440 abituriyent tələbə olmaqdan niyə imtina etdi?

Day.Az представляет новость на азербайджанском языке
Ekspertlər bildirirlər ki, bunun səbəblərindən biri təhsil haqqının yüksək olmasıdırsa, ikinci səbəb...
Qəbul imtahanlarında uğurlu nəticə göstərməsinə baxmayaraq, ali təhsil müəssisələrində təhsil almaqdan imtina edənlərin sayı ildən-ilə artır. Tələbəlik həyatı yaşamağa bu qədər yaxın olan abituriyent niyə bu addımı atır?
29 iyul-10 avqust aralığında ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38114 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib. Verilən məlumata görə, abituriyentlərdən 440 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıb.
Yeri gəlmişkən, tələbə adını qazananların siyahısını TQDK bu gün açıqlayacaq. Qeyd edək ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi avqustun 10-da başa çatıb. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməliydilər.
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı hesab edir ki, abituriyentlərin ali təhsil müəssisəsində təhsil almaqdan imtina etməyinin əsas səbəbi təhsil haqqının yüksək olmasıdır. Onun sözlərinə görə, abituriyentlərin ixtisas seçimi ərizələrini təsdiq etməmələri ali təhsil müəssisəsindən imtina kimi başa düşülməməlidir. "Bu, imtina deyil, məcburiyyətdir. Təhsil haqqını ödəyə bilməyəcəyini bilən abituriyent təhsil almaqdan imtinaya məcbur qalır. Universitetlər tələb edir ki, "təhsil haqqını ödə, sonra gəl". Onlar da ödəyə bilmədiklərinə görə, dərsə gələ bilmirlər, bu da adlanır "imtina etdi".
Onun fikrincə, universitetlərə aid yataqxanaların olmaması, tələbələrin kirayə haqqı verməsi və s. uğurlu nəticə göstərən abituriyentlərin ali məktəblərdən kənarda qalmasına təsir edir. M.Zülfüqarlı hesab edir ki, abituriyentlər gərək təhsil haqqını ödəyə bilməyəcəkləri barədə əvvəlcədən fikirləşməlidirlər: "Adətən qəbul imtahanlarında ümidlə iştirak edirlər ki, bəlkə ödənişsiz ixtisaslara düşdülər və ya təhsil haqqı ilə bağlı hansısa güzəştlər olar. Sonra isə pulu ödəyə bilmədikdə, əziyyətləri də hədər gedir".
Milli.Az xəbər verir ki, əməkdar müəllim, təhsil sahəsi üzrə ekspert Almaz Həsrət "Ekspress"ə bildirib ki, abituriyentlərin ixtisas seçimi ərizələrini təsdiq etməməyinin ən əsas səbəbi sosial yaşayışın aşağı olmasıdır: "Digər səbəb abituriyentlərin topladığı bala uyğun ixtisas seçimidir. Ali təhsil müəssisəsindən kənarda qalmaları topladığı bala görə istədiyi ixtisasa düşə bilməməsindən irəli gəlir".
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün qəzetimizə dediyinə görə, abituriyentlərin oxumaqdan imtina etmələrinin əsas səbəbi valideynlərinin təhsil haqqını ödəmək imkanının olmamasıdır: "Onlar təhsil haqqında müəyyən güzəştlərin olacağını, bununla bağlı müəyyən islahatların aparılacağını gözləyirlər. Amma ödəyəcəkləri məbləğin yüksək olduğunu və heç bir güzəştin tətbiq edilməyəcəyini gördükdən sonra məbləği ödəyə bilməyəcəklərini başa düşdülər. Təhsil haqqından başqa yataqxana problemi, kirayə haqqı kimi məsələlər də təhsil almaq istəyənlərin qarşısına sədd çəkir".
Mürşüdlü bildirib ki, ölkəmizdə təhsil haqqı yüksəkdir: "Türkiyə ilə müqayisə etdikdə təhsil haqqındakı fərq nəzərə çarpır. Bizdə ödənişli fakültələrdə oxumaq baha başa gəlir. İlbəil də təhsil haqqı artırılır. Burada əsas motivasiya nədir, ödənişlər niyə artırılır, heç kimə bəlli deyil. Əhalinin orta yaşayış səviyyəsini nəzərə alaraq ödənişlər müəyyən olunmalıdır".
Təhsil eksperti vurğulayıb ki, dövlət ali təhsil müəssisələrində isə ödənişli əsaslarla ixtisaslar ümumiyyətlə olmamalıdır: "Ona görə ki, konstitusiyada və "Təhsil haqqında" qanunda dövlət ali təhsil müəssisələrində təhsilin pulsuz olmasından söhbət gedir. Ancaq bizdə dövlət universitetlərində 80-85 faiz ixtisaslar ödənişlidir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре