Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumət qarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənəd olacaq.

Day.Az xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bir neçə komitəsinin ortaq iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, maliyyə nazirinin çıxışında bəhs etdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olması məsələsini dəstəkləyir:

"Düşünürəm ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsinin reallaşması, həm də regionlarda mövcud olan problemlərin həllində əsas amil olacaq".

Parlamentari çıxışında büdcənin tərtibatında beynəlxalq gündəlikdə istifadə olunan bir sıra yeniliklərdən söz açıb:

"Xüsusilə təklif edirəm ki, növbəti illərdə dövlət büdcəsinə "süni intellekt" və "mavi iqtisadiyyat"la bağlı ayrıca bölmələr əlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da artıq "mavi iqtisadiyyat" termini geniş şəkildə tətbiq olunur.

Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində "mavi iqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması faydalı olar".

Sevil Mikayılova qeyd edib ki, 2026-cı il dövlət büdcəsi kifayət qədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddir və bu layihəni dəstəkləyəcək.