"Bacanaqlar"in Talehi: "Mən incəsənəti pula öyrəndim” - FOTO

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Bir neçə il əvvəl "Tək səbir" adlı veriliş yayımlandığı az müddətdə çox şöhrət qazandı. Lakin sonradan bu kollektivə sanki göz dəydi. Hərə bir tərəfə üz tutdu. Bu gün onlardan biri "Bacanaqlar" serialının ssenari müəllifi və baş qəhrəmanı, aktyor Elməddin Cəfərovla Milli.Az xəbər portalına müsahibə verdi.

- "Bacanaqlar" serialındakı "Taleh"lə Elməddini nə bağlayır?

- Təbii ki evli olduğumuza görə, obrazlara xarakter verərkən özümüzdən də əlavələr etmişik. Bəlkə də, qohumlarımın arasında ən zəif münasibətdə olduğum adam bacanağımdır. Ona sonuncu dəfə nə vaxt zəng etdiyimı, oturub bir stəkan çay içdiyimi artıq xatırlamıram...

- Neçə bacanaqsınız?

- Serialdakı kimi, həyatda da iki bacanağıq. Bacanağım serialdakı Qismət kimi sakit təbiətli insandır. Bir az savadlıdır, işinə daha çox diqqət ayırır. Qismət elə həyatdakı bacanağımın prototipidir. Amma Talehlik edib ondan istifadə etmirəm. Çünki ən azından həyatda Taleh kimi fırıldaqçı deyiləm.

"Bu gün sənin üçün bir torba "perspektiv" gətirmişəm, otur doyunca ye..."

- Amma fırıldaqçını elə cani-dildən oynayırsınız ki, elə bil obraz sizin içinizdən gəlir.

- Yox əşşi, mənim "atmaq" bacarığım yoxdur. Bacarığım yoxdur deyəndə ki, bu, baş tuta bilməz. Serialda "Taleh"i cani-dildən oynamağımdandır ki, hamı həyatda da "moşennik" olduğumu düşünüb, məndən ehtiyat edir. Yəni bir fırıldaqçı kimi serial vasitəsilə bütün yollarımı bağlamışam... Əslində ciddiliyə qalsa, "Bacanaqlar"a müraciət etməyimizdə xüsusi nəsə yoxdur. Sadəcə, bu mövzuya hələ toxunulmayıb. Məsələn, qayınana-gəlin münasibəti haqqında ədəbiyyatda, kinoda və teatrda çox deyilib, eləcə də baldız-gəlin, yeznə-qayın münasibətləri barədə çox oxumuşuq. Əslində bacanaqlar mövzusu həmişə gündəmdə olsa da, bundan çox az istifadə olunub. İşə başlamazdan əvvəl fikirləşdik elə mövzu seçək ki, ondan söhbət gedəndə mütləq biz yada düşək. Misal üçün, "qayınana" sözü eşidəndə, yadımıza mərhum sənətkarımız Nəsibə Zeynalova düşür.

"Tamada" deyəndə Yaşar Nurinin oynadığı "Surxayzadə" gözümüzün önünə gəlir. Ona görə də belə qərara gəldik ki, 104 seriyalıq "Bacanaqlar" serialı çəkək. Artıq 84-cü seriyası efirə gedib və 86-cı seriyanı da çəkib qurtarmışıq. Şükürlər olsun ki, düşündüyümüz ideyanı həyata keçirə bildik, yəni arzuladığımız serial alındı.

Bayaq "Taleh"i cani dildən oynamağıma toxundunuz. Bilirsinizmi, "Taleh" və "Qismət" obrazının mənim və Elnur Hüseynovun ifasında inandırıcı alınmasının əsas səbəbi, bizim serialın ssenarist qrupunda olmağımızdır. Elnur ssenaridə "Taleh"ə necə aldana bildiyini, mən də bacanağımı necə aldada biləcəyimi yazıram və ortaq məxrəcə gəlirik. İnanın ki, "Taleh"in serialda etdiklərini həyatda təkrarlaya bilmərəm. Çünki sifətim məni satır. Yalan danışdığımı üzümə baxan adam o saat başa düşür.

- Siz yaradıcılığa "Tək səbir" qrupu kimi başlasanız da, az müddət sonra kollektiv tamam dağıldı. Elə bil ki, sizin fəaliyyətinizə "tək səbir" düşmədi...

- Doğrudur, biz əvvəlcə "Tək səbir", sonra "Cüt səbir" kimi fəaliyyət göstərdik. Səbirlərin sayı artıqca gördük ki, qripə yoluxuruq... Bu, əvvəl-axır olmalı idi. Dağılmaq deyəndə ki, qrupdan kimlərsə getdilər. Misal üçün, əvvəl Fərda Xudaverdiyev, sonra Müşviq getdi...

- Amma onlar deyirdilər ki, qrupu siz tərk etmisiniz?

