15 sentyabrda biz Azərbaycan tarixində ən vacib hadisələrdən birinin 103-cü ildönümünü – Bakının bolşevik-daşnak işğalçılardan azad edilməsini qeyd edirik - VİDEO
Bu dəfə də əvvəlki illərdəki kimi, Azərbaycan Televiziyasının premyeraları bu tarixə təsadüf edir. Sentyabrın 15-də "Tarixin izi ilə" verilişində efirə iki sənədli film gedəcək. Birinci film "15 sentyabr - Bakının azad olunması", ikinci isə "Böyük Zirə - Nargin adasında baş verənlər" adlanır. İkinci iş daha diqqətəlayiqdir.Televiziyada deyildiyi kimi, bu film sürprizlər vəd edir.
Hansı sürprizlər olması haqqında isə Day.AZ-a ssenari müəllifi, AzTV-nin İctimai-Siyasi proqramlar Baş redaksiyasının tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov məlumat verib.
"Yenilik ondan ibarətdir ki, biz Qafqaz İslam Ordusu ilə bağlı Avropa studiyalarının sənədli filmlərindən olan görüntülərdən istifadə etmişik. Onlar 1919-cu ildə Esfir Şub tərəfindən çəkilmiş "Respublikanın birinci ildönümünə həsr olunmuş şənliklər", həmçinin Britaniyanın İVM studiyasının Birinci Dünya müharibəsi ilə bağlı çəkilmiş kinoxronikalarından götürülüb. Biz filmimizdə Azərbaycan teleməkanında ilk dəfə Bakı bulvarında yürüyüş edən Qafqaz İslam Ordusunun paradından görüntülər təqdim edirik. Faktiki olaraq, 100 il sonra! Azərbaycanın arxivlərində bu materiallar yoxdur, biz onları sənədli filmlər çəkən avropalı rejissorların filmlərindən götürmüşük," deyə tarixçi bildirib.
Filmin ideyası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədova aiddir. Ssenari müəllifi Mahir Qəribov, rejissor - Elmir Süleymanov, montajçı isə Mahir Rəhimovdur.
Film keçən əsrin əvvəlində Azərbaycan tarixinin ən dramatik səhifələrindən birinə toxunur. Süjet xəttinin mərkəzində hər bir bakılıya tanış olan Nargin (Böyük Zirə) adasıdır. Birinci Dünya müharibəsi dövründə burada Qars və Sarıqamış döyüşləri zamanı əsir düşmüş türk hərbçilər saxlanılırdı. Əsir götürülmüş türk əsgərlər Tiflisdən Bakıya gətirilirdilər və buradan da Nargin adasına göndərilirdilər. Türk əsgərlər qeyri-insani şəraitdə saxlanılırdılar, əziyyətlərə məruz qalırdılar və bunda ermənilərin "böyük xidməti" var idi.
Mahir Qəribovun sözlərinə görə, bir qrup türk əsgərinin adadan Azərbaycanın ziyalı təbəqəsinin nümayəndələri tərəfindən təşkil edilmiş qaçışı əsl əfsanəyə çevrildi.
Məlumdur ki, bu qaçışın təşkilatçılarından biri Müsəlman Yardım Cəmiyyətinin üzvü, İsrafil Hacıyevin həyat yoldaşı Sona xanım olub. Qaçan türk əsgərlər sonradan yaradılmış Azərbaycan Milli Ordusuna qoşuldular və filmdə görüntülərini sərgilədiyimiz paradda iştikar etdilər.
"Filmin ideya müəllifi AzTV-nin sədri Rövşən Məmmədovadur. O, 10 gün əvvəl Nargin adasından qaçan türk əsgərlər haqqında film hazırlamağı tapşırıb. Elə üst-üstə düşdü ki, bundan bir neçə gün qabaq mən filmimizə daxil olan bulvardakı paradın görüntülərini əldə etmişdim. Ümumilikdə, Nargin mövzusu mənim üçün yeni deyil. 2015-ci ildə Milli Elmlər Akademiyası tərəfindən çap olunan "Ermənistan və Azərbaycan münasibətləri 100 il ərzində" adlı kitabım 2017-ci ildə Atatürk Tədqiqat Mərkəzi tərəfindən türk dilində çap edilib. Bu kitabda Türkiyə-Azərbaycan münasibətləri, türk əsgərlər üçün həbsxanaya çevrilən Nargin adası, Azərbaycan ziyalılarına qarşı erməni terrorizmi haqqında söhbət açılır," həmsöhbətimiz bildirib. O qeyd edib ki, Avropada Birinci dünya müharibəsinə həsr edilmiş yüzlərlə kinoxronika çəkilib. Beləliklə, Böyük Britaniyanın sənədli filmlər studiyasının arxivləri 1918-ci ildə bizim respublikada nə baş verdiyini, Sentrikaspi diktaturasının necə Bakıya daxil olduğunu, erməni birləşmələrinin hansı təlimlər keçdiyini əks etdirir.
"Biz bu görüntüləri əldə etmişik və izləyicilər bunların çoxunu filmimizdə görəcəklər," deyə Mahir Qəribov söz verdi.
İkinci filmə gəldikdə isə tarixçinin sözlərinə görə, Bakının 15 sentyabr 1918-ci ildə azad olunması 28 mayda Azərbaycan Demokratik Respublikasının elan edilməsi qədər əhəmiyyətli idi. Filmdə bu hadisəyə qədər baş verən hadisələr, kinoxronikanın görüntüləri yer alır.
Yekunda qeyd edək ki, 100 ildən də çox vaxtın keçməsinə rəğmən, o dövrün hadisələri regiondakı indiki vəziyyət fonunda çox aktual görsənir. Bu baxımdan Milli Televiziyanın sənədli film rejissorlarının yeni işləri böyük maraq doğurur və şübhəsiz ki, tarixə nəzər salaraq indini daha yaxşı anlamağa və etibarlı gələcək qurmağa kömək edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре