Orta Dəhliz TDT regionunu qlobal ticarət axınları ilə daha səmərəli şəkildə birləşdirmək baxımından real potensiala malikdir

Orta Dəhliz Türk Dövlətləri Təşkilatı (TDT) regionunu qlobal ticarət axınları ilə daha səmərəli şəkildə birləşdirmək baxımından real potensiala malikdir.

Day.Az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

"Həqiqətən də, Orta Dəhliz müasir qlobal kontekstdə getdikcə daha böyük əhəmiyyət qazanır. Təchizat zəncirləri transformasiya olunduqca ölkələr yalnız daha sürətli marşrutlar deyil, həm də daha etibarlı və şaxələndirilmiş variantlar axtarırlar. Bu baxımdan Orta Dəhliz Asiya ilə Avropa arasında çox praktik bağlantı halında formalaşır. Onun inkişafı "Türk dünyas- 2040 " baxışı çərçivəsində bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Bu, Şərqlə Qərb arasında ən qısa quru marşrutlarından biridir və regionumuzun qlobal ticarət axınlarına daha sıx inteqrasiyası üçün real potensiala malikdir", - deyə o bildirib

Eyni zamanda, Baş katib vurğulayıb ki, təkcə infrastruktur kifayət etmir.

"Əslində həlledici məqam ölkələr arasında koordinasiya və sistemin praktikada nə dərəcədə effektiv işləməsidir. Məhz buna görə biz həm əlaqəliliyin gücləndirilməsinə, həm də marşrut üzrə əməliyyat proseslərinin sadələşdirilməsinə diqqət yetiririk. Buna yaxşı nümunə kimi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunu göstərmək olar. Gözlənilir ki, bu layihə ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və tranzitin səmərəliliyini yüksəldəcək, daşımaların həcmi isə ildə 15 milyon tona çatacaq", - deyə K.Ömüralıyev qeyd edib.

O bildirib ki, gömrük və logistika sahəsində rəqəmsallaşmaya da xüsusi diqqət ayrılır.

"Azərbaycan və digər üzv dövlətlər ePermit (elektron daşıma icazələri), eCMR (elektron əmtəə-nəqliyyat qaimələri) və eTIR (elektron gömrük tranziti sistemi) kimi sistemləri uğurla şəkildə tətbiq edirlər ki, bu da beynəlxalq daşımaları daha çevik, daha sadə və daha şəffaf edir. Bu istiqamətdə mühüm mərhələlərdən biri 2025-ci ilin yanvarında Bakıda keçirilmiş TDT gömrük xidmətləri rəhbərlərinin iclasında eTIR sisteminin tam tətbiqi üzrə regional yol xəritəsinin qəbul edilməsi, həmçinin 2026-cı ilin aprelində TDT üzv dövlətlərinin nəqliyyat nazirlikləri tərəfindən eCMR-in tətbiqinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanması olub", - deyə TDT-nin Baş katibi vurğulayıb.

Ömüralıyevin fikrincə, 2022-ci ildə Səmərqənd sammitində gömrük prosedurlarının və beynəlxalq yükdaşımaların sadələşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlarla yanaşı, bu tədbirlər də Orta Dəhlizi mərhələli şəkildə daha effektiv və proqnozlaşdırıla bilən marşruta çevirir.

"Zaman keçdikcə məhz bu amillər onun bütün tərəfdaşlar üçün həqiqətən rəqabətə davamlı və etibarlı marşrut rolunu təmin edəcək", - deyə o əlavə edib.