Nazarbayev Qarabağı Azərbaycana qaytara bilər?

Day.Az представляет новость на азербайджанском языке
Qazaxıstan Qarabağ probleminin həllində də uğurla vasitəçilik edə bilər.
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Rusiyanın strateji müttəfiqidir, iki ölkə müxtəlif ortaq siyasi, iqtisadi və hərbi alyanslarda yer alıb. Buna baxmayaraq, Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq aləmdə yalnız Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi dəyərləndirilmir. Beynəlxalq aləmdə Nazarbayev həm də öz mövqeyi olan və dövlətlərlə münasibətlərdə balansı gözləyən lider kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndə bundan hamıdan öncə Nazarbayev narahat olmuşdu: "Nursultan Nazarbayev Türkiyə ilə Rusiya arasında vasitəçi oldu. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktubu məhz Nazarbayevin vasitəçiliyi ilə çatdırdı. Bu gün Rusiya-Türkiyə münasibətlərinin yenidən normallaşmasında Nazarbayevin böyük rolu var. Putin Nazarbayevə "yox" deyə bilməzdi. Ərdoğan da bunu bildiyindən vasitəçi kimi məhz Nazarbayevi seçdi".
Politoloqun fikrincə, N.Nazarbayevin Rusiya-Ukrayna münasibətlərindəki gərginliyin azaldılmasında da xüsusi rolu var: "Rusiya prezidenti Vladimir Putin avqustun 16-da Soçidə da Nazarbayevlə görüşdü. Putin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında oynadığı rola görə Nazarbayevə minnətdar olduğunu bildirdi. Putin dedi ki, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ancaq Nazarbayevin vasitəçiliyi bununla bitmir. Putinlə görüşdə Nazarbayev dedi ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona zəng edib. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko Donbassa xüsusi status verməyə razıdır, sadəcə bir sıra çətinliklər var. Rusiya "Minsk razılaşması"na görə Donbassa xüsusi statusun verilməsini istəyir. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko buna razıdır, sadəcə ona vaxt lazımdır. Bununla Nazarbayev gərgin olan Rusiya-Ukrayna münasibətlərində də vasitəçi ola biləcəyinə işarə vurdu. Rusiya Qazaxıstanın strateji müttəfiqi olsa da, Nazarbayev Ukrayna ilə münasibətlərə də əhəmiyyət verir və Ankara kimi Kiyev də Qazaxıstan prezidentinin imkanlarından istifadə etmək istəyir".
Ekspertin fikrincə, Azərbaycanın siyasi elitasının və cəmiyyətinin də Nazarbayevdən gözləntisi var: "Nazarbayev Putinlə görüşdə belə bir fikir işlətdi: "Yerdə qalır Ukrayna və Dağlıq Qarabağ problemləri..." Başqa sözlə, Qazaxıstan prezidenti Putinə işarə verdi ki, Dağlıq Qarabağ probleminin də həllini sürətləndirmək lazımdır.
Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Azərbaycanın xeyrinədir. Çünki Qazaxıstan prezidenti Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olduqda Nazarbayev prezidentlərin sammitində dedi ki, Ermənistanın təşkilata üzvlüyü Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməlidir. Nazarbayev bunu ona görə dedi ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac etmək istəyirdi. Ermənistan hakimiyyətinin bu planını Nazarbayev pozdu".
E.Şahinoğlu hesab edir ki, bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmasına Azərbaycanın ehtiyacı var: "Qazaxıstan prezidenti bu ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək. Bu səfər çərçivəsində Bakıda daha çox iqtisadi və regional layihələr müzakirə olunacaq. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Avropa və Şərq ölkələrinə çıxış imkanı əldə edir. Bununla yanaşı, Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi də istisna deyil.
Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkan imkanları var. Rəsmi Bakı münaqişənin həlli məqsədilə Moskvanın bu təsir imkanlarından istifadə etməsini istəyir. Ancaq Moskva Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə hələ ki, İrəvana təzyiq etmir. Bu olmadığına görə də münaqişənin həlli uzanır. Astana Bakı ilə müqayisədə siyasi müttəfiqlik baxımından Moskvaya daha yaxındır. Ona görə rəsmi Bakı ümid edir ki, Astana Moskva ilə dialoqda Dağlıq Qarabağ mövzusunu ön planda tutacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре