BMT komitə iclasında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəsi vurğulanıb

İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyasından irəli gələn problemlər artır.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Haciyev BMT Baş Assambleyasının 80-ci sessiyasının üçüncü komitəsinin "İnsan hüquqlarının təşviqi və müdafiəsi" mövzuda keçirilən iclasda bildirib.

"İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyasından irəli gələn problemlər artır, bu da dünya üzrə milyardlarla insanın həyatına və onların geniş insan hüquqları spektrinə mənfi təsir göstərir.

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik ən azı 300 milyard ABŞ dolları həcmində vəsaitin səfərbər edilməsini nəzərdə tutur və bu hədəfin icrası bu kontekstdə son dərəcə vacibdir.

İqlim dəyişikliyindən irəli gələn insan hüquqları problemlərinin - köçkünlük, yoxsulluq, qida çatışmazlığı və aclıq, eləcə də su qıtlığı kimi məsələlərin - həlli üçün beynəlxalq ictimaiyyətin səmərəli fəaliyyəti zəruridir.

Azərbaycan 2024-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim edib. Hesabatda, digər məsələlərlə yanaşı, iqlim dəyişikliyi və ətraf mühitin pisləşməsi ilə mübarizə istiqamətində görülən tədbirlər əksini tapıb. Bu tədbirlər əhalinin rifahı və dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməyə yönəlib. Əlaqədar insan hüquqlarının təminatı dayanıqlı ətraf mühitdən və bu sahədə səmərəli siyasətin həyata keçirilməsindən asılıdır," - deyə diplomat qeyd edib.