- Təbii ki, Fərda elə deyəcək, amma həmin komandanın əksər üzvləri ilə indi bir yerdəyik. Əslində, etiraf etməliyəm ki, mən "Tək səbir"in dövründə indikindən daha populyar idim. Onda küçədə gedəndə kimsə məni tanımasaydı, o saat xoflanırdım, ayə, bu məni niyə tanımadı? Sözün düzü, rahatçılığımız yox idi, hər kəsin diqqəti sənin üzərindədir, küçəyə çıxa bilmirdik. Amma indi camaat populyar insanlara maraq göstərmir.

- Tərlan serialdan nə üçün uzaqlaşdı?

- Tərlan başqa telekanaldan sərfəli təklif aldı, bu barədə bizə deyəndən sonra onu başa düşdük və halallıqla ayrıldıq. Biz onu gözəl başa düşürük, çünki hər kəs ailəsi üçün çalışır. İnsan müəyyən müddətə qədər perspektiv üçün çalışır. Ailə sahibi olandan sonra gedib, övladına deyə bilmirsən ki, "bu gün sənin üçün bir torba "perspektiv" gətirmişəm, otur doyunca ye..."

- Hər hansı televiziya serialının uzunömürlü olması yaradıcılıqdan başqa həmçinin güclü sponsorların hesabına başa gəlir. Bu gün "Bacanaqlar" üçün sponsorluq etmək istəyənlər tapılırmı?

- Bir sponsorumuz var, çəkilişin pulunu ödəyir. Telekanalının rəhbərliyi sağ olsun, bizə

pulsuz yayım vaxtı ayırıb. Bundan başqa, telekanal bizə sponsorlar tapıb, onların reklam edilməsinə də şərait yaradıb, təəssüf ki, indiyədək bu şəraitdən istifadə edə bilməmişik. Ümumiyyətlə, "Arı-productions" kimi artıq 5 ildir, telekanal ilə əməkdaşlıq edirik. Hələ ki, çoxlu sponsor tapa bilməmişik.

- "Taleh"in aqibəti sonda necə olacaq. Bu qədər adama ki, o, pul atır, axırda vurub öldürmürlər?

- Bilirsinizmi, bədbəxt oğlu nə etsin axı, köhnə "05"lə "Bentley" maşına vurub, xirtdəyəcən borcun, faizin içindədir. Serialın sonunda Taleh fılıdaqçılığın daşını atıb normal insana çevrilir. Varlanır, bank sahibi olur və onun özünə külli-miqdarda pul atırlar. Vaxtilə aldatdığı insanlar həmin oyunu onun başına gətirirlər.

"Taleh əməlli-başlı xarizmamı korlayıb"

- Serialdan əvvəl bir neçə komediya filmlərinə çəkildiniz. Onların aqibəti necə oldu?

- 9-dək film çəkdik. Təəssüflər olsun ki, buna görə insanlar bizi qınadılar. Onları başa düşürük, çünki bizdən keyfiyyətli iş gözləyirdilər. Amma 8 min dollarla insanların arzuladığı filmi çəkmək olmur. Bu, dünya kinosu tarixində görünməmiş hadisə idi. Çünki normal kinokameranın 10 günlük kirayəsi elə 8 min dollar edir. Bizə - 50 nəfərə 8 ay çəkdiyimiz əziyyətə görə 8 min dollar verdilər. Belə olan halda hansı keyfiyyətdən söz ola bilər? Sadəcə, ssenari gülməli idi.

- Əgər keyfiyyətli iş ortaya qoymağa şərait yoxdursa, nə üçün bu işlə məşğul olursunuz?

- Bizi bu işə içimizdəki həvəs məcbur edir. İnanın səmimiliyimə, özümü başqa sənətdə təsəvvür edə bilmirəm.

- Elməddin, bir neçə il əvvəl Mədəniyyət və İncəsənət Universitetində təhsil almağı planlaşdırırdınız. Bu arzunuz həyata keçdimi?

- Mədəniyyət və İncəsənət Universiteti mənlik deyil. O dövrdə ikinci ali təhsil ödənişli olduğu üçün mən bu sevdadan əl çəkdim. Ödənişli təhsildə imtahanlar da pulla başa gəlir. Söhbət puldan getmir, sadəcə pisimə gəlir: belə çıxır ki, mən incəsənəti pula öyrəndim.

- Bir müddət Heydər Əliyev Sarayında tamaşalar verirdiniz. Amma onların da davamı olmadı.

- Bilirsinizmi, konsert etmək üçün ona hardasa 3-4 ay ciddi hazırlaşmaq lazım gəlir. Buna görə də evdəkilər ac qalmasın deyə, ehtiyat pulun olmalıdır. Bu işin davamlı biznesinə girişmək üçün yaxşı mayan olmalıdır.

- Bəs müğənnilər bu mayanı hardan tapırlar?

- Müğənnilərlə bizim aramızda həm xarici görüşdə, həm də çəkidə böyük fərqlər var... Müğənniyə pul xərcləyənlər sabah bu pulu toydan götürə bilirlər.

- İnsanlar küçədə "prikol"larınızdan sizə qarşı istifadə edirlərmi?

