Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir...

Son dönəmlərdə sosial şəbəkələrdə videoları yayılan bir həkim obrazı hamının marağına səbəb olub. Yəqin ki, siz də bu "həkim"in fərqli fikirləri yer alan videoları ilə rastlaşmısınız. Çünki hansı sosial şəbəkəyə daxil olursan, ilk bu bu həkimin görüntüləri çıxır insanın qarşısına. Bəli, söhbət "Həyat həkim"dən gedir.

Əvvəlcə bu "həkim"in videoları yayıldıqda ciddi qəbul etdik və düşündük ki, çox zaman gündəlik həyatımızda rastlaşdığımız savadsız həkimlərdən biridir. Sonradan gördük ki, bu xanımın fərqli mövzularda da videoları yayıldı. Bizi maraq bürüdü və başladıq "Həyat həkim"in axtarışına. Axtarışımız zamanı gördük ki, bu xanımın kimliyi tək bizə yox, bir çox sosial şəbəkə üzvlərinə maraqlıdır və izləyicilər onun kim olduğu ilə bağlı maraqlanırlar.

Axtarışımız zamanı öyrəndik ki, 28 yaşlı gənc xanım əslində həkim yox, Azərbaycan Film Akademiyasının aktrisasıdır. Həyat Məlikova illərdir aktrisa olmağı arzulasa da, əvvəllər başqa sahələrdə çalışıb. Həyatının ən pis dönəmində qarşılaşdığı aktyorluq kursu bir andaca onun həyatını dəyişib və hamının sevimlisi olan "Həyat həkim"ə çevirib.

Düşündük ki, bu xanımla daha ətraflı müsahibə hazırlasaq, izləyicilər üçün də maraqlı olar. Lakin bu proyekti hazırlayan şəxslər "Həyat həkim"in hələ ki məxfiliyini qorumaq istədiklərini və bu mövzuda bizə köməklik göstərə bilməyəcəklərini bildirdilər. Verdikləri məlumata görə, layihə uzun müddət davam edəcək və daha da böyüyəcək.

Düzü, müsahibənin alınmadığına kədərlənsəm də, layihənin davamlı olması xəbəri şəxsən məni çox sevindirdi. Çünki "Həyat həkim" insanların ürəyindən keçənləri, dilə gətirə bilmədiklərini, bu günkü reallıqları gülüş vasitəsilə çatdırır. "Həyat həkim"in videolarında tək gülüş yox, gülüşün arxasında böyük kədər də durur. Çünki təəssüf ki, savadsız həkimlərin sayı ölkəmizdə heç də az deyil. Xəstə ayağın yerinə sağlam ayağı kəsənlər, peyvəndlər barədə müxtəlif fantaziyalı fikirlər səsləndirənlər, analizin nəticələrinə baxmadan xəstəni əməliyyata salanlar və s.

Bəlkə də həmin həkimlər necə göründüklərini "Həyat həkim" sayəsində kənardan görüb insafa gələrlər və bizim də yazıq canımız onların əlindən birdəfəlik qurtular.

Sfera.Az