Xalq artisti ağladı: "Saunlarda ailə dağıtmamışam"

Day.Az представляет интервью на азербайджанском языке:

"Qafqazinfo"nun "Ulduzlar hər yerdə" layihəsinin bu dəfə ki, qonağı xalq artisti Nisə Qasımovadır. Xalq artisti ilə Nərimanovda yerləşən ofisində görüşdük. Nisə xanım müsahibə zamanı fotolar çəkməməyimizi xahiş etdi. Biz də xalq artistinin sözünü yerə salmayıb birbaşa müsahibəyə keçid aldıq...
 

Könül: Nisə xanım, yaradıcılığınızda hansı yeniliklər var? Uzun müddətdir ki, ekranlarda gec-gec görünürsünüz?
 

Nisə: Xarici səfərlərimi təşkil edən Yasin, prodüserim Toğrul, dəyərli övladım, qızım Nailə ilə birgə konsertimi təşkil etmək qərarına gəliblər. Elə sizdən öncə iclas keçirdik. Sentyabrın 26-da solo konsertim keçirilməlidir. Bu konsertə görə məşqlər gedir. Damp-dump oxuyacağam, oynayacağam. Maraqlı olacaq.

Könül: Son illərin ən çox müzakirə olunan mövzusuna keçid alaq. Razılaşırsız, bu gün sizin dövrün sənətkarları daha çox qalmaqallarla gündəmə gəlir. Bu məsələyə münasibətiniz necədir?
 

Nisə: Kənardan hər şey çox yaxşı görülür. Mən onlara həmkar kimi yox, bir vətəndaş kimi baxıram. Onların rəyi, cavabı xalqa xoş gəlmir. Hətta mövqe və tərəf tutmaq mənə ağır gəlir. İllərini sənətə vermiş, sənət naminə yaşamış sənətkarlara heyfim gəlir. Onlardan yaşca kiçik olan sənətçilərin çirkab hədəfinə tutulurlar. Bu, mənim çox acığıma gəlir. Mən istəməzdim ki, böyük sənətkarlar yaşca kiçik müğənnilərlə söz atışmasına çıxsınlar.

90-cı illərdə mənimdə başıma belə bir hadisə gəlmişdi. Hələ ad çəkmək istəmirəm. Az qalmışdılar ki, məni tutub türməyə atsınlar. Bu, Azərbaycan-Ermənistan münaqişəsi dövrlərində idi. Bütün rəhbər işçilər, ziyalılar bu məsələni qınadı. Dedilər ayıbdır, orada müharibə savaş, burada o belə dedi, bu belə dedi davası... Ondan sonra mən kənara çəkildim. Bir neçə il gözlədim, sonra Moskvaya getdim. Bu məsələni qapalı şəkildə bağladım.

Sənət yolu münaqişə yaratmaq deyil. Əgər bir insan ki, haqsız dərəcədə söyülür, döyülür, qınaq obyektinə çevrilisə, ona acıyıram. Bir müğənni ki, haqlı olaraq başqasının cavabını verirsə, ona da haqq qazandırıram. Mən hər iki tərəfin mövqeyini qorumaq istəyirəm. Onlar mənim həmkarlarımdır. Hər iki tərəf mənlə mehribandır, salam-sağolları var.

Mənim də siqarət məsələsində bir qalmaqalım olmuşdu. Adam adımı çəkməmişdi, ancaq mən öz üzərimə götürmüşdüm. Azərbaycanda məndən çox siqaret çəkən yoxdur, Allah hələki o səsi əlimdən almayıb. O söz atma mənə toxunmuşdu, mən də cavabını vermişdim. Məsələ bitmişdi.

Könül: Məsləhət verdiyiniz, irad tutduğunuz sənət adamları olubmu?

Nisə:
Müğənnilərə kənardan baxıram. Ad çəkmək istəmirəm, nə yalan deyim? Qorxuram... Bilirəm ki, mənim sağlam sözümdən, iradımdan inciyəcəklər, sağlam şəkildə də cavab verməyəcəklər. Mənə çox ağır gəlir. İstəmirəm, şou-biznesdə gedən əhəmiyyətsiz söhbətlərlə gündəmə gəlim. Həm sənətimə, həm də ictimaiyyətə yararlı bir insan olmaq istəyirəm.

Könül: İlhamə Quliyeva "Neyləmişəm" mahnısını digər həmkarlarına oxumağa qadağa qoyub. Sənətkarlar belə qadağa qoya bilərlər?
 