- Yox, belə hal olmur. Amma hiss edirəm ki, insanlar məndən hər hansı təhlükə gözləyirlər, "sən öl bu bizə də atacaq..." İnanın ki, Taleh obrazı əməlli-başlı xarizmamı korlayıb.

"Ayə, qadan alım, bizim kollektiv bütün ilə bu qədər pul alır..."

- Heç yolla gedəndə ağsaqqalardan sizə yaxınlaşıb: "Bəsdir də, insanlara bu qədər atdın, ayıbdır!" deyən olubmu?

- Mənə yox, "Məhəbbət" rolunu oynayan Ramilə (həm də serialın rejissordur) yaxınlaşıb deyiblər: "Nə oldu alə, Esiyə bir şey eliyəmmədin".

- Serialda çəkilənləri dolandıra bilirsinizmi?

- Bəli, içi mən qarışıq serial bizi dolandırır. Bu serialda yalnız oğlum Nihat maaş almır.

- Deməli, uşağı istimar edirsiniz...

- Etiraf edirəm ki, burada doğru söylədiniz. Bir ara hər seriyaya görə ona 10 manat verməyi düşünürdüm. Amma fikirləşə-fikirləşə o da yadımdan çıxdı.

- Türkiyədə "Öylə keçər zaman ki" serialında 5 yaşlı Osmanı oynayan uşağa həftəsinə 10 min manat pul verilir, siz uşağa 10 manatı qıymırsınız?

- Ayə, qadan alım, bizim kollektiv bütün ilə bu qədər pul alır. Bilirsinizmi, hərdən oturub fikirləşəndə bu işləri heç analiz edə bilmirəm. Türkiyə bizim qonşumuzdur, onlarda da serial biznesi son 10-15 ildə yaranıb. Əvvəllər onlarda da yalnız xarici serialları göstərirdilər. Bilmirəm, ölkənin balaca olmasından irəli gəlir, ya yox? Sadəcə, bizdə insanlar tamam başqa cür olublar. Artıq başqa ölkələrin insanlarını da xəstələndirmişik. Üzeyir adlı oxuyan meydana çıxır, bilinmir ki, meyxana oxuyur, mahnı oxuyur? Çünki onu nə meyxanaçılar, nə də müğənnilər özlərindən biri hesab etmirlər. Bu adama Azərbaycanın 50 faizi qulaq asır. İnsanların böyük əksəriyyəti onun "Sarı çiçəyim" mahnısını əzbər bilir.

Hətta özünü "ən səviyyəli" adlandıran telekanal onu iki dəfə canlı yayıma çıxarıb. Bu yaxınlarda Türkiyədə oldum, Bursada Gəncə böyüklüyündə böyük park var, orada Üzeyir mahnısını oxudurdular. Bunu gördüm elə fəxr etdim ki... Yaxınlaşıb başa saldıq ki, bizdə ondan da yaxşı mahnılar var, telefonumuzda mahnıları həmin adamın telefonuna yüklədik.

- Türkiyə və Rusiya kanallarına baxanda, orada estradanın güclü inkişaf etməsinin şahidi oluruq. Amma bizdə bu işlə məşğul olan 3-4 nəfər var, onlar da bir-biri ilə düşmənçilik edir. Bunların birləşməsinə nə mane olur?

- Pul.

- Bəs pul "Bu şəhərdə"ni nə yaxşı dağıtmır?

- Çünki orada düzgün bölgü var. İndi o bölgünü mən öz kollektivimizdə tətbiq edirəm. Hər kəsə dədə malı kimi 5 faiz düşür, yerdə qalan artıq 5 faiz də "xərclərimizə" sərf olunur.

- Başqa filmlərdən, teatrlardan təklif alırsınızmı?

- Bəli, dəvətlər alıram, amma vaxt tapa bilmirəm. Çünki çəkilişlər Bakıdan kənarda olur. Özü də çəkilişlər 10 gün davam edir. Mən də o çəkilişlərə görə bu işi dayandıra bilmərəm. Sentyabr ayında Musiqili Komediya Teatrında bəlkə işə düzəldim. Məni xalq artisti Afaq Bəşirqızı dəvət edib. Teatrda heç olmasa təcrübəli aktyorlarla çiyin-çiyinə çalışıb, onlardan sənətin sirlərini öyrənmək istəyirəm.

- Çox maraqlı gülüşün var, onu məşq edib öyrənmisən, yoxsa anadangəlmə qabiliyyətdir?

- Vallah, bu gülüş məndə anadangəlmədir. Əvvəllər mən güləndə insanlar da gülürdülər. Bu məndə kompleks yaradırdı, amma indi incimirəm. Güləndə ürəkdən gülürəm. Əvvəllər üz görünüşümə, çənəmə görə kompleksim vardı, sonra onlar da getdi. Komplekslərdən uzaqlaşmağımın əsas səbəbkarı həmkarım Elnur Hüseynov olub. Onu görəndən sonra özümə baxıb təsəlli tapdım...

Нажмите на фотографии для увеличения: