Zaha Hadid kimdir?

Dekonstruktivist üslubu ilə dünyaca tanınan memar - Zaha Hadid 31 oktyabr 1950-ci ildə İraqın Bağdad şəhərində anadan olub.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, İraq əsilli Britaniya vətəndaşı olan Hadid 2004-cü ildə memarlıq dünyasının ən nüfuzlu mükafatı sayılan Pritzker Mükafatını alan ilk qadın olaraq tarixdə iz qoymuşdur. O, Roma, Berlin, Abu Dabi, Barselona, London, Qlazqo, Pekin, Saraqosa, Nyu-York, York, Bakıda və bir çox başqa şəhərlərdə müasir dizaynda əsərlərin müəllifi olmuşdur.

Ətrafında qadın memar olmasa da, kiçik yaşlarından hər zaman memar olmaq fikrində olan Zaha, Beyrut Amerika Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra 1972-ci ildə London Memarlıq Assosiasiyası Məktəbində memarlıq təhsili alaraq xəyallarını həyata keçirməyə başlayır. Ardınca, Zaha Hadid 1980-ci ildə Londonda öz Memarlıq firmasını quraraq həmin illərdə beynəlxalq institutlarda, xüsusilə Memarlıq Assosiasiyasında,daha sonra isə Graduate School of Design, Harvard University, University of Illinois, Hochschule für Bildende Künste və Knowlton School of Architecture kimi nüfuzlu təhsil ocaqlarında dərs demişdir.

Almaniyadakı Vitra yanğınsöndürmə stansiyası memarın dünya miqyasında tanıdan ilk irimiqyaslı layihəsi idi. Romadakı 21-ci Əsrin Milli İncəsənət Muzeyi (MAXXI), Qətərdə Əl-Vakrah stadionu, 2012-ci il Olimpiya Oyunları üçün London Su İdmanı Mərkəzi, ABŞ-da Rosenthal Müasir İncəsənət Mərkəzi, Çinin ən böyük beynəlxalq havalimanı - Daxing havalimanı, Çinin Quançjou şəhərinin mərkəzində yerləşən Opera Sarayı Hadidin dünyaca məşhur proyektləri sırasındadır.

Bakının unikal memarlıq abidəsi sayılan,Ümumilli lider Heydər Əliyevin imzasını əks etdirən mərkəzin dizaynı da həmçinin, Zaha Hadid-ə aiddir. Zaha Hadid Heydər Əliyev Mərkəzini özünün əsas layihələrindən biri hesab edirdi. Ornamental və İslam memarlığı üslubunun istifadə olunduğu mərkəz dizaynı 2014-cü ildə Britaniya Dizayn Muzeyi tərəfindən "İlin Dizaynı" mükafatına layiq görülmüşdür.

2008-ci ildə Forbes jurnalının "Dünyanın 100 Ən Güclü Qadını" siyahısında 69-cu yeri tutmuşdur.

Zaha Hadid, İstanbulda məscid tikmək arzusunu həyata keçirə bilmədən 2016-cı il martın 31-də kəskin ürək tutmasından dünyasını dəyişmişdir.