“Reallıq odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə ənənəsinə uyğun olaraq ziddiyətli danışan Paşinyan deyib ki, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədləri iki ölkənin müstəqilliyinin ilk aylarında onların dövlət sərhədlərinə çevrilib. O zaman həm Ermənistan, həm də Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması üzrə sazişi imzalayaraq ratifikasiya ediblər.

Daha sonra Paşinyan təxribatçı mövqedən çıxış edərək, Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi ilə müzakirələrə çağırıb: "Dağlıq Qarabağ məsələsinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək həllini də əhəmiyyətli sayırıq. Düşünürəm ki, Azərbaycanla Dağlıq Qarabağın müzakirələrə başlaması faydalı olar. Bu kontekstə ATƏT-in Minsk Qrupu həmsədri kimi Fransanın rolunu qeyd etmək istəyirəm".

Görünən odur ki, Paşinyan Makronu görüb daha da cəsarətlənir və yenə status, həmsədrlər məsələsini gündəmə gətirir. Halbuki, bütün bunlar absurddur və heç bir əsası yoxdur.

"Paşinyanın separatçılar və statusla bağlı sərsəmləməsi heç nəyi dəyişmir və dəyişməyəcək"

Day.Az baki-xeber.com-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən siyai ekspert Elşad Həsənovun fikrincə, yeni yaranan geosiyasi reallıqlarla əlaqədar olaraq "Dağlıq Qarabağın statusu" ifadəsi, Minsk Qrupu tarixin zibilliyinə atılıb: "Yəni sözügedən məsələyə bir də qayıdılmayacaq. Buna Brüssel danışıqlarında Şarl Mişelin timsalında bir daha şahid olduq. Nə status, nə də Qarabağ məsələsi gündəmdədir. Makron bunu istəsə də, istəməsə də, bu bir rallıqdır və bunu dəyişmək mümkün deyil. Ən azından ona görə ki, həmsədrlər arasında konfrontasiya gedir. İkincisi, Paşinyan sonuncu Brüssel görüşündə danışıqlara razılıq verdi, amma qayıdandan sonra təxribat törətdi. Bütün bunlar onu göstərir ki, Paşinyan danışıqlarda səmimi deyil. Bu da ermənilərin xalq olaraq məkrli xislətindən irəli gəlir. Onlar bir söz deyir, amma əməldə başqa iş görürlər. Reallıq odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Sərhədlərin delimitasiyasını, nəqliyyat xətlərinin açılmasını sürətləndirməlidir. ABŞ-ın vasitəçiliyi ilə Hikmət Hacıyevlə Armen Qriqoryanın görüşü oldu. Fikrimcə, sözügedən məsələlər həm ABŞ-ın, həm də Avropa İttifaqının gündəliyindədir. Bu baxımdan, Paşinyanın Makronla görüşdə separatçılar və statusla bağlı sərsəmləməsi heç nəyi dəyişmir və dəyişməyəcək. Çünki Makron Paşinyanla görüşün məzmunu barədə Prezident İlham Əliyevə zəng edərək məlumat verib. O da sülh danışıqlarının aparılması və sərhədlərin delimitasiyasının tərəfdarı olduğunu bildirib. Harda görünüb ki, bir ovuc etnik qrupa xususi status verilsin? Heç yerdə. Qarabağda 30 min erməniyə nə status? Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Azərbaycan dövləti Qarabağda etnik ermənilərin təhlükəsizliyinə zəmanət verir".

Bu baxımdan siyasi ekspert hesab edir ki, Ermənistan hakimiyyəti mənasız tələblərə son qoymalıdır.