Day.Az представляет новость на азербайджанском языке.

O, əlində lülə formasında bükülmüş kağız, müdriklik yağan nəzərləriylə muzeyə tərəf baxır. Daha doğrusu, muzey divarlarında portret və berelyefləri qoyulan tələbələrinə - şair və mütəfəkkirlərə öz mühazirəsini oxuyur. Artıq 60 ildən yuxarıdır ki, bu dərs davam edir. Və edəcək də...
 

Beləliklə, Modern.az "Yeni Bakının köhnə heykəlləri" adlı layihəsində növbəti yazını təqdim edir. Bu dəfə söz Nizami Gəncəvinin heykəlindən düşəcək. Nizami meydanında İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində yerləşən heykəlin açılışı 1949-cu il aprelin 30-da olub. Heykəlin müəllifi, Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. Hər bir şəhərin özünəməxsus əlamətləri var ki, onlar şəhərin simasını müəyyənləşdirir, onun tarixi barədə məlumat verir. Bakının Nizami bağında ucaldılan Nizami Gəncəvi heykəli də bu əlamətlərdən biridir. Yerləşdiyi ərazi müasirliklə tarixizmin vəhdətini yaratdığından abidə həm Şərq monumentallığını, həm də Qərb modernist baxış tərzini özündə çox gözəl əks etdirir. İçərişəhərin Qoşa Qapı girişinin yaxınlığında yerləşən abidə tarixiliklə müasirliyi bir növ tamamlayır.

Nizami meydanı ümumi bir ansamblı xatırladır. Buradakı bütün tikililər bir-birilə zəncirvari birləşərək estetik baxımdan vahid harmoniya yaradır. Şəhərin ən mərkəzi meydanı hər tikilini ortaq estetik dəyər ətrafında cəmləyə bilir.
 

Siyasi məqsədlə ucaldılan heykəl

Dünya siyasi arenasının çox mürəkkəb bir dövründə SSRİ öz riyakar diplomatiyasından əl çəkmirdi. Beləki, imperiya tərkibində olan müstəmləkələrin tarixinə aid əsərlər yazdırıb, abidə saldırmaqla öz humanistliyini və tabeçiliyində olanlara guya hörmət etdiyini dünyaya çatdırmaq istəyirdi. Odur ki, hətta 1939-cu ildə, yəni İkinci Dünya müharibəsinin başladığı vaxtda Bakıda Azərbaycan tarixini əbədiləşdiriləcək parkın salınması və orda abidə ucaldılması barədə qərar qəbul edir. Beləliklə, 1939-cu ildə dahi Azərbaycan şairinin 800 illiyi ilə əlaqədar Bakının mərkəzində muzeyin yaradılması və Nizaminin heykəlinin qoyulması barədə qərar qəbul edilir. 1935-ci ildə İstiqlaliyyət, Əzizbəyov, Hüsü Hacıyev və Qara Qarayev küçələri arasındakı, təxminən bir hektar sahədə köhnə binalar sökülür və onların yerində memar Y.Abramovanın layihəsi ilə bağ salınır. Layihədə iştikal edən qrup Nizami heykəlini də bu bağda ucaltmağı qərara alır. Sonra incəsənət işləri üzrə idarə Nizami heykəlinin layihəsini yaratmaq üçün müsabiqə elan edir. Həmin müsabiqəyə 70-ə yaxın əsər təqdim edilsə də, onlarda heç biri münsiflər heyəti tərəfindən bəyənilmir. Çünki müəlliflərdən heç biri şairin obrazını lazımınca tərənnüm edə bilməmişdi. Bu da təsadüfi deyildi. Çünki o vaxta qədər Nizaminin surətini əks etdirən heç bir miniatür əsəri, yaxud bir freska dövrümüzə gəlib çatmamışdı.
 

Yenə də Fuad Əbdürrəhmanov...

Amma bir rəssamın işini geri qaytarmırlar. O da Şərq dünyasının vurğunu olan və gələcəkdə əsərlərinin demək olar ki, hamısında bunu əks etdirəcək Fuad Əbdürrəhmanovun layihəsi qəbul olunur və ona heykəlin modelini hazırlamaq tapşırılır. Abidənin postamentini yaratmaq və meydanı planlaşdırmaq işi memarlar S. Dadaşov, M. Hüseynova tapşırılır. İşlərə 1940-cı ildə sitat verilir. Dünya geosiyasətinin ən qanlı-qadalı illəri artıq başlamışdı. Buna baxmayaraq, sovet hökuməti işi yarımçıq qoymur və mədəni quruculuq siyasətini sonadək yerinə yetirməyə çalışırdı.
 

