İsrail Laricanini hədəf aldı

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı İsraildə səslənən bəyanatlar fonunda "X" platformasında Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində "IRIS Dena" freqatına zərbə endirməsi nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu yayımlanıb.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Onların xatirəsi İran xalqının qəlbində əbədi qalacaq və şəhidlik ölümləri uzun illər boyunca İslam Respublikasının ordusunun silahlı qüvvələr strukturundakı təməlini daha da möhkəmləndirəcək,"- deyə məktubda bildirilir.

Qeyd edək ki, İsrailin Müdafiə Naziri İsrael Katz son bəyanatında bildirib ki, İranın "faktiki lideri" Əli Laricani aviazərbə nəticəsində həlak olub.

"Hazırda Baş Qərargah rəisi mənə məlumat verib ki, Milli Təhlükəsizlik Şurasının katibi Laricani və Bəsic rəhbəri gecə saatlar;nda zərərsizləşdirilib və Xamenei ilə birlikdə məhvetmə planının rəhbəri və Şər qüvvələrinin bütün aradan qaldırılmış üzvləri cəhənnəmin dərinliklərinə yollanıblar",-
İran hakimiyyəti bu informasiyanı şərh etməyib.

xxx

12:33

İsrail rəsmilərinin məlumatına görə, İsrail hava qüvvələri gecə ərzində İranda həyata keçirdiyi aviareydlərin birində İranın yüksək rütbəli məmuru - ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəfə alıb.

Day.Az bu haqda "Times of Israel"ə istinadən xəbər verir.

Laricaninin bu zərbə nəticəsində həlak olub-olmadığı və ya yaralanıb-yaralanmadığı dəqiq məlum deyil.

Eyni zamanda nəşrin müdafiə qüvvələrindən olan mənbələrə istinadən verdiyi məlumata görə, IDF (İsrail Müdafiə Qüvvələri) son hava zərbələrində "Fələstin İslam Cihadı" hərəkatının lideri Əkrəm əl-Əcuri və hərəkata aid digər yüksək vəzifəli şəxslər hədəfə alınıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bu səhər keçirilən iclasda konkret adlar çəkməsə də, bildirib ki, gecə ərzində həyata keçirilən zərbələrdən sonra mühüm nəticələr qeydə alınıb və bu nəticələr hərbi kampaniyanın nailiyyətlərinə və İsrail Müdafiə Qüvvələrinin missiyasına təsir göstərə bilər

 

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.