Ermənistan: bivec hakimiyyətin yalanı da eybəcər olur

Day.Az представляет статью на азербайджанском языке.
ABŞ-ın Ermənistandakı səfiri Con Höffern Twitter-də sualları cavablayarkən bildirib ki, "Qərbin Rusiyaya qarşı sanksiyaları heç bir halda Ermənistana qarşı yönəlməyib". Bir qədər sonra o, aşkar yazmasa da, işarə vurub ki, Rusiya və Ermənistanın iqtisadiyyatları bir-birlərinə çox bağlı olduğundan Moskvanın üzləşdiyi embarqo və məhdudiyyətləri, təbii, Ermənistan da hiss edəsidir.
"Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan iqtisadiyyatının diversifikasiyaya, iqtisadiyyata cəlb olunan xarici sərmayələrin həcminin artırılmasına ehtiyacı var. Bu isə Qərblə əməkdaşlığı məcburi, önəmli edir. Ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, azad rəqabət təmin olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməlidir".
Dəfələrlə deyilən sözlər, yeni məqamları üzə çıxarmayan ifadələrdir. Eyni zamanda, Ermənistanı idarə edən kriminal-oliqarxik sistemin həyat tərzindən, yürütdüyü siyasətdən və düşüncə formatından çox uzaq kəlmələrdir.
Prezident Serj Sarkisyanın başçılıq etdiyi sistem ölkədəki istisnasız olaraq bütün siyasi və iqtisadi təsir rıçaqlarına malik olduğundan istənilən sahəni nəzarətdə saxlamağa çalışır.
Yalnız özlərini düşünən, varidatını artırmağa çalışan fiqurlardan ibarət sistemin hansısa diversifikasiya, sərmayələr, rüşvətxorluq və korrupsiya ilə mübarizə barədə düşünəcəyini təxminləmək mənasızdır.
Nədir diversifikasiya? İqtisadiyyatın hansısa sahəsinə məmur nəzarətini bir qədər zəiflətmək, həmin sahədə yeni şirkətlərin, təşkilatların və şəxslərin fəaliyyətinə imkan yaratmaq.
Ermənistan iqtisadiyyatı isə məmurlar və onlara işləyən biznesmenlər arasında bölüşdürülüb.
Bir sahəyə Ovik Abramyan, digərinə Qagik Sarukyan, üçüncüsünə Samvel Aleksanyan, bir başqasına Qagik Begleryan və s. nəzarət edir.
Süni şəkildə yaradılan və inhisarlaşan bu qrup ağalarının hansı biri razı olar ki, onun nəzarətindəki sahədən nəsə "kəsilib" götürülsün, diversifikasiyaya ayrılsın? Heç biri.
İnhisarçıların da öz gerçəyi var. Onlar nəzarət etdikləri sahələri hədiyyə, pay almayıblar: hər erməni oliqarx indiki səviyyəsinə və varidatına amansız mübarizə, əxlaqsız "rəqabət", qarşı tərəfin fiziki və ya maliyyə məhvi ilə gəlib çatıb. Oliqarxlar arasında razılaşmaya görə, onlar bir-birlərinin sahələrinə soxulmur, hərə öz işi ilə məşğul olurlar.
Məsələn, Ermənistana düyü idxalı ilə məşğul olan oliqarx günlərin birində santexnika avadanlığı idxalını ələ keçirmək niyyətinə düşərsə, onu peşman edərlər.
Yaxud araq və konyak ixrac edən erməni meyvə-tərəvəz satışlarına da nəzarətə yiyələnmək niyyətində olarsa, işə bilavasitə prezident Serj Sarkisyan qarışacaq, "təşəbbüskar" oliqarxa elə şapalaq vurulacaq ki, zərbəsinin acısını çox uzun müddət unutmayacaq.
Oliqarxlar öz həqiqətində, ABŞ səfiri də fərqli gerçəyində. Bir tərəfdə Ermənistandakı hakimiyyəti üçün həyati önəm daşıyan sistem, digər tərəfdə bu sistemin naqisliyini bir daha göstərən normal inkişaf yolunun prinsipləri.
Ermənistandakı mübarizə iqtidarla müxalifət, Sarkisyanın adamları ilə bu şəxsləri hakimiyyətdən kənarlaşdırmaq istəyənlər arasında yox - yalanla gerçək, əxlaqsızlıqla bu mənəviyyatsızlıqdan bezənlərin tükənmiş səbri arasında gedir.
Mübarizədə udan tərəf hələlik Yerevandakı rejim, naqis sistemdir və onun mövqelərinin möhkəmliyinin səbəbkarı, daha doğrusu, təminatçısı Rusiyadır.
Məhz Rusiya Yerevandakı iqtidar adlı quldur dəstəsinin sahibi və hamisidir.
Moskva Ermənistanı öz səhmdar cəmiyyəti sayır və belə yanaşmanın məntiqi nəticəsi kimi ölkə idarəetməsinin səhmlərini Yerevandakı rejimin mənsublarına paylayıb.
Həmin fiqurlar da malik olduqları sahələrin sayından və həcmindən asılı hərəkət edirlər.
Belə şəraitdə investisiyalar, faktiki olaraq, mümkün deyil. Nədən ki, Ermənitan iqtisadiyyatına sərmayə yatırmaq istəyən və ya ölkədə hansısa layihəni gerçəkləşdirmək fikrinə düşən şirkət bütün hallarda yerli oliqarxik kapitalın sərt müqaviməti ilə qarşılaşacaq.
ABŞ və Avropa ölkələrindən bir neçə şirkət Ermənistanda iş görmək istəsələr də, nəticələr acınacaqlıdır. Onların planları baş tutmayıb, layihələri alınmayıb.
Rusiyanın maraqları örtüyünə bürünmüş Ermənistan iqtisadiyyatı bütünlüklə oliqarxların nəzarətindədir. Oliqarxlar isə Moskvanın marionetkaları olduqlarından Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sankisyalar erməniləri də çox ağır itkilərə məruz qoyur.
Serj Sarkisyan rejiminin ideoloqları yaşananlarda Qərbi suçlayır, sanksiyaların tətbiqinin məntiqi qərar olmadığını deyirlər. Onlar belə yalanlarla naqisliklərini ört-basdır etməyə, vətəndaşların istismarına və ölkənin resurslarının hərraca çıxarılmasına "iqtisadi proqramlar" donu geyindirməyə çalışsalar da, bivec cəhdlər fayda vermir.
Axı yalanı danışmağa da bacarıq, istedad gərəkdir.
Elçin Alıoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре