Çanta ilə pul daşıma dövrü bağlanır - Əmlak alışında

Türkiyədə daşınmaz əmlak alqı-satqısında yeni qaydalar tətbiq olunacaq.

Day.Az xəbər verir ki, 1 iyul 2026-cı ildən etibarən "Təhlükəsiz Ödəniş Sistemi" bütün çıxarış əməliyyatları üçün məcburi olacaq.

Yeni sistemə əsasən, alıcı tərəfindən ödənilən məbləğ çıxarış qeydiyyatı tamamlanana qədər bloklanacaq və yalnız proses yekunlaşdıqdan sonra avtomatik olaraq satıcının hesabına köçürüləcək.

Bu yenilik alıcı və satıcı üçün mövcud riskləri minimuma endirməyi hədəfləyir. İndiyədək ödənişlər çox vaxt nağd, bank köçürməsi və ya qarışıq üsullarla həyata keçirilirdi ki, bu da dələduzluq, saxtakarlıq və oğurluq hallarına şərait yaradırdı. Yeni sistemlə həm böyük məbləğdə nağd pul daşımaq zərurəti aradan qalxacaq, həm də tərəflər arasında etimad problemi həll olunacaq.

Prosesə görə, tərəflər əvvəlcə satış qiymətində razılaşacaq, daha sonra ödəniş xüsusi sistem üzərindən həyata keçiriləcək. Pul təhlükəsiz hesabda saxlanılacaq və çıxarış təhvil verildikdən dərhal sonra satıcının hesabına köçürüləcək. Əgər əməliyyat baş tutmasa, məbləğ alıcıya geri qaytarılacaq. Yeni sistemin tətbiqi ilə daşınmaz əmlak bazarında daha şəffaf və təhlükəsiz mühitin formalaşacağı gözlənilir.