Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üzrə missiyanın göndərilməsini təsdiqlədi

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ermənistanda hibrid təhdidlərə - o cümlədən seçki proseslərinə ölkə xaricindən müdaxilələr, kiberhücumlar və qanunsuz siyasi maliyyələşməyə qarşı mübarizədə Yerevana dəstək olacaq yeni mülki missiyanın təsis olunduğunu təsdiqləyib.

Day.Az bu haqda Trend-ə istinadən xəbər verir.

Missiya yaxın aylarda fəaliyyətə başlayacaq və iki illik mandat əldə edəcək. Missiyanın rəsmi adı - "Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia)" olaraq müəyyən edilib.

Xatırladaq ki, Ermənistan ötən ilin dekabrında missiyanın bərpa olunması xahişi ilə Aİ-yə müraciət etmişdi. Brüssel və İrəvanda aparılan müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri ötən həftə müvafiq qərarı yekdilliklə təsdiqləyiblər.