Prezident İlham Əliyev Xankəndidəki III Şuşa Qlobal Media Forumunda çox mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi - Azər Qarayev

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu öz miqyası, mövzu aktuallığı və yüksək səviyyəli iştirakçıları ilə bu il də xüsusi diqqət çəkdi. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri isə Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirakı və media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırması oldu. Dövlət başçısı bir sıra mühüm məsələlərə toxunaraq, süni intellekt dövründə medianın rolu, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə, Ermənistanla sülh prosesi və digər mövzuları ətraflı şərh etdi. Onun çıxışı, ölkənin media siyasətində şəffaflıq və dialoqa verdiyi önəmin bariz nümunəsi kimi yadda qaldı və bütün dünya mediasının diqqət mərkəzində oldu.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyev sualları cavablandırarkən çox mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət ayırdı. Onun sözlərinə görə, bu dəhliz sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fiziki bağlantıdan ibarət deyil. Azərbaycanın bu sahədə gördüyü işlər - Bakı limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, gömrük sisteminin rəqəmsallaşdırılması - ölkənin nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardır. Zəngəzur dəhlizinin işə düşməsi həm Şimal-Cənub, həm də Şərq-Qərb marşrutlarının yeni istiqamətlərini formalaşdıracaq. Zəngəzur dəhlizi eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri üçün strateji birləşdirici halqadır. Bu dəhliz reallaşarsa, Orta Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstan, daha qısa və təhlükəsiz yolla Türkiyəyə, oradan da Avropa bazarlarına çıxış əldə edəcəklər. Eyni zamanda, bu marşrut Xəzər regionunun inteqrasiyasını gücləndirəcək və iqtisadi əməkdaşlığın yeni mərhələsini açacaq", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın gələcək inkişaf strategiyası və regional əməkdaşlıq mövzularında açıqlamaları mühüm mesajlar daşıyırdı.
"Prezident İlham Əliyev Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, geniş regional miqyasda - Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında körpü rolunu gücləndirməyi hədəflədiyini vurğulayıb. Əsas prioritetlər sırasında Azərbaycanın artıq faydalı qazıntılar sektorundan kənara çıxaraq, informasiya texnologiyaları və süni intellekt sahəsində qabaqcıl texnologiyalarla işləməsi önə çəkilir. Eyni zamanda, regional inteqrasiya və infrastruktur layihələri ölkənin inkişaf planlarında xüsusi yer tutur. Prezident İlham Əliyev bildirib ki, tranzit gəlirləri vacib olsa da, əsas məqsəd tranzit marşrutları boyunca sənaye və digər sahələrin inkişaf etdirilməsi, əlavə sərmayələrin cəlb edilməsidir. Daimi sabitlik və təhlükəsizlik, qonşu ölkələrlə səmimi və konstruktiv münasibətlər isə Azərbaycanın tranzit potensialının reallaşması üçün əsas şərtlər kimi önə çəkilib. Qarabağ münaqişəsinin sona çatması bölgədə geniş əməkdaşlıq perspektivlərini açıb. Dövlət başçısının həmçinin Avropanın Azərbaycan qazına tələbatının artdığını qeyd edərək, əlavə ixrac imkanlarının genişləndirilməsi üçün Avropa tərəfinin maliyyə dəstəyi məsələsində daha praqmatik yanaşma göstərməsinin vacibliyini vurğulayıb. Azərbaycanın geniş potensialı, strateji coğrafi mövqeyi və xarici siyasət balansı regionun inkişafında həlledici rol oynayır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Ukraynalı jurnalist Dmitro Qordonun sualına verdiyi cavab da yerli və dünya mediasında xüsusi diqqət gördü.
"Dövlət başçısı açıq şəkildə bildirir ki, əsas amil - heç vaxt işğalla barışmamaq və təslim olmamaqdır. Bu, Azərbaycanın siyasətinin bünövrəsi olub və nəticədə ölkənin ərazi bütövlüyü tam bərpa edilib. Prezident İlham Əliyev qeyd edir ki, 17 il ərzində danışıqlarda iştirak etsə də, beynəlxalq vasitəçilər status-kvonun dəyişməsini istəməyiblər. Diplomatik səylərə rəğmən, real irəliləyiş əldə olunmayıb və Azərbaycan yeni reallıq yaratmaq qərarına gəlib. Bu reallıq isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirləri ilə tam gerçəkləşib. Dövlət başçısı bir daha vurğulayır ki, məsələ təkcə liderlikdə deyil, xalqın milli həmrəyliyində, əzmini itirməməsində və ədalətə inamda idi. Qələbə, onun sözləri ilə desək, təkcə hərbi deyil, mənəvi və siyasi qələbə idi - ədalətin bərpası idi. Bu cavab Ukrayna üçün bir dərs, bir nümunə və bir çağırışdır: əgər bir xalq öz torpağını, suverenliyini qorumaqda qərarlıdırsa, gec-tez bu məqsədə çatacaq. Şərt - birliyi qorumaq, ədalətə inanmaq və təslim olmamaqdır", - o bildirib.
Politoloq vurğulayıb ki, Mixail Qusmanın Prezident İlham Əliyevə ünvanladığı sual və onun cavabı, Azərbaycanın uğurlu xarici siyasət modelinin əsas fəlsəfəsini ortaya qoydu.
"Qusmanın "skripkaçı metaforası" ilə təqdim etdiyi sual sadə görünə bilərdi - bu qədər uğurlu xarici siyasəti necə idarə edirsiniz? - lakin əslində bu sualda Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu unikal mövqenin izahına ehtiyac duyulurdu. Prezident İlham Əliyevin cavabı sadə, lakin dərin məntiqə əsaslanır: həqiqət, prinsipiallıq və etimad. Dövlət başçısı beynəlxalq hüququn prinsiplərinə sarsılmaz sədaqəti xüsusi vurğuladı. Azərbaycanın separatizmdən əziyyət çəkmiş ölkə olaraq, eyni hadisələrə münasibətdə də ikili standartlara yol verməməsi onun diplomatik ardıcıllığını sübut edir. Bu yanaşma Bakıya beynəlxalq aləmdə etibarlı tərəfdaş statusu qazandırıb. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin risklərlə yanaşı imkanlar yaratdığını da qeyd etdi. Risklərin daxildən deyil, xaricdən qaynaqlandığını vurğulayaraq, dövlətin sabit daxili bazasının uğurun əsas şərti olduğunu bildirdi. Azərbaycanın həm Avropa, həm də müsəlman dünyasında fəal iştirakı, onun çoxtərəfli siyasətinin nəticəsidir. Dövlət başçısının ABŞ Prezidenti Donald Tramp barədə dedikləri isə onun geosiyasi baxışının məntiqini izah edir: müharibə yox, sabitlik və dəyərlər əsasında əməkdaşlıq. Etimad razılaşma deyil, inamdır və bu inam Azərbaycanı regionun aparıcı aktoruna çevirib", - o bildirib.
A.Qarayev qeyd edib ki, forum çərçivəsində Prezident İlham Əliyev həmçinin Azərbaycan-Çin münasibətlərini də aydın şəkildə təqdim etdi.
"Dövlət başçısı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin qurulduğunu, bunun da qarşılıqlı etimada əsaslandığını vurğulayır. Prezident Si Cinpinlə davamlı siyasi dialoqun mövcudluğu və vizasız rejimin tətbiqi xalqlar arasında təmasların artmasına xidmət edir. İqtisadi əməkdaşlıqda nəqliyyat-logistika və bərpaolunan enerji sahələri ön plana çıxır. Prezident İlham Əliyev Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəklədiyini və Çin konteyner qatarlarının ölkə üzərindən Qərbə daşınmasının sürətlə artdığını qeyd edir. Qarabağa Böyük Qayıdış çərçivəsində Çin şirkətləri günəş və külək enerjisi layihələrində aktiv iştirak edir. Aydın olur ki, Azərbaycan Çinlə münasibətləri təkcə iqtisadi deyil, strateji və geosiyasi baxımdan da inkişaf etdirmək niyyətindədir. Bu əməkdaşlıq qarşılıqlı fayda və uzunmüddətli tərəfdaşlığa əsaslanır", - o bildirib.
Onun sözlərinə görə, dövlətimizin başçısı ABŞ ilə də münasibətlərə toxunaraq, Bakı-Vaşinqton xəttində yeni mərhələnin başlandığına işarə etdi.
"O, Tramp administrasiyası ilə təmasların müsbət dinamika yaratdığını vurğulayaraq münasibətlərin normallaşma yoluna qədəm qoyduğunu bildirir. Prezident, Bayden administrasiyasının dövründə ikitərəfli əlaqələrin ciddi şəkildə zəiflədiyini, 907-ci düzəlişin yenidən tətbiq olunmasını və Azərbaycana qarşı qeyri-dost addımları kəskin tənqid etdi. Prezident İlham Əliyev, ABŞ-nin ikili standartlarla yanaşdığını qeyd edir: Ukraynanın suverenliyini dəstəkləyən rəsmi Vaşinqton, Azərbaycanın öz ərazilərini azad etməsini sanksiyalarla hədələyirdi. Bunun fonunda Tramp dövründəki isti münasibətlərin bərpasına dönüş böyük əhəmiyyət kəsb edir. Enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıq potensialı çox günişdir və iki ölkənin ortaq maraqları mövcuddur. Aydın olur ki, Azərbaycan ABŞ ilə bərabərhüquqlu və real maraqlara əsaslanan tərəfdaşlıq istəyir və yeni administrasiya ilə bu istiqamətdə ciddi irəliləyiş gözləyir", - o bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin toxunduğu çox önəmli məqamlardan biri də Qərb ictimai rəyinin Azərbaycana münasibətdə formalaşmasında medianın həlledici rolu, bu təsirin məqsədyönlü şəkildə mənfi istiqamətdə yönləndirildiyi barədə oldu.
"Dövlət başçısı xüsusilə erməni lobbilərinin və ABŞ-dəki dairələrin Qərb mediasına təsirini ön plana çəkdi. Azərbaycanın saxta məlumatlarla hədəfə alındığını izah etdi - 2015 Avropa Oyunları və son olaraq COP29 öncəsi təşkil olunmuş qarayaxma kampaniyaları buna nümunədir. Azərbaycanın müstəqil siyasətinin və qərarlılığının Qərbdə bəzi dairələri narahat etdiyi diqqətə çatıdırılaraq, Bakının "məsləhətləri" qəbul etmədiyi üçün tənqid hədəfinə çevrildiyi, lakin bunun sayəsində ölkənin gücləndiyi, iqtisadi və siyasi müstəqillik qazandığı xüsusi vurğulandı. Prezident İlham Əliyev ictimai rəyə təsir etmək üçün təbliğatdan imtina edildiyini və əvəzində beynəlxalq tədbirlər vasitəsilə reallıqları birbaşa nümayiş etdirməyə üstünlük verdiyini açıqladı. Bu mövqe həm prinsipial, həm də öz gücünə arxalandığını ortaya qoyur", - o bildirib.
A.Qarayev Prezident İlham Əliyevin Ermənistanla normallaşma prosesi, bu ölkə ilə münasibətləri də dərin təhlil etdiyini vurğuladı.
"Azərbaycanın Ermənistanla potensial maraq kəsişmələri olsa da, uzun illər boyu aparılan işğal siyasətinin və azərbaycanofobiyanın bu imkanları kökündən zədələyib. Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq, ermənilərin Qarabağda hansı imtiyazlarla yaşadığını, lakin buna rəğmən Azərbaycan əleyhinə radikal addımlar atıldığını göstərir. O, Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatlarına toxunaraq, Paşinyanın 2019-cu ildə "Qarabağ Ermənistandır" deməsini bu günkü mövqeyi ilə müqayisə edərək, etimadsızlığın əsasını da məhz bu qeyri-sabit yanaşma olduğunu vurğuladı. Dövlət başçısının mesajı regionda sabitliyin açarının qarşılıqlı hörmət, hüquqi təminatlar və qəti siyasi iradən asılı olduğunu vurğulayır. Azərbaycan sülh təşəbbüsünü ilk irəli sürən tərəf olub, lakin Ermənistan bu prosesi illərlə ləngidib. İndi artıq sülh müqaviləsinin mətni razılaşdırılıb. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi və Minsk qrupunun formal olaraq buraxılması sülhün əsas şərtləridir. Əgər Ermənistan bu şərtlərlə razılaşsa, Cənubi Qafqazda ilk dəfə sabitlik və əməkdaşlıq dövrü başlaya bilər və bu bütün Cənubi Qafqaz ölkələri üçün çox önəmli irəliləyiş olar", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərində mövcud vəziyyəti də çox dərin və aydın şəkildə izah etdi.
"Burada ən ciddi məqam AZAL təyyarəsi ilə bağlı insident oldu. Prezident açıq şəkildə bildirdi ki, təyyarəyə iki dəfə hücum olunub, hadisənin Ukrayna dronu ilə əlaqələndirilməsi isə "uşaq bağçası səviyyəsində hekayədir". Azərbaycan tərəfi real səbəbi bildiyini və Rusiya rəsmilərinin də vəziyyətdən xəbərdar olduğunu bildirir. Bu hadisəyə görə nə təəssüf, nə izahat, nə də təzminat verilməməsi ciddi məsuliyyətsizlikdir. Digər önəmli məqam isə Rusiya hava məkanının təyyarə vurulduqdan sonra bağlanmasıdır - bu, texniki səviyyədə ciddi səhlənkarlıqdır. Dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət edəcək. Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması isə artıq diplomatik səbrin sonuna gəldiyini göstərir. Bununla yanaşı, dövlət başçısının Azərbaycanın enerji siyasətinin siyasət yox, biznes prinsiplərinə əsaslandığını, Rusiya ilə rəqabət aparmadıqlarını vurğulayır. Lakin bu, mövcud gərginliyə bəraət qazandırmır. Qısası, Prezident İlham Əliyevin qeyd etdiyi bu məqamlar həm narazılıq, həm xəbərdarlıq, həm də prinsipiallıq mesajı daşıyır - Azərbaycan susmayacaq, məsuliyyət tələb edəcək və bu münasibətlərin fonunda öz maraqlarını müdafiə edəcək", - o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре