Bu şəxslərin pensiyası dayandırılır

86 yaşlı qadının pensiyası sənədlərdəki cüzi uyğunsuzluq səbəbindən dayandırılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qadının sənədlərində ad və doğum tarixi arasında olan fərq sosial ödənişlərin alınmasına mane olub. Onun sözