Hərbi paradda sərgilənən texnikalar ordumuzun inkişafının sübutudur

Artıq 5-ci ildir ki, Zəfər Günü qeyd olunur. Mənim də bu Zəfər Günündə payım olub və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Bu münasibətlə başda Ali Baş Komandan olmaqla, bütün əsgərlərimizi və zabitlərimizi təbrik edirəm.

Bunu Vətən Müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad çərçivəsində Trend-lə fikirlərini bölüşən Müdafiə Nazirliyinin zabiti mayor Elşən Musayev deyib.

"Onlara uzun ömür, can sağlığı arzulayıram. Allah millətimizə və dövlətimizə bu cür zəfərləri daha çox yaşatsın. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə səbr, şəhid ailələri və yaxınlarına səbr arzulayıram", - deyə mayor vurğulayıb.

Elşən Musayev 44 günlük müharibədə iştirakından da söz açıb:

 

"Müharibə asan deyil. Müharibə heç vaxt itkisiz və şəhid olmadan keçmir. Döyüşlərdə iştirak etmiş biri olaraq deyə bilərəm ki, öncədən bu çətinlikləri bilirdik. Amma vətən torpaqlarının azad olunması üçün bu yola getmişdik və and içmişdik. Bizə bu tapşırığı verən Prezidentimizə təşəkkür edirəm. Biz də bu tapşırığı ləyaqətlə yerinə yetirdik. Nə yaxşı ki, torpaqlarımızı azad etdik".

MN zabiti əlavə edib ki, 44 günlük müharibədə ordumuz üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirdi.

"Ondan sonra da inkişaf davam etdi. Bu gün ordumuzda yeni hərbi texnikalar, silahlar, avadanlıqlar nümayiş etdirilir. Bütün bunlar ordumuzun gücünü və qüdrətini göstərir. Hər bir ordu kimi bizim də öz strategiyamız, imkanlarımız var. Hərbi paradda sərgilənən texnikalar ordumuzun inkişafının, gücünün bir sübutudur. Mən şəxsən müharibədə iştirak edən biri olaraq hərbçilərimizin necə fədakarlıqla döyüşdüyünün şahidi olmuşam", - deyə o fikrini tamamlayıb.