1941-cı ilin fevralında Nizaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündə olan maketi hazır oldu və o Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin bədii-texniki şurasında təsdiq edildi. Eyni zamanda, müəlliflərə abidə üzərində sonrakı işlərində Nizaminin simasındakı milli əlamətləri daha da artırmaq təklif olundu. Həmin əlamətlərdə müdriklik və Şərq aləminə xas olan alilik arifanə ifadələr daxil idi. Lakin gözlənilmədən başlanan Böyük Vətən müharibəsi abidə üzərindəki işləri müvəqqəti dondurdu. Amma heç müharibə bitməmiş, yəni 1944-cü ildən başlayaraq monumental abidə ilə əlaqədar işlərə yenidən sitat verilir. Müharibə qələbə ilə qurtardıqdan bir müddət sonra - 1947-ci ilin yanvarında Bakıda Nizami Gəncəvinin monumental abidəsinin ucaldılması ilə əlaqədar inşaat işlərinin bərpası və sürətlə aparılması barədə ümumittifaq hökümət xüsusi sərəncam verdı.
 

1947-ci ilin yazında Bakının mərkəzində monumental abidə qoyulacaq bağda memarlar M. Hüseynov və V. İvanovun layihəsi ilə planlaşdırma və arxitektura abadlığı işləri həyata keçirildi. Bu işlərin özünə məxsus cəhətləri var idi. Belə ki, əsas diqqət heykəlin bağla vahid kompozisiyada görünməsinə, eyni orqanizmdə qovuşmasına nail olmaq idi. Memarlar öz işini çox böyük ustalıqla yerinə yetirə bildirlər. Belə ki, bu meydançanı, onu bürüyən yaşıllığı, ətrafdakı memarlıq ansamblını indi Nizami heykəli olmadan təsəvvür etmək mümkün deyil. Bütün bu işlər çox böyük zaman kəsimində görülüb qurtardı. Şəhərin ən gözəl heykəllərindən biri olmasına baxmayaraq bu heykəl bəlkə də ən qısa zaman ərzində hazırlanan tikili idi. Təsəvvür edin, müharibə illəri və o illərdən sonrakı aclıq olmasına baxmayaraq cəmi 9 ilə bu cür möhtəşəm sənət əsəri hazır oldu. Nizaminin tunc fiqurunun postament üzərinə qaldırılması daxil olmaqla, bütün tikinti, quraşdırma, bəzək və üz çəkmə işləri 1949-cu ilin yazında başa çatdırıldı. 1949-cu il aprelin 30-da abidənin təntənəli açılışı oldu. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə abidənin hündürlüyü isə 15 metrdir.
 

Təmirdən sonrakı heykəlin vəziyyəti

Ən qocaman heykəllərdən olan Nizami heykəli sərəncam əsasında əsaslı təmir olundu və monumentallıq baxımından çox gözəl elementlərlə zənginləşdirildi. Belə ki, heykəlin ətrafında işıqlandırma sistemlərinin salınması onun baxımlılığını xüsusən də gecə vaxtı birə beç artırdı. Heyhəlin pyedestalında olan və "Xəmsə"dən hissəcikləri əka etdirən 8 berelyef bu işıqların altında xüsusi bərq vurur. Bu berelyeflər Nizami Xəmsəsinin qəhrəmanlarını - Şirini at minən, Fərhadı dağ çapan, Nüşabəni İsgəndərlər mübahisə edən, bayquşları danışan zaman çox böyük ustalıqla əks etdirir. Əslində bu pyedestaldakı 8 berelyefin hər biri ayrı ayrılıqda xüsusi gözəl sənət əsəridir. Nizami heykəli bəlkə yeganə heykəldir ki, onun barəsində problematikadan kənar ağızdolusu danışmaq olar. Amma yeganə probelem isə 60 ilə yaxındır ki, mühazirə deyən bu heykələ təəssüf ki, bizlər qulaq asmırıq. Onu ancaq və ancaq muzeyin divarlarından boylanan xələfləri dinləyir. Sanki bu dərsin bizə aidiyyəti yoxdur...

/Modern.az/