Görünməyən təhlükə - Dəm qazından necə qorunmalı?
Son günlərdə məişətdə qazdan düzgün istifadə olunmaması nəticəsində baş verən hadisələr bir daha təhlükəsizlik məsələsini gündəmə gətirir. Xüsusilə dəm qazı zəhərlənmələri hər il onlarla insanın sağlamlığı üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bildirir ki, bu kimi halların əsas səbəbi qaz cihazlarının düzgün istismar edilməməsi və elementar təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.
Mövzu ilə bağlı Day.Az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatı olan məkanlarda təhlükəsizlik məsələsi daim ön planda olmalıdır. Onun sözlərinə görə, qazın fiziki-kimyəvi xüsusiyyətləri düzgün istifadə edilmədikdə dəm qazının yaranmasına səbəb olur.
Ekspert qeyd edib ki, məişətdə qaz cihazlarından istifadə zamanı təhlükəsiz istismar qaydalarına ciddi riayət olunmalıdır:
"İlk növbədə qaz istifadə olunan otaqlarda havalandırma təmin edilməlidir. Mütləq şəkildə ventilyasiya, nəfəslik olmalıdır. Çünki qazın yanması üçün kifayət qədər oksigen tələb olunur. Otaqda oksigen çatışmazlığı olduqda yanma prosesi düzgün getmir və bu da dəm qazının yaranmasına gətirib çıxara bilər".
Onun sözlərinə görə, dəm qazı natamam yanma məhsuludur və məhz yanma prosesi pozulduqda əmələ gəlir.
"Yanma prosesi isə əsasən otaqda hava çatışmazlığı, ventilyasiyanın olmaması, tüstü bacasının işlək vəziyyətdə olmaması və ya normativ standartlara uyğun quraşdırılmaması səbəbindən pozulur. Tüstü bacasının əsas funksiyası yanmış qazları atmosferə xaric etməkdir. Əgər bacanın sorma qabiliyyəti zəifdirsə, bu da yanma prosesinə mənfi təsir göstərir.
Bəzi hallarda tüstü bacaları uzun müddət təmizlənmir, içərisində müxtəlif məişət tullantıları və ya digər maneələr yaranır ki, bu da onun işləməsinə əngəl törədir. Buna görə də tüstü bacaları mütəmadi olaraq yoxlanmalı və təmizlənməlidir.
Bundan əlavə, qaz istifadə olunan məkanlarda dəm qazı və qaz sızmasına qarşı detektorların quraşdırılması vacibdir. Bu cihazlar dəm qazı yarandığı anda siqnal vasitəsilə xəbərdarlıq edir və insanların vaxtında tədbir görməsinə imkan yaradır", - o bildirib.
Ekspert əlavə edib ki, dəm qazı halları daha çox hamam otaqlarında baş verir: "Təhlükəsizlik baxımından bu tip məkanlarda qaz cihazlarının quraşdırılması məqsədəuyğun deyil. Əgər quraşdırılıbsa, mütləq şəkildə havalandırma və nəfəslik təmin olunmalıdır".
Seyranə Quliyeva
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре