Toyda kütləvi zəhərlənməyə nə səbəb oldu?

Day.Az представляет новость на азербайджанском языке

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Göyçayda toyda kütləvi zəhərlənmənin araşdırılması məqsədilə yoxlamanın aparılması üçün İqtisadiyyat Nazirliyinə müraciət edib.

Day.Az bildirir ki, RGEM-in Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Trend-ə deyib ki, Göyçay rayonu İnçə kəndində fiziki şəxs Musayev Pənah Əmrah oğluna məxsus şadlıq sarayında baş verən zəhərlənmənin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin razılığının alınması tələb olunur:

"Sahibkarlıq yoxlamalarının aparılması üçün yalnız İqtisadiyyat Nazirliyi razılıq verməlidir. İnsanların sağlamlığı üçün təhlükə yarandıqda və yarana bildiyi halda İqtisadiyyat Nazirliyinin razılığı və ya onların nümayəndələrinin iştirakı ilə yoxlama aparıla bilər. Bizə öyrənmək lazımdır ki, restoranda vəziyyət necə olub, oradakı mövcud şərait zəhərlənməyə imkan verə bilər, ya yox. Yoxlama zamanı restoranın su təchizatı, işçilərin tibbi müayinədən keçməsi, şəxsi gigiyena qaydalarına riayət, soyuducularla təminat, onların effektiv işləyib-işləməməsi, soyuducuların tutumunun qonaqların sayı üçün hesablanmış qidanın saxlanmasına uyğun olub-olmaması, qidanın hansı mənbələrdən alınması və necə saxlanması kimi məsələlər araşdırılmalıdır. Bu araşdırmalar aparılmadan müəssisə haqqında hər hansı fikir söyləmək olmaz".

İ.Abdullayev əlavə edib ki, İnçə kəndindəki şadlıq sarayında kütləvi zəhərlənmənin səbəbləri RGEM tərəfindən laborator müayinələr tam başa çatdıqdan sonra dəqiq bilinəcək. Amma ilkin məlumatlar əsasında zəhərlənməyə daha çox bozartmanın səbəb olduğu ehtimal edilir. Həmin qidada artıq bakteriyalar aşkar edilib ki, bu da birbaşa zəhərlənməyə səbəb olacaq haldır: "Bizə verilən ilkin məlumata görə, kənarda bişən bozartmanı qazanda restorana gətiriblər. Həmin bozartma zəhərlənməyə səbəb olan mikroblarla çirklənib. İlkin məlumatlara görə, toyda istifadə edilən şirələrin də istehsal yeri məlum deyil, istehsalçısı qeydiyyatdan keçməyib, sertifikatsız olub".

Zəhərlənmənin baş verməməsi üçün qidaların gigiyena qaydasına riayət edilməklə, soyuducuda saxlanılmasını vacib sayan İ.Abdullayev qeyd edib ki, şadlıq saraylarında bu tədbirlər mütləq həyata keçirilməlidir.

İ.Abdullayevin sözlərinə görə, toylarda kütləvi zəhərlənmələr daha çox ət məhsullarından olur: "Rayon yerlərində, adətən, toydan bir gün əvvəl yeməklər bişirilir, amma onlar soyuducuda saxlanılmır. İsti havada qidalar lazımi tələblərlə saxlanılmadığından ona mikrob düşməsə belə, orada çirklənmə gedir. Belə yeməkləri restoranlara gələnlərə paylamağa icazə verən restoran sahibi də məsuliyyət daşıyır. O, restorandan kənarda bişən qidanı öz restoranına daxil olmağa necə icazə verir?! Restoranların soyuducularının da tutumu qəbul etdikləri qonaqların sayına uyğun olmalıdır. Amma yoxlayanda məlum olur ki, bəzən soyuducuların tutumu heç 20 nəfər üçün də nəzərdə tutulmayıb".

Qeyd edək ki, avqustun 23-də Göyçay rayonun Yekəxana kəndinin 30-dan çox sakini İnçə kəndində fiziki şəxs Musayev Pənah Əmrah oğluna məxsus şadlıq sarayında keçirilən toyda zəhərlənib.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 396 qida zəhərlənməsi qeydə alınıb, nəticədə 502 nəfər zəhərlənib, 1 nəfər botulizmdən ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.