Sabiq mühafizə rəisi "Avropa" otelindəki qanlı olaydan danışdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке: 

Ruslan Əfəndiyev "vurmasaydım, məni öldürəcəkdi" deyir.

Aprelin 22-də "Avropa" otelində baş verən olayda adı keçən Mövlud Səfərovun vəkili Cavid Rzazadə "Yeni Müsavat"a açıqlamasında məşqçi Ruslan Əfəndiyevin istintaqdan kənar qaldığını demişdi. Vəkil bu ilin martına qədər Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin şəxsi mühafizə xidmətinin rəisi olan R.Əfəndiyevin hadisənin baş verməsində əsas sima olduğunu demişdi.

Vəkilin açıqlamasından sonra Ruslan Əfəndiyev virtualaz.org-a danışıb. Bildirib ki, zalda məşq keçərkən Mövlud Səfərov tataminin üzərinə ayaqqabı ilə çıxıb. Elə insident də bundan sonra baş verib: "Bunu görəndə onlara dedim ki, bu formada tatami üzərinə çıxmaq olmaz. Bizim tatamiyə əlimiz, üzümüz dəyir. Bu xəbərdarlıqdan sonra getdilər. Hətta saqqallı oğlan (Sənan Quliyev-red.) üzrxahlıq da elədi. Mövlud Səfərov ikinci dəfə tataminin üstünə çıxdı. Bu haqda xəbərdarlıq etdiyimi ona xatırlatdım. Zalda tataminin üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bu haqda xəbərdarlıq elanı da vurulub".

Dava isə bu söhbətdən 40 dəqiqə sonra baş verib. Sənan Quliyev və Mövlud Səfərov paltarlarını dəyişdikdən sonra Ruslan Əfəndiyevi çağırıblar: "Məşqi qurtardıqdan sonra Mövlud məni kənara çağırdı. Başladı yenidən mübahisə eləməyə. Mən fikir verməməyə çalışdım. Dava, söz-söhbətin olmasını istəmirdim. Amma o, yenidən eyni söhbətə başladı. Mən də yenidən başa saldım ki, sənin tataminin üstünə ayaqqabı ilə çıxmağın düz deyil. Sonra o, söyüş söyməyə başladı. Məni vurmaq istəyəndə əyildim. Birinci o, məni vurmaq istədi". Bu zaman Ruslan Əfəndiyevin tələbəsi Azər Məmmədov duşdan çıxıb və davanı görüb. O da tərəfləri sakitləşdirmək istəyib. Zalda olan digər şəxslər də davanı sakitləşdirməyə çalışıblar. 

R.Əfəndiyev deyir ki, hər iki şəxsi zaldan çıxarmaq istəyiblər. Bu zaman tərəflər arasında gərginlik olub. Bu vaxt Sənan Quliyev bıçağa əl atıb. Əvvəlcə Ruslan Əfəndiyev bıçaqlanıb. Daha sonra isə Azər Məmmədov ürəyindən 3 bıçaq zərbəsi alıb. Davanı sakitləşdirmək istəyən daha bir nəfər də bıçaq zərbəsi alıb. "Sənan adlı şəxs sinəmdən bıçaqla iki dəfə vurdu. Mən onu yumruq zərbəsi ilə uzaqlaşdırdım. Vurmasaydım, məni öldürəcəkdi. Sonra onlar qaçdı. Azərin bıçaqlanmasından xəbərsiz idim. Azər huşunu itirdi. Baxdıq ki, bıçaqlanıb",- deyə R.Əfəndiyev bildirib. Hadisənin baş verməsində nə onun, nə də Azər Məmmədovun günahının olduğunu deyir: "Zalda nəzarət kameraları var. Hər şey lentə alınıb. Biz də görüntülərə baxmışıq. Sənan və Mövludun vəkillərinin dedikləri əsassızdı. İstintaq gedir, hər şey sübuta yetiriləcək. Biz heç onları tanımırıq da. Adi bir mübahisənin üstündə belə bir hadisə oldu".

R.Əfəndiyev hazırda evdə müalicə aldığını və ağrılarının olduğunu dedi: "Bıçaqlanan gün "City Hospital"a yerləşdirilmişdim. Reanimasiyada idim. Səhər xəstəxanadan çıxdım. Azərin dəfn mərasimində iştirak etdim. Sonra evə gəldim. Xəstəxanaya getmədim. İndi ağrılarım var. Evdə müalicə alıram".

"Yeni Müsavat" əməkdaşı məsələ ilə bağlı R.Əfəndiyevlə əlaqə saxlayıb. Məşqçi müalicə olunduğunu, həftənin əvvəlində vəkilinin jurnalistlərin suallarını cavablandıracağını deyib.

M.Səfərovun vəkili Cavid Rzazadə "Yeni Müsavat" əməkdaşına hadisənin təfərrüatlarını danışıb. Vəkil işdə adı keçən Ruslan Əfəndiyevin uzun illər Beynəlxalq Bank prezidentinin mühafizə xidmətinin rəisi olması haqda bilgili olmadığını deyib. Bildirib ki, adi bir məsələnin bu səviyyəyə çatmasında R.Əfəndiyevin rolu var.
 

Böyütmək üçün şəkillərə klikləyin: