Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Goranboyda ümumrayon yürüşü olub

Day.Az представляет новость на азербайджанском языке

Goranboyda Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə ümumrayon yürüşü təşkil olunub.

Day.Az AZƏRTAC xəbər verir ki, yürüşdə Goranboy Rayon İcra Hakimiyyətinin rəsmiləri, bu rayonda məskunlaşan xocalılı məcburi köçkünlər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Goranboy Rayon İcra Hakimiyyətinin qarşısından başlayan və Xocalı soyqırımı abidəsinə doğru istiqamətlənən yürüşün məqsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.

İzdihamlı yürüş boyunca iştirakçılar tərəfindən "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayacaqlar!", "Xocalı soyqırımı - 25 il" kimi çağırışlar və şüarlar səsləndirilib.

Yürüş Goranboy rayonunda xocalılı məcburi köçkünlər üçün salınan yaşayış massivindəki Xocalı soyqırımı abidəsi önündə başa çatıb.

Abidənin qarşısında Goranboy Rayon Mədəniyyət Evinin əməkdaşları tərəfindən faciə gecəsinə həsr olunan ədəbi-bədii kompozisiya göstərilib.

Tədbir iştirakçıları Xocalı soyqırımı abidəsi ətrafında rayon gənclərinin bu faciəyə həsr olunan rəsm sərgisinə baxıblar.

Goranboy rayonunda Xocalı soyqırımının 25 illiyinə həsr olunan tədbirlər faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin ziyarəti və önünə gül dəstələrinin qoyulması yekunlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.