Nisə: Oxumalıdır. Elə mahnılar var ki, bəstəkar məxsusi olaraq müğənni üçün yazır. Ələkbər Tağıyev mənim üçün "Azərbaycan qızıyam" mahnısı yazmışdı. O illərdə mənim haqqımda söz-söhbətlər yayılırdı. Guya, mən ukraynalıyam, anam almandı. Böyük müğənnilərdən biri mənim haqqımda şayiə yaymışdı. Guya, mən dağlı qızı deyiləm. Həmin adam məni qonşu məhəllədə yaşayan sarışın qızla səhv salmışdı.

Bu səbəbdən həmin mahnı mənim üçün yazıldı. İndi o mahnını kim istəyir oxusun, mənim heç bir iradım yoxdu. Hər kəs öz ampluasında oxuyur. Kənardan baxıram, elə bilirəm ki, ən gözəl geyimimi əynimdən parçalayıb çıxarırlar. Bəlkə də İlhamə xanım o səbəbdən deyib ki, mahnı mənə, mənim səsimə uyğun yazılıb.
 

İlhamə xanım məncə əsəbi vaxtında deyib. İlhamə xanımdan mehriban şəkildə icazə alınsaydı, razı olardı. İlhamə xanım gözəl oxuyub ki, mahnı istənilən olub. Röya da bu mahnını oxumuşdu, ancaq irad tutulmamışdı. Məncə, İlhamə xanıma müraciət olunsaydı, o, icazə verərdi.
 

Elvin: Şou- biznesi yaradanlar sırasında bir neçə müğənnilərin adı hallanır...
 

Nisə: Bu dəqiqə yeni müğənni şou-biznesdə dönüş yarada bilər. Məsələn dönüşün biri odur ki, müğənni aparıcını itələyib mikrofonu başına vurar. Sonra deyər ki, bu biznesə yenilik gətirmişəm, 50 min manatıda eləcə yerində təzminat kimi verdim. O, vaxtlar mən toya getmirdim. İlk dəfə 1995-ci ildə toya getmişəm. O vaxtlar bir restoran var idi, ora dəvət elədilər. Bacımın həyat yoldaşı ilə ora getdim. Bacımın yoldaşı hacı adam idi. O, indiki hacılardan deyil, rəhmətlik əsl hacılardan idi. Mənim oxumağıma sağlam şüurla yanaşırdı. 91-ci ildə Türkiyədə "Maksim" kazinosuna getmişdim. Türklər o məkanı sökməklə böyük səhvə yol verdilər. Tarixin üstündən xətt çəkdilər. Biz İbrahim Tatlıses və Sibel Canın konsertinə getmişdik. Zala girəndə gördüm ki, çox az adam oturub, ancaq konsert başlayıb. Bizimkilər isə camaatın dolmasını gözləyir. Görün nə qədər səhnədə çıxış edən müğənniyə hörmətsizlik edirlər. Artist vaxtında səhnəyə çıxmalıdır. Qulaq asan vaxtına gələr. Mən belə şeyləri gördüm, Bakıda etmək istədim. Bunu bacardım. İlk dəfə şou ilə biznesi bir araya gətirdim.


Könül:
Müğənnnini sanki bəstəkar doğur, mahnılar vasitəsilə müğənni populyarlıq qazanır. Xalq artisti kimi hazırda bəstələnən mahnıları bəyənirsiz?
 

Nisə: Yox elə təqdim edilən mahnılar var ki, müğənni üçündür. Bəzən bu mahnılar üçün bir neçə müğənni münaqişə edir. Yaxşı mahnıya görə mübarizə etməyə dəyər. Mənə təqdim edilən mahnı aylarla araşdırılır. Mən bəstəkarlardan asılı deyiləm. Lakin Azərbaycan milli musiqi koloritinin itə-itə getdiyini düşünürəm. İtdiyi üçün də bayağı mahnılar ortaya çıxır.

(Nisə xanım başladı bu bayağı mahnılardan bir neçəsini zümzümə etməyə).

Nisə: İnsanlar beyni, ürəyi rahatlamaq üçün məcbur Üzeyirə qulaq asmağa başlayır. Milli musiqiləri sivil şəkildə ortaya çıxarmalısan. Musiqinidə inkişaf etdirmək lazımdı. Mən Sevda Ələkbərzadəni çox bəyənirəm. Milli musiqimizi bugünkü fəlsəfəyə uyğunlaşdırır. Musiqilərə akademik yanaşır. Sevda xanım estrada müğənnisidir. Ancaq durub muğamı elə oxuyar ki, bizim ağzımız açıq qalar.
 

Könül: Bəstəkarlardan söz düşmüşkən, sizin məşhur mahnılarınızın bəstəkarı Ələkbər Tağıyev olub. Hazırda Ələkbər Tağıyev kimi bir bəstəkar var?
 

Nisə: Var, amma... Tahir Əkbər çox yaxşı bəstəkardır. Onları da qınamıram. Onlardan pul gətirən mahnılar tələb edirlər. Müğənnilərimiz varlanmaq üçün bəstəkarları tez yoldan çıxarırlar.

( Nisə xanım söhbət zamanı yenə siqaretə üz tutdu, Könül siqaretı görüb bunula bağlı sual verməyi də unutmadı).

Könül: Siqareti nə zaman tərgitməyi düşünürsüz? Çox qınanırsız....
 

Nisə: O qınaq var haaa... Mənim bu qulağımdan girir, digərindən çıxır. Ölkədə qanun qoyulsun ki, siqaret Azərbaycana gəlməyəcək. Bax onda siqareti tərgidəcəm.

Elvin: Siqaret çəkənlər şou aləmində çoxdu. Niyə sizi tənqid edirlər?
 

Nisə: Əcəb edirlər. Mən tənqid ediləsi o qədər şeylər var ki, susuram. Qoy Allah danışsın.
 

Elvin: Nə vaxta kimi susmağı düşünürsüz...
 

Nisə: Allah nə vaxt dilimi açacaq, bax o vaxta qədər... Hələ susuram. Mən qəbul edirəm ki, ictimai yerdə siqaret çəkmək olmaz. Məni bu siqaretə çəkməyə vadar edən insanlar məni qınayırlar. çəkirəm ki, baxıb xəcalət çəksinlər. Hər şey onlara görə oldu. Onlara görə ailə həyati qura, varlı ola bilmədim. Sizin ayıblarınızı görə-görə o ayıbları öz üzərimə götürdüm. Bundan utanın. Mən ona görə çəkirəm, çəkəcəm də... Siqaret ailə üzvlərimdən başqa mənim eşqim, sevgimdir. Mənim sirr, dərd ortağımdır. Nədən çəkməyim? Kimin xoşu gəlmirsə, oturmasın yanımda...


( Nisə Qasımova kövrəlməyə başlayır).

Nisə: Mən bu acı, canıma ziyan verən siqareti sizin kimilərdən çox istəyirəm. Sizin kimi yalançı, şou-biznesdə mənəm-mənəm deyənlərdən çox istəyirəm. Mən sizin kimi tualetlərdə siqaret çəkməmişəm. İlk siqaretimi anamın, qardaşlarımın yanında çəkmişəm. Xahiş etmişəm ki, məni bağışlasınlar. İctimai yerlərdə də xahiş etmişəm ki, bir dənə bunu mənə çox görməyin. Allaha and verirəm ki, sənəti ataram, siqareti atmaram. Atmağın bir vaxtı var. Günahları ola-ola mənim siqaretimi niyə irad tuturlar? Mən soruşuram ki, sən harda, kimin yanında neynəmisən? Nə saunalarda, nə çimərkilərdə dəniz geyimində, nə də kiminsə ailəsini dağıtmışam. Ailəmi maddi təminatını düzəltmədikcə manikur belə etməmişəm. Mənəvi uşaqlarımın cibində pul olanda birinci qeyrisini, ikinsici özümüzü görmüşük. 1994-cü ildən Altıağacda bağ evi tikdirirəm. Hər il yayda min manat filan yığıram, daşını, sementini aldıram. Bir az ustalar iş görür, qalanı gələn yaya gəlir. Mən bir günə beş milyonluq villa qazana bilməzdim? Bacarmazdım?

(Xalq artisti göz yaşlarına hakim ola bilmir).

Nisə: Mənim heç kəsə deyə bilmədiyim sözləri siqaretə deyirəm. 21 ildə ikimərtəbli, 4 otaqlı evi tikib qurtara bilmirəm. Maç-quç filankəs müəllim bu ev tik, deyə bilməzdim? Mən demişəm ki, dostlarım, ailəm üzvlərim o evdə qalanda utanmasın. Deməsinlər ki, hansı yolla bu evi tikdirib? Ora gedən elə bilir məscidə gedir. Kim gəlir getmək istəmir. O evdə haram heç nə yoxdur.