Bakının Dənizkənarı parkı - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Paytaxt Bakının "mirvari boyunbağısı" deyəndə gözümüz önündə Dənizkənarı Milli Park canlanır.

AZƏRTAC yazır ki, Dənizkənarı Milli Park sahəsinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdə qərarlaşır. Bakıya xüsusi yaraşıq verən Dənizkənarı Milli Park bir əsrdən çoxdur ki, paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanıdır. Bakının əvəzsiz incilərindən olan parkda insanların istirahəti üçün hər cür şərait yaradılıb. Fəsildən asılı olmayaraq, hər gün mınlərlə ınsan bura baş çəkir, yaradılan şəraitdən zövq alır. Parkda aparılan abadlıq işləri Bakıya yeni sıma bəxş edib. Hollandiya, İtaliya, Cənubi Amerika ölkələrindən gətirilən nadır ağac və bitkı kolları dənizkənarı parkı dünyanın ən gözəl istirahət parkına çevirib. Dənızkənarı Milli Parkın ərazisi dənızə doğru bir neçə metr genişləndirilib. "Böyük Bakının regional inkişaf planı"na əsasən, 2030-cu ilədək Milli Parkın uzunluğunun 33 kılometrə çatdırılması nəzərdə tutulur.

Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları zamanı, heç şübhəsiz, minlərlə turist məhz bu məkana üz tutacaq. İlk növbədə onu qeyd etmək lazımdır ki, turistlər burada rahat və sərbəst şəkildə gəzib-dolaşa biləcəklər. Bunu deməyə Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında imzaladığı Fərman əsas verir. Fərmana əsasən yaradılan idarə bulvarın vəziyyətinə, mühafizəsi və qorunmasına dövlət nəzarətini həyata keçirir.

Söz yox ki, bulvarda görülən işlər, salınan yeni atraksionlar qonaqların diqqətini cəlb edəcək. Xüsusilə yeni istifadəyə verilən və Avropanın ən hündür karuseli sayılan "Şeytan çarxı" onların böyük marağına səbəb olacaq. Turistlər hündürlüyü 60 metr olan bu atraksiondan Bakının hər yerini görə biləcəklər.

Paytaxta xüsusi yaraşıq verən və hər bir azərbaycanlının qürur yeri olan Dövlət Bayrağı Meydanı da məhz Dənizkənarı Milli Parkın ərazisində yerləşir. Meydandan Bayıla möhtəşəm bir mənzərə açılır. Bayıl yamacını bəzəyən ağ rəngli fasadı və qırmızı dam örtüyü olan evlər qonaqlarda xoş təəssürat yaradacaq. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən ideya nəticəsində dağ yamacı boyu fərdi yaşayış evlərinin hamısı bu cür rənglənib.

Dənizkənarı Milli Parkda yenidənqurma işlərindən sonra ərsəyə gələn tikililərdən biri YARAT Müasir İncəsənət Mərkəzidir. Sovet dövründə hərbi donanma obyekti olmuş bu tikili hazırda incəsənət adamlarının bir araya gəldiyi məkandır.

Parkda "Bakı-2015"in dəstəkçisi və məhsulların tədarükçüsü "Bazarstore"un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazası da açılıb. "Bazarstore" mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.

Bundan başqa, Milli Parkda velopark da istifadəyə verilib. Artıq 2 ildir ki, fəaliyyət göstərən velopark Dövlət Bayraq Meydanına qədər xüsusi zolaqla ayrılır. Velosiped sürməyi sevən turistlər bu xidmətdən də yararlana biləcəklər. Həmçinin qonaqlar dəniz gəzintisinə çıxacaq, müasir gəmilərlə Xəzərin qoynundan gözəl Bakının füsunkar, ecazkar mənzərəsini doyunca seyr edə biləcəklər.

Milli Parkın ən gözəl və sevilən guşələrindən biri də "Kiçik Venesiya şəhərciyi"dir. Şəhərcikdə gəzinti üçün müasir qayıqlar gətirilib. Milli ornament və naxışlarla bəzədilmiş şəhərcikdə kanallar ayrı-ayrı su keçidləri ilə birləşdirilir. Kanalların üzərində körpülər inşa olunub. Burada su anbarı və sutəmizləyici sahə yaradılıb. Sutəmizləyici qurğuların köməyi ilə kanalların suyu daim təmizlənir və həmişə şəffaf olur. Su axarlarında şəhərciyə gələn qonaqlara xidmət etmək üçün müasir iaşə obyektləri yaradılıb. Burada onlara həm Qərb, həm də Şərq mətbəxinin nümunələri təqdim olunacaq. Su axarlarının divarlarında quraşdırılan işıq sistemi də şəhərciyə xüsusi gözəllik verir. İtaliyanın məşhur Venesiyanı xatırladan "Kiçik Venesiya şəhərciyi" öz gözəlliyi ilə turistləri heyran edəcək. Ən başlıcası, parka istirahətə gələn avropalı turistlər hər an dalğalanan üçrəngli Azərbaycan bayrağını görə biləcəklər.

Bir sözlə, Dənizkənarı Milli Park hər gün böyüyən və yeniləşən paytaxtımızın sürətli inkişafından xəbər verir və bir daha təsdiq edir ki, aparılan quruculuq və abadlıq işləri sayəsində öz görkəmini tamamilə dəyişən Bakı indi dünyanın ən gözəl şəhərləri sırasında xüsusi yer tutur.

Böyütmək üçün şəkillərə klikləyin: