Paşinyan Kişinyova "əli dolu" yola salınıb

Müəllif: Təhməz Əsədov

Mənbə: Trend

Moldovanın paytaxtı Kişinyovda bu gün Avropa Siyasi Birliyinin ikinci sammiti işinə başlayır. Bu sammit Azərbaycan və Ermənista üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Kişinyovda həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüşün də keçirilməsi nəzərdə tutulub.

Təbii ki, görüş Bakı ilə İrəvan arasında yekun davamlı sülh sənədinin imzalanması istiqamətində cərəyan edəcək. Lakin bu gün Moldovanın paytaxtında Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsindən daha çox Ermənistanın gələcəyi, talehi həll olunur desək yanılmarıq. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq, biz heç onları buna məcbur etməyə də çalışmayacağıq.

Həmçinin oxuyun: Moskva görüşü niyə nəticəsiz başa çatdı? - Paşinyanın qurduğu oyun və imzalanmayan sənədlər

Əslində Prezident İlham Əliyevin Laçından səsləndirdiyi bəyanatlar Kişinyov görüşündən öncə Azərbaycanın şərtlərini özündə ehtiva edirdi desək, yanlış olmaz. Rəsmi Bakının hazırda Ermənistandan əsas tələbləri 10 noyabr 2020-ci ildə imzalanan üç tərəfli bəyanatın 4-cü və 9-cu bəndlərinə olduğu kimi əməl edilməsidir.

Vətən müharibəsində proseslərin hərbi fazası öz həllini tapdı. Geriyə, siyasi və diplomatik yollarla həll ediləcək məsələlər qalıb ki, Azərbaycan da məhz bu istiqamətdə əlindən gələni edir ki, bölgə növbəti dəfə hərbi poliqona çevrilməsin. Proseslər Bakının istədiyi şəkildə, məntiqi axarla davam edir və heç kim öncədən iddia etmirdi ki, yerdə qalan problemlər dərhal həll olunacaq, təcili sülh sazişi imzalanacaq.

Amma biz görürük ki, Azərbaycanın təzyiq və nümayiş etdirdiyi pressinq bu gün Ermənistan tərəfini məcbur edir ki, istəməsə belə məsələlərin həllinə doğru addımlar atsın. Bakı-İrəvan təmaslarının Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Kşinyov raundu barədə gözləntilər çox da böyük olmasa da müəyyən məsələlərdə irəliləyiş gözlənilir.

Bunun üçün Azərbaycan-Ermənistan münasibətlərindəki danışıqlaröncəsi mənzərəyə ümumi göz atmaq lazımdır. Baxsaq İrəvan hələ götürdüyü öhdəlikləri rəsmiləşdirən qərarlar verməyib, Bakı isə sərhəddə genişmiqyaslı, Qarabağda isə antiterror əməliyyatlarının anonsunu verir.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edib, hətta ərazilərin ölçüsünü də qeyd etsə belə, İrəvanın sərhəddəki hərbi təxribatları Ermənistan baş nazirinin dedikləri ilə heç cürə üst-üstə gəlmir. Digər yandan da şahidi oluruq ki, Ermənistan Kəlbəcər istiqamətində şərti sərhədə əlavə qüvvələr göndərir, hərbiləşməyə davam edir.

Hadisələrin bu cür inkişafı rəsmi Bakını vadar edir ki, Kişinyov görüşündə bu məsələləri kökündən həll etsin:

1. Ermənistan hərbiləşməyə getməkdən imtina etdiyini rəsmiləşdirsin;
2. Sərhədlərin delimitasiyası üzrə işlər vaxt itirmədən başlasın və bu proses Zəngəzur dəhlizi kontekstində reallaşdırılsın

Nəzərə alsaq ki, Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra Kişinyovda sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən bəhs etsə də sonradan bu ritorikasında dəyişkilik etdi, görüşə iki gün qalmış Ermənistan baş naziri Moldovanın paytaxtında "sülh sazişinin imzlanması planı yoxdur" açıqlamasını verməklə növbəti dəfə sülhdən yayınmaq üçün zəmin hazırladığını gizlədə bilmədi.

Həmçinin oxuyun: Gah nala, gah mıxa vuran Paşinyan - Erməni baş nazirin ziddiyyətli bəyanatlarının sirri

Hadisələrin gedişatı deməyə əsas verir ki, İrəvan Vaşinqton və Brüsseldə razılığa gəldiyi məsələləri tamamilə bir kənara qoymaq barədə düşünür. Hətta çox güman ki, Ermənistan lideri hamisi, havadarı olan Fransanın da iştirak edəcəyi bu görüş zamanı Paşinyanı heç də asan dəqiqələr gözləmir. Çünki Ermənistan siyasi rəhbərliyinin Vaşinqton və Brüssel görüşləri zamanı Bakı ilə razılaşdırdıqları məsələləri bu gün Avropa İttifaqı və Ağ Ev də dəstəkləyir.

Lakin bununla belə Ermənistan Emanuel Makronun yardımı ilə əlindən gələni edəcək ki, ən pis halda bir neçə şifahi razılaşmanı əks etdirən ortaq bəyanatın qəbulu mümkün olsun. İrəvan hazırda hamisi Fransanın da tapşırıqlarından kənara çıxmağa cürət etmir. "Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq" dedikdən sonra əslində Nikol Paşinyandan növbəti müsbət addımlar, bəyanatlar gözlənilən idi.

Birdən-birə ritorikasındakı əks istiqamət də dü.ünməyə əsas yaradır ki, Paşinyanın özünə də Azərbaycanla razılığa gəlməmək üçün təzyiq pik həddədir. Lakin Paşinyan bilməlidir ki, onun üçün ən böyük təhlükə Ermənistanın növbəti dəfə Azərbaycanla meydanda təkbətək qalması ola bilər. Ermənistan üçün bu xoşagəlməz ssenarinin baş tutmaması üçün Bakı ilə razılığa gəlmək, konstruktivlik nümayiş etdirmək çox önəmlidir.