Azərbaycan-İsrail dostluğu GÜCÜNÜ ARTIRIR

Müəllif: Təhməz Əsədov

Mənbə: Trend

İsrail o ölkələrdəndir ki, Azərbaycana qarşı daim sədaqəti, etibarı ilə seçilib. Bugün iki ölkə arasındakı münasibətlər nə 44 günlük müharibə zamanı inkişaf edib, nə də postkonlift dövründə. İsrailin müstəqilliyimizi tanıdığı 1991-ci ildən üzü bu yana rəsmi Bakı ilə Təl-Əviv arasında münasibətlər həmişə yüksələn xətt üzrə inkişaf edib.

Yaxşı dost pis gündə tanınar

İsrail Azərbaycanın əsl dostu olduğunu 30 illik işğal dövründə olduğu kimi, Vətən müharibəsinin gedişində nümayiş etdirdi. Bu gün iki ölkə arasında münasibətlər özünün ən yaxşı dövrlərindən birini yaşayır desək, yanılmaram. Bunu elə ölkəmizdə səfərdə olan İsrail dövlət başçısı İsxak Hersoqun açıqlamaların da çox aydın sezmək mümkündür.

Prezident İlham Əliyevlə görüşü zamanı "İnanıram ki, səfərim münasibətlərin daha da inkişafı üçün təkan nöqtəsi olacaq", - deyən İsrail dövlət başçısı bu açıqlama ilə Azərbaycanla münasibətlərin daha inkişafında maraqlı olduqlarını nümayiş etdirdi.

Doğrudur, son bir neçə ildə münasibətlərdə xüsusi dinamika onsuzda müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi istiqamətində bu gün də çox böyük işlərin görülməsi üçün Prezidentlərin təması olduqca önəmlidir.

Təbii ki, bütün bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində əsas addımlardan biri İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması oldu ki, bununla da ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını çox rahatlıqla deyə bilərik.

Azərbaycanı özü üçün mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi hesab edən İsrail Bakının bu addımının onun üçün hansı təzyiqlər hesabına başa gəldiyini yaxşı anlayır. İranın Azərbaycanın daxili işinə müdaxilələləri, təzyiq və təhdidlərinin kökündə məhz elə Bakı-Tələviv arasındakı münasibətlərin yeni mərhələyə daxil olması dayanır. Bundan narahatlıq keçirən İranın bütün təzyiqlərinə sionə gərən rəsmi Bakı geri addım atmayaraq İsrailə növbəti dəfə nə qədər sözündə və əməlində etibarlı bir dost ölkə olduğunu göstərdi.

Bu əməkdaşlıq, qarşılıqlı hörmət hazırda özünü bütün sahələrdə açıq şəkildə büruzə verir. Prezident İlham Əliyev bu gün İsrail dövlət başçısı ilə görüşü zamanı bildirdiyi kimi "İsrailin müasir müdafiə sənayesi məhsulları Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardım edir" və Bakı öz Ordusunu məhz bu xəttlə daha da güclənidrməkdə maraqlıdır. Necə ki, İsrail hərbi texnikasının imkanlarından 30 illik işğala son qoyan zaman 44 gün ərzində faydalandıq, indən belə də Azərbaycanın bu məsələdə fikri dəyişilməz olaraq qalacaq.

Amma Azərbaycan İsrailin digər sahələrdəki təcrübələrindən, imkanlarından da yararlanıb, onları özündə tətbiq etmək niyyətindədir. Bura istər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiyanın başladılması, səhiyyə və tibb elmi sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsindəki İsrail təcrübəsinin işğaldan azad edilmiş ərazilərdə tətbiqi məsələləri istiqamətində məsələlər daxildir.

Tarixi səfər

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət, Azərbaycana səfəri ikitərəfli münasibətlərə strateji xarakter verəcəyi qəti şübhə doğurmur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İsrail dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir.

Uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunan Azərbaycan həm İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, bundan sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə də İsrailin dəstəyini, orada bərpa-quruculuq işlərində Azərbaycanın yanında olduğunu sonadək hiss etdirəcəyi bugünkü səfərdən də bəllidir.

Azərbaycan dostlarını özü seçir, düşmənləri əlində olmasa da. Azərbaycan artıq özünü hər ötən gün daha çox dünyanın ən etibarlı, ən sədaqətli və sözü ilə əməli üst-üstə düşən dövləti kimi yerini möhkəmləndirir. Bu yol isə Azərbaycana istər regional, istərsə də qlobal sferada əsas aktor kimi çox böyük imkanlar açır. Proseslərin bu cür inkişafı isə Azərbaycana imkan verir ki, istər dostlarının, istərsə də özünün qarşılaşdığı bütün ədalətsizliklərə bütün kürsülərdən adekvat reaksiya verib, haqqın bərqərar olmasında öz mövqeyini ortaya qoysun.