Fransa işğal altındakı ərazilərimizi talayanda, Azərbaycan  Notr-Dam kilsəsinin təmiri, bu ölkədəki tarixi abidələrin bərpası ilə məşğul olurdu

Əyyami-qədimlərdi, daha doğrusu, təqribən 150 il əvvəldi. Azərbaycanın qərbində, kiçik kəndlərdən birində iki yoxsul, amma "bəy" adı daşıyan rəfiq səhər saatlarında oturub xəşil yeyirdilər.

Rəfiqlərdən biri qəflətən qaşığı qoyur boşqabın kənarına və qarşı tərəfindəkinə baxaraq deyir:

- A bəy, deyirlər paccah Nikolayın pulu çoxdu, lap çoxdu. Dünyada onun qədər pullu azdı. Elədimi?

Digər "bəy" qaşıqlı əlini saxlayıb aramla söyləyir:

- Bəs nə! O kişi o qədər pulludu ki, hər gün xəşil yeyir!

... Əfsuslar olsun ki, Azərbaycanda siyasətçilər, millət vəkilləri, siyasi ekspertlər və analitiklər arasında da "paccahın xəşili"ndən bəhs edənlər var.

Onlar bəlkə də bunu sövqi-təbii, bilmədən edir, yazır və deyirlər.

Bəlkə ölkənin və millətin maraqlarını, mənafelərini qorumaq üçün edirlər və vətənpərvər olduqlarını göstərmək istəyirlər.

İstəyirlər, amma istəklə yekun nəticə arasında böyük fərq alınır və həmin uçurumda da niyyət batır, göz önündə olansa tam fərqli, hətta diametral əks sonucdur.

Məsələn, Milli Məclisin üzvü Arzu Nağıyev kimi.

Cənab Nağıyev ekstraordinar, bəzən ciddi müzakirələr doğuran və birmənalı qəbul edilməyən açıqlamaları ilə tanınır.

Onun son açıqlaması da eyni məcrada alınıb, təəssüflər olsun.


"Həmçinin, ermənilər öz xəyanətkar əllərini çaylarımıza da uzatdılar. Belə ki, onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etdilər, onların avadanlığını isə söküb apardılar. Hər kəsə bəllidir ki, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirməklə məşğuldur və bu da çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir. Çox təəssüf ki, bu şirkətlərin önündə Fransa şirkətləri durur və onlar Azərbaycan sərvətlərinin talan edilməsində canla-başla erməni "bacı"larına yaxından köməklik göstərirlər. Bu faktı da qeyd edək ki, Fransa işğal altındakı ərazilərimizi talayanda, Azərbaycan ümumbəşəri dəyərlər prinsipindən çıxış edərək Notr-Dam kilsəsinin təmiri, bu ölkədəki tarixi abidələrin bərpası ilə məşğul olurdu", - A.Nağıyev deyib.

İqtibasın böyüklüyünün səbəbi var, çünki bu açıqlamada yanlışlar az deyil.

Belə ki, erməni işğalı zamanı və sonradan, ərazilərimizin kiçik qismində Rusiyanın sülhməramlı kontingenti yerləşəndə təbii sərvətlərimizin quldurcasına, vəhşicəsinə talan və qəsb edilməsində Fransada qeydiyyata alınmış şirkətlər yox, digər ölkələrdə fəaliyyət göstərən strukturlar dururdu. İndi də belədir.

"Azərbaycan ümumbəşəri dəyərlər prinsipindən çıxış edərək Notr-Dam kilsəsinin təmiri, bu ölkədəki tarixi abidələrin bərpası ilə məşğul olurdu" ifadəsi isə ümumiyyətlə, qüsurlu və yanlışdır. Çünki Parisdə yanğına məruz qalan və sonra da təmiri üçün dünyanın ən müxtəlif ölkələrinin təşkilatlarının, vətəndaşlarının və beynəlxalq qurumların təqribən 920 milyon avro topladıqları prosesdə rəsmi Bakı aktiv iştirak etməyib.

Lakin Parisin bir sıra tarixi-mədəniyyət abidələrinin bərpasında və rekonstruksiyasında Azərbaycanın iştirakı, donor yardımları və s. faktdır.

A.Nağıyevin interpretasiyasında isə hadisələrlə faktlar elə qarışıq və ynalış təqdim olunub ki, oxucuda Fransanın ərazilərimizi talan etdiyi dönəmdə rəsmi Bakının bunu görməyərək, anlamayaraq və ya qulaqardına vuraraq siyasət yürütdüyü barədə təsəvvür yaranır.

Bu isə əsla belə olmayıb, deyil və ola da bilməz.

Azərbaycanın xarici siyasətinin bəhs etdiyimiz formada təqdimatı ümumi işimizin xeyrinə olan açıqlama deyil - təəssüf ki.

Halbuki Heydər Əliyev Fondunun Fransada gördüyü işləri bu ölkənin siyasətçiləri, mədəniyyət xadimləri, alimləri və habelə, adi vətəndaşları unutmayıblar.

Gəlin, xatırlayaq: Parisdə terror qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə, Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına yardım, Strasburq kafedralının XIV əsrə aid olan beş vitrininin, Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılması və sair. Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirildi, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzi yaradıldı, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açıldı... Bu, Fransada Heydər Əliyev Fondunun dəstəyi, bilavasitə Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin heç də tam olmayan siyahısıdır. Təsadüfi deyil ki, birinci xanım Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyi böyük töhfələr, mədəniyyət, elm və təhsil sahələrindəki xidmətləri Fransada hələ də xüsusi vurğulanır.

Fəqət, əfsuslar olsun ki, Fransanın son vaxtlar Ermənistanı az qala şizoidal formatda dəstəkləməsi və fransalı siyasətçilər arasında ermənidən artıq erməni olmağa çalışanların sayının artması nəticəsində Bakı-Paris münasibətləri sərinləşmə dövrünü yaşayır.

Səbəb, bəhs etdiyimiz kimi, rəsmi Parisin yürütdyü absurd xarici siyasətdir.

Parisin Cənubi Qafqazla bağlı siyasəti primitiv və naqisdir, amma bu, həmin siyasətlə bağlı sadəlövh və yanlış açıqlamalar verərək "tənqid" görüntüsü yaratmaq cəhdlərinə varmaq olmamalıdır.

Milli.Az