Əliqismət Lalayev: "Aktyorlar uşaq kimi dəcəl və cığaldırlar"

Day.Az представляет интервью на азербайджанском языке.

Musiqili Komediya Teatrımızın tarixi 1910-cu ildən, həmin il səhnəyə qoyulan məşhur "Ər və arvad" tamaşasından başlayır. Artıq 114 yaşı olan bu teatr iki ildir ki, mövsümü "Ər və arvad"la açır və qapayır.

Son iki ildə təmirə bağlanan, amma fəaliyyətinə fasilə verməyən "Muzkomediya" təmirdən adından "komediya" sözünü atıb Musiqili Teatr kimi qayıtdı. Düzdür, bu addəyişmə teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Amma teatrın kollektivi doğma səhnə üçün bərk darıxmışdı, həm də yeni ad geniş imkanlar, perspektivlər vəd edirdi...

Musiqili Teatrın direktoru, tanınmış incəsənət xadimi Əliqismət Lalayevlə söhbətimizə məşhur teatrımızın keçmişini yada salmaqla başladıq.

- Teatrımızınn tarixi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı olaraq başlayır. Müəyyən dövrdə teatr bağlanıb, bəzi zamanlarda truppa şəklində fəaliyyət göstərib və sonradan öz fəaliyyətini yenidən bərpa edib. Ancaq nə olur-olsun teatrın tarixi 1910-cu ildən başlayır. Onu da xüsusilə qeyd edim ki, Musiqili Komediya Teatrının adının dəyişilməsi birbaşa dövrün, zamanın tələbidir. Və bu dəyişiklik teatrımızın qarşısında perspektivlər açılmasına geniş şərait yaratdı. Məsələn, indiyə qədər biz çərçivədən çıxa bilmir, sadəcə musiqili komediya janrında tamaşalar hazırlayırdıq - buna məhkumduq. Ciddi mövzulu tamaşalar oynamaq çətin olurdu və bu, tamaşaçılar tərəfindən qəbul olunmurdu. "Musiqili Komediya teatrı niyə ciddi tamaşalar hazırlasın ki" kimi suallar ortaya çıxırdı. Artıq bu suallar yoxdur, çünki teatrımız artıq Musiqili Teatr olaraq fəaliyyətinə start götürüb. Artıq hər bir janrda tamaşalar hazırlaya bilərik. Yeri gəlmişkən, Rusiyanın ən qabaqcıl teatrlarından biri olan Sverdlovsk Dövlət Musiqili Komediya Teatrı ilə artıq uzun zamandır ki, dostluq bağlarımız var. Bu teatrın 80 yaşı var. Təsəvvür edin ki, həmin teatrda Yekaterina haqqında çox gözəl, ciddi janrda bir tamaşa hazırlanmışdı və bu tamaşa hamı tərəfindən qəbul olunurdu. Yəni, Musiqili Komediya Teatrı ciddi janra da müraciət edə bilər. Bu onların tamaşaçılarının fikridir, onlar qəbul edir, ancaq bizim tamaşaçı başqadır. Bizim tamaşaçı deyəcək ki, "biz pul verib əylənməyə gəlmişik, niyə bizi ağladıb yola salırsınız?" Artıq teatrmızın tamaşaçısı fərqli düşünəcək.

- Yəni, teatrınız sadəcə, əyləncəli və musiqili tamaşalarla deyil, bütün janrlara müraciət etməklə tamaşaçısının qarşısına çıxacaq...

- Hər tamaşaçı istəyinə görə olan janrlarda tamaşalara baxmaq imkanı qazanacaq. Qoqolun "Evlənmə" əsərini fərqli formada tamaşaya hazırladıq, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görüldü. Bildiyiniz kimi, "Zirvə" bizim teatr işçiləri üçün "Oskar" mükafatı dəyərindədir. M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" əsəri də fərqli formada səhnə üşün hazırlandı. Bütün janrların qapısı üzümüzə açıqdır və seçim edərkən Musiqili Teatrın qazanacağı uğuru əsas götürürük. Bu da o deməkdir ki, Musiqili Teatr sadəcə məişət komediyaları, məzhəkələr, bir sözlə, əyləncə xarakteri daşıyan tamaşalar deyil, eyni zamanda düşündürücü əsərlərə də geniş yer verir.

- Qərar vermək asan, işi görməksə çətindir. İşin öhdəsindən gəlmək üçün konkret hansı addımları atdınız?

- Əlbəttə, bu, o qədər asan məsələ deyil. Birdən-birə bütün janrlara müraciət etmək üçün hazırlıqlı olmaq lazımdır. Daim musiqili komediya janrlarında səhnəyə çıxan aktyorlar artıq ciddi janrlarda, dramatik rollarda tamaşaçıların qarşısına çıxacaqlar. Aktyorlar özlərini dramatik rollarda sınamalıdırlar. Bu baxımdan tədricən həm yaradıcı heyəti, həm də tamaşaçıları yeni situasiyaya hazırlamağa çalışırıq. Əvvəlki kimi yenə də orkestr, xor, balet vasitəsilə ən möhtəşəm tamaşaları hazırlayacağıq və əlbəttə ki, digər janrlar da hər zaman diqqətimizdə dayanacaq. Tədricən, zamanla bütün bunlara tam nail olacağıq.

- Bütün bu dəyişikliklər rus bölməsi üçün də keçərlidir?

- Əlbəttə. Artıq rus bölməsində janr dəyişikliyi özünü göstərir, "Silva" əsəri üzərində çox ciddi hazırlıq işləri gedir. Yəni, uğurlarımız var. Teatr planlı sənət deyil. Biz istəsək də, istəməsək də, yaradıcılıq bir az plandan uzaq qalır.

- Sizcə, Musiqili Komediya teatrının tamaşaçıları Musiqili Teatrın ciddi janrlarda hazırladığı tamaşalara maraq göstərəcəklərmi?

- Teatrımız hər zaman aktyorları ilə məşhur olub. Həmin aktyorların adları teatr tariximizə yazılıb. Sevilən aktyorlar sırasında teatrımızın aktyorları xüsusilə seçilib. Tutaq ki, gənc nəsil milli teatrın ən böyük aktyorunu, hətta SSRİ xalq artistini tanımaya bilər, ancaq Nəsibə Zeynalovanı, Lütfəli Abdullayevi, Münəvvər Kələntərlini, Bəşir Səfəroğlunu, Hacıbaba Bağırovu və başqalarını xalqımız heç bir zaman unutmayacaq. Doğrudur, zaman-zaman zəif tamaşalar da olub, ancaq tamaşaçı zəif tamaşanı belə böyük həvəslə təqdim edən o aktyorları hər zaman böyük sevgiylə xatırlayacaq. Və həmin sənətkarların davamçıları olan aktyorlar var ki, tamaşaçılar indi məhz onlar üçün teatra gəlirlər. Afaq Bəşirqızı, İlham Namiq Kamal, Novruz Qartal, Fatma Mahmudova, Çingiz Əhmədov və digərləri məhz həmin sevgini qoruyurlar. Adlarını çəkdiyim aktyorların hər birinin öz tamaşaçı auditoriyası var - bütün bunlar ümumilikdə Musiqli Teatrın fəaliyyətinə öz müsbət təsirini göstərir.

- Musiqili Teatrın qapısı həmişə gənclərin üzünə açıq olub. Yeni nəsil ümidvericidir?

- Hər bir teatrda gəncliyə meydan verilməlidir ki, bu da qaçılmazdır. Əlbəttə ki, yeni nəslə böyük ehtiyac var. Məhz bu səbəblə biz teatr olaraq hər il iki müsabiqə keçirir, böyük bir komissiya və mütəxəssislərin iştirakı ilə sənədlərini vermiş gənc nəslin sənət qabiliyyətini yoxlayaraq onların arasından seçimlər edirik. Müsabiqədə yüzlərlə namizəd iştirak etsə də, onlar arasından sadəcə 2-3 nəfər seçilir. Ən istedadlı gənclərə üstünlük veririk.

Digər teatrlardan fərqli olaraq Musiqili Teatrda çalışanın aktyorluq qabiliyyəti ilə yanaşı, çox gözəl səsi, səhnə plastikası olmalıdır. Bir sözlə, hərtərəfli qabiliyyətə malik olmalıdır ki, teatrımızın tələblərinə cavab verə bilsin.

- Sizcə, gənc nəsil məsuliyyətlidirmi?

- Ümumiyyətlə götürdükdə, hər dövrdə sənətə məsuliyyətli və məsuliyyətsiz yanaşma olub. Məsələn, bir zamanlar tələbəsi olduğum İncəsənət Universitetinin hazırda dosentiyəm. Bizim dövrdə elə tələbələr var idi ki, bütün gününü Axundov kitabxanasında və Tədris Teatrında keçirirdilər. Ancaq elələri də var idi ki, həftədə bir dəfə dərsə gəlirdilər. Yəni, dövr dəyişsə də, işinə olan məsuliyyət, üzərinə düşən vəzifə borcu kimi dəyərlərə önəm verən və verməyən insanlar olur. Məsuliyyət hissinin zamanla bir əlaqəsi yoxdur. Bu, sənətə olan sevgiyə bağlıdır. Əgər sənətə sevgin varsa, özünü bu sənətdə görürsənsə, sənətdə söz demək istəyirsənsə və əlbəttə ki, qarşına məqsəd qoymusansa, o zaman məsuliyyət hissi bir an olsun səni tərk etməyəcək. Qeyd edim ki, İncəsənət Universitetində Rejissorluq fakültəsinin II kursuna dərs deyirəm. Həmin tələbələrin bəxti onda gətirib ki, bütün günü Musiqili Teatrda olurlar, sənəti canlı şəkildə izləyirlər, hətta əksəriyyəti artıq teatrımızın aktyorları sayılır. Düşünürəm ki, bu tələbələr sənətə məsuliyyətlə yanaşsalar, çox böyük uğurlara imza atacaqlar.

- Sərt rejimlə, cəzalandırmaqla yaradıcı insan olan aktyora məsuliyyət hissini aşılamaq olarmı?

- İş həyatında sərt rejim tərəfindəyəm. Ümumiyyətlə, işdə sərt rejim olmalıdır. Şəxsən mən direktor olaraq məsuliyyətsiz hər hansı bir məqamın qarşısını almaq üçün müəyyən bir tədbirin görülməsi fikrindəyəm.

- Deməli, məsuliyyətsizliyə qarşı cəza tədbirləriniz var?

- Mütləq var. Məsələn, töhmət verilir, işdən qovulma halları ola bilər, kolektivin müzakirəsinə verilə bilər, maaşdan kəsilir və düşünürəm ki, bunlar vacibdir. Təsəvvür edin ki, 400 nəfərlik kollektivdir. Evdə 6-7 nəfərlik ailə üzvlərini idarə etmək necə böyük məsuliyyətdirsə, 400 nəfərlik kollektivi idarə etmək qat-qat məsuliyyətlidir. Aktyorlar həssas olurlar, onların hər birinə uşaq kimi yanaşmaq lazım gəlir. Çünki aktyorlar uşaq kimi dəcəl, uşaq kimi cığaldırlar, bunlar aktyorların təbiətində var.

- Siz aktyorların təbiətinə rejissor kimi çalışdığınız zamanlardan yaxşı bələdsiniz. Odur ki, onlarla dil tapmaq sizə çətin olmaz...

- 10 ilə yaxın Naxçıvan Teatrında çalışmışam. Hər dövrün öz çətinlikləri olur və çətinliklər Naxçıvan Teatrından da yan keçmirdi. Rejissor kimi o qədər demişəm ki, "kaş bunu edəydilər, kaş filan məsələni həll edəydilər" və s. Artıq direktor kimi istəmirəm ki, aktyorlar, rejissorlar belə çətinliklərlə üzləşsinlər. Qoy onlar yaradıclıqla məşğul olsunlar. Çalışıram ki, onların mövcud problemlərini həll edim ki, yalnız yaradıcılıq haqqında düşünsünlər.

- Yeri gəlmişkən, rejissorluqdan dərs desəniz də, uzun illərdir rejissor kimi fəaliyyətinizi sanki dondurmusunuz...

- Bir zamanlar rejissura ilə məşğul olduğuma və əlbəttə ki, hazırda rejissorluq fakültəsində dərs dediyimə görə, bu sənətin bütün incəliklərini bilirəm və məhz bu səbəbdən buna çox böyük bir iş kimi baxıram. Rəhmətlik teatrşünas, müəllimimiz Cabir Səfərov həmişə dərslərində deyərdi ki, "Əsrimiz rejissor və kosmos əsridir". Söhbət ötən əsrin 70-ci illərindən gedir, o illərdə kosmosa olan maraq çox güclü idi. Kosmos haqqındakı arzular çox əlçatmaz görünürdü. Ancaq illər keçdikcə kosmos məsələsi də bir qədər adiləşdi, hətta artıq kosmos haqqında düşünən və danışan belə yoxdur. Kosmos da sıradan çıxdı, əsrimiz sadəcə rejissor əsridir. Rejissor işi heç bir vaxt adiləşməz. Çünki əsl rejissor hər gün qarşılaşdığımız hadisələri səhnədə hazırlayıb bizlərə təqdim edir. Və hər birimiz səhnədə gördüyümüzü xatırlayırıq ki, nəticədə də yaxşı mənada həyəcanlanırıq. Rejissor əgər səhnələşdirdiyi tamaşa ilə tamaşaçını həyəcanlandıra bilmirsə, o zaman rejissorluqdan söhbət gedə bilməz.

1989-cu ildən bu yana rejissor kimi hər hansı bir əsərə quruluş verməmişəm. Doğrudur, filarmoniyada çalışdığım zaman Bəsti Cəfərova ilə bir tamaşa üzərində - "Bir qadının taleyi" adlı maraqlı bir əsər üzərində işlədik. Əslində tamaşa alınırdı, ancaq tamaşanı təhvil verdiyim məqamda Mədəniyyət Nazirliyində İncəsənət baş idarəsində fəaliyyətə başladım və yeni iş, səfərlər, bir sözlə, o qədər qaynar iş rejimində çalışdım ki, nəticədə də tamaşa yarımçıq qaldı. Ostrovskinin belə bir sözü var: "Əgər yazmaya bilərsənsə, yazma". Bu sözü rejissuraya da şamil edirəm. Əgər hər hansı bir əsəri tamaşaya hazırlamaya bilərsənsə, o zaman hazırlama. Hazırda iç dünyamı düşündürən, məni mövzu olaraq narahat edən elə bir hissə malik deyiləm...

ekspress.az