İran seçim qarşısında

Müəllif: Elnur Bağışov

Mənbə: Trend

Son vaxtlar İranın nüvə proqramı dünya mediasında aktuallığını qoruyan əsas məsələlərdən biridir.
İranın nüvə proqramı sözün əsl mənasında bu ölkəni, daha dəqiq desək rejimi başağrısına salan problemlərdən biridir. İran dünyaya nüvə proqramının "sülhməramlı" "dinc məqsədli" olduğunu car cəkir. İran bütün səviyyələrdə atom bombasının hərbi və müdafiə doktrinasında "yerinin olmadığını" deyir.

Dinc məqsədli nüvə proqramında uranı yüksək səviyyədə zənginləşdirmək və həmin uranı ölkə ərazisində aidiyyəti üzrə beynəlxalq qurumlardan gizli saxlamaq hərbi məqsəddən başqa hansı məsələni özündə ehtiva edə bilər?

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin əldə etdiyi məlumatlara görə, İran son üç ayda yüksək ölçüdə zənginləşdirilmiş uranın miqdarını 27% artırıb və hazırda bu ölkənin zənginləşdirilmiş uran ehtiyatı 4 745 kiloqramdır. Bu isə Hərtərəfli Birgə Fəaliyyət Planında İrana sahib olması üçün uranın həcmi ilə əlaqədar verilən icazədən 15 dəfə çoxdur.

İran son illər ərzində ölkədə müxtəlif yeraltı hərbi obyektlər və laboratoriyalar yaradıb və bunların təqdimatını keçirib. İran rejiminin hərbi rəsmiləri belə yeraltı hərbi obyektlərin çoxlu sayda olduğunu, sadəcə bir neçəsinin açıqlandığını "böyük fəxrlə" qeyd edirlər. Həmin hərbi obyektlərdə isə "atom bombası"nın olub-olmamasına heç kim zəmanət verə bilməz.

Hərtərəfli Birgə Fəaliyyət Planının icrasını dayandırdıqdan sonra, İran növbəti nüvə müzakirələrinə effektiv daxil olmaq planı çərçivəsində razılaşmaya çatmaq üçün heç də tələsməyib və sanki nüvə müzakirələrinə "əli dolu" getmək istəyir.

Təbii ki, İranın bu istəyi dünya ölkələrinin gözündən qaçmır. ABŞ və qərb ölkələri minimum səviyyədə İranın bu mövqeyini nəzərə alaraq böhran bataqlığında çabalayan İran iqtisadiyyatını birdəfəlik batırmaq istiqamətində addımlar ata bilərlər.

Məsələ burasındadır ki, ABŞ və qərb ölkələri artıq bundan sonra İranı ciddi seçim qarşısında qoyacaqlar: Ya "atom bombası" əldə edib, ölkəni tamamilə qapalı bir məkana çevirmək, ya da "dinc məqsədli" nüvə proqramı ilə azacıq güzəştlərlə müvəqqəti olaraq bataqlıqda boğulmama şəraitində yaşamaq. Hazırkı durumda isə İran ikinci variantı seçməklə yenə də vaxtı uzatmağa hesablanmış planını davam etdirə bilər.

Qeyd olunanlar göstərir ki, İran nüvə proqramı ilə bağlı seçimlər arasında ya pisi, ya da daha pisi seçməli olacaq.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda (2019) sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda (2019) uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran 2019-un 5 sentyabrında növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran 2019-cu il 5 noyabrda nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

İran 2020-ci il 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub. Sanksiyalar İranın xarici ölkələrdəki əmlakının dondurulması ilə nəticələnib.