı qısqanclıq yaratmır ki?

- Heç vaxt bu barədə düşünməmişəm. Bir tamaşa üçün bir dəfə əziyyət çəkirik, amma aktyorlar hər dəfə... İkincisi də, hər kəs aktyorun simasına baxdıqca obrazın onun üzünə doğru yerləşdirilməsini gördükcə, bizim işi də alqışlayırlar. Düşünürəm ki, alqış sədalarında təkcə aktyorların yox, bizim də payımız var.

/Ekspress.az/