Dilarə Əliyeva: "O məni qısqanmır" - FOTO

Day.Az представляет интервью на азербайджанском языке.

Tanınmış aktrisa Dilarə Əliyevanın Milli.Az-a müsahibəsi.

- Necə oldu ki, aktrisalığı seçdiniz?

- Mən, əslində, alman dili mütəxəssisi olmaq istəyirdim. Amma 10-cu sinifdə oxuyarkən müəllimlərim mənə dedilər ki, səndən yaxşı aktrisa olar. Hətta məktəbin bütün tədbirlərində mənə müxtəlif rollar həvalə edirdilər. Orta məktəbi bitirəndən sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Hələ birinci kursda oxuyarkən rejissorlar mənə "Leyli və Məcnun" filmində baş rollardan birini, Leylini təklif etdilər. Bilirdim ki, evdəkilər filmə çəkilməyimə razılıq verməyəcəklər. Ona görə də həmin təklifi qəbul etmədim. Müəyyən müddətdən sonra atama dedim ki, mənə belə bir təklif olunmuşdu, lakin razılaşmadım. O buna görə məni çox qınadı və dedi ki, çox istərdim ki, səni Leyli rolunda görüm. Elə bilirdim ki, artıq gecdir. Çünki mənim yerimə başqa bir qızı çəkirdilər. Hər ehtimala qarşı mənə bu rolu təklif edən rejissora atamın razılıq verdiyini dedim. Baxmayaraq ki, filmin çəkilişləri artıq başlanmışdı, ancaq onlar həmin qızla vidalaşıb bu rolu mənə həvalə etdilər. Beləliklə, 18 yaşımda olarkən Leyli roluna çəkildim.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Universitet illərindən tanışıq. Onu da deyim ki, mən birinci kursda oxuyarkən o artıq oranı bitirmək üzrə idi.

- Yoldaşınız sizi qısqanır?

- O məni qısqanmır. Bəlkə də, qısqanır, amma mən bu vaxta qədər bunu hiss etməmişəm.

- Bəs siz necə, onu qısqanırsınız?

- Qətiyyən. Çünki buna əsaslı bir səbəb yoxdur. Onsuz da biz, demək olar ki, günün çox hissəsini bir yerdə oluruq.

- Yoldaşınız sizə tez-tez nəyi irad tutur?

- Bəzən deyir ki, filan şeyi daha yaxşı edə bilərdin, filan yerdə filan şeyi elə yox, belə edərdin və s. Onunla razılaşmadığım məqamlar olur, lakin sonra baxıb görürəm ki, o, düz deyirmiş, gərək onun dediyi ilə gedərdim.

- Sizi nə yorur?

- Məni bir insana eyni sözü bir neçə dəfə təkrarlamaq çox yorur. Bir də axır zamanlar hiss edirəm ki, eyni işi görmək də mənə yorucu gəlir.

- İllər sizdə nəyi dəyişdirib?

- Çox şeyi dəyişdirib. Xarakterimdə fərqlilik yaranıb. Məsələn, əvvəllər aqressiv deyildim. İndi acı bir söz mənim qəlbimə tez dəyir, tez inciyirəm, dərhal reaksiya göstərirəm və s. Amma onu da deyim ki, kinli insan deyiləm.

- Geyim tərzinizi özünüz müəyyən edirsiniz?

- Bəli, seçimimi özüm edirəm. Lakin ətrafımdakı insanlardan da məsləhət alıram.

- Geyiminizdə açıq-saçıqlıq sezilir?

- Sizin fikrinizcə, mən açıq-saçıq geyinirəm ki? (gülür). Əslində, düşünmürəm ki, artıq dərəcədə sezilir. Amma bəzən özümə efirdə baxanda fərqinə varıram ki, sən demə, geyindiyim libas qısa imiş, mənə o qədər də yaraşmırmış və s.

- Üzünüzdə nəyi dəyişmək istərdiniz?

- Mən bu vaxta qədər plastik əməliyyatdan istifadə etməmişəm. Hələ ki, etmək fikrində deyiləm. Çünki tamaşaçılar məni illərdir bu sima ilə görüblər. Onların qarşısına başqa simayla çıxmaq istəmirəm. Amma burnumda müəyyən dəyişiklik etmək istərdim.

- Hansı insanlarla söhbətiniz tutur?

- Əsasən yaradıcı insanlarla, xüsusən də öz işinin peşəkarı olanlarla. Bir də rəssamlar mənim üçün maraqlı insanlardır. Onların əl işlərinə böyük marağım var.

- Həyatınızda elə bir hadisə olubmu ki, hələ də onun təsirindən ayılmamısınız?

- Olubsa da, mən ona əhəmiyyət verməmişəm. Çünki mən kinli, hər şeyi özümə dərd edən insan deyiləm. Depressiyaya düşməmək üçün həyatımda baş verən neqativ halları tez unutmağa çalışıram.

- Hal-hazırda nəyin fikrini çəkirsiniz?

- Şükürlər olsun ki, elə bir sıxıntım yoxdur. Ancaq ailəmin, uşaqlarımın, əzizlərimin can sağlığını istəyirəm.

- Dincəlmək üçün hansı vasitələrə əl atırsınız?

- Yayda ailəvi gedib uzun müddət Türkiyədə qalırıq.