Dollar böhranından fayda görənlər, onu himayə edənlər

Day.Az представляет новость на азербайджанском языке

Dünyanı 10 ilə yaxın bir dövrdə təhdid edən maliyyə böhranının səbəbləri arasında siyasi amillərin dayanması versiyası öz təsdiqini tapıb. Böhranın kökündə duran iki mühüm amili - neftin dəyərsizləşdirilərək "su qiymətinə" endirilməsini, əvəzində ABŞ dollarının fasiləsiz olaraq dəyər qazanmasını, milli valyutaları sıxışdırmasını iqtisadi amillərlə izah etmək cəhdləri uğursuz oldu. Artıq hər kəs əmindir ki, dünya maliyyə-iqtisadi böhranı siyasi güclər tərəfindən düşünülmüş şəkildə idarə edilən xüsusi proqramdır. İndi diqqət bu "proqramın" ləngidilməsinə, neftin ucuzlaşmasının, paralel olaraq dolların bahalaşmasının qarşısının alınması üçün vasitələr tapılmasına yönəlib. İlkin reseptlər də tapılıb.

Neft ixrac edən ölkələr birliyi - OPEK sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə gündəlik neft hasilatını 32,5-33 milyon barrel həcminə endirmək barədə razılıq əldə etmişdi. Şifahi razılaşma hələ qərara çevrilmədən nəticə əldə edildi: neftin qiymətində artım oldu. Nəticənin müsbət olduğunu nəzərə alaraq, noyabrın 30-da Vyanada OPEK-in rəsmi iclası keçirildi və hasilatın gündəlik 1,2 mln. barrel azaltmaqla 32 mln. barrelə endirilməsi barədə yekun qərar verildi. OPEK bənzər addımın onun sıralarına daxil olmayan ölkələr tərəfindən də atılması üçün çağırış etdi və reaksiya özünü çox gözlətmədi. Başa vurduğumuz həftə içində- dekabrın 11-də OPEK-ə üzv olmayan ölkələrin Vyanada keçirilən toplantısında neft hasilatının azaldılmasına dair qərar verilib. Qərara əsasən, qeyri-OPEK üzvlərinin sutka ərzində neft hasilatı ümumilikdə 558 min barrel azaldılacaq. Mütəxəssislərin hesablamalarına görə, bu qərar neftin yenidən bahalaşması, neft hasil edə ölkələrin üzləşdikləri süni böhrandan çıxmaları üçün zəmin yaratmalıdır.

Neftin qiymətinin süni ucuzlaşdırılmasının qarşısının alınması ilə yanaşı, dolların əsassız olaraq bahalaşdırılmasına qarşı da tədbirlər görülür. "Böyük səkkizliyə" daxil olan ölkələrdən Rusiya və Çin qarşılıqlı ticarət əlaqələri zamanı dollardan imtina edilməsi və bunun mexanizmlərinin hazırlanması üçün hələ 2014-cü ildə ilkin razılığa gəlmişdilər. Proqramın tərkib hissəsi olaraq, Rusiya Sankt-Peterburqda yeni neft birjasının yaradılacağını, bu birjada bütün alqı-satqı əməliyyatlarının dollarla deyil, rublla aparılacağını bəyan etmişdi. Paralel olaraq, İran da bənzər cəhd göstərərək, öz neftini İran puluyla satmağa hazırlaşdığını açıqlamışdı. Düzdür, həmin vaxt iqtisadçı ekspertlər bu ideyanı fiksiya kimi şərh etdilər. Qeyd olunurdu ki, beynəlxalq ticarətdə əsas valyuta kimi dollardan istifadə edildiyi üçün İran, Rusiya və Çinin ABŞ valyutasından imtina etməsi imkansızdır. Dünyanın 12 trilyon dollar ekvivalentində olan valyuta ehtiyatlarının 8 trilyona yaxınının ABŞ dolları ilə saxlanıldığını önə çəkən ekspertlər dollara qarşı "savaş açmağın" qeyri-rasional addım olmasını əsaslandırmağa çalışdılar: "Bu prosesin dollara təsir edəcəyini o halda ehtimal etmək mümkündür ki, məsələ Rusiya-Çin sərhədlərini aşaraq, daha geniş məkana çıxmış olsun". Ötən iki il müddətində proses Rusiya-Çin sərhədlərini aşdı, Türkiyənin, İranın dəstəyini qazanmaqla daha geniş arenaya çıxdı. Rusiya, Çin, Türkiyə, İran arasında ticarət dövriyyəsinin həcmi yüz milyardlarla dollar məbləğində ölçülür. Bu həcmdə ticarətin dollardan kənar gerçəkləşdirilməsi nəinki adı çəkilən ölkələri dollar asılılığından çıxarıb süni maliyyə böhranından xilas etmək üçün yetərlidir, həm də qlobal mənada dolların nüfuzdan salınması üçün ciddi təhdiddir.

Tendensiyanın inkişaf edəcəyi, əlavə ölkələrin bu prosesə qoşulması ilə çevrənin daha da genişlənəcəyi, dünyada dollar asılılığı olmayan yeni düzənin formalaşacağı ehtimalı yüksəkdir. Dünya siyasi gündəmində yaşanan son gərginiliyin səbəbi də bununla əlaqələndirilir: mövcud düzəni idarə edənlər yeni düzən quranlara qarşı savaş açıblar.

Əgər razılaşmalara əməl edilərsə, bu gün, dekabrın 12-də Çin Türkiyə ilə ticarət əməliyyatlarının milli valuyutalarla gerçəkləşdirilməsinə başlamalıydı. Həmçinin, Türkiyə prezidenti dekabrın 11-12-də Qazaxıstana səfər etməli, əlavə region ölkələrinin yeni prosesə qatılmasının şərtlərini müzakirə etməliydi. Amma imkan verilmədi. İstanbulda törədilən qanlı terror səbəbindən prezident Ərdoğan Qazaxıstan səfərini təxirə saldı. Aparılan təhlillər bu qanlı olayların hansısa terror təşkilatının ideyalarından doğması versiyasını istisna edir. Dəfələrlə təkrarlanan olaylardan doğan nəticə budur ki, regiondakı terror qruplaşmaları mövcud dünya düzənini idarə edən böyük güclərin planlarını icra edirlər. Bu düzənin pozulmasına yönəlik istənilən təşəbbüsə terror təşkilatlarının aktivləşdirilməsi, qanlı olayların törədilməsi ilə reaksiya verilir.

Yeni düzən qurmağa təşəbbüs göstərən ölkələr sırasından daha çox Türkiyənin hədəf seçilməsi də təsadüfi deyil. O, yeni düzən qurmaq təşəbbüsünə dəstək verən yeganə NATO ölkəsidir.

Müşfiq Ələsgərli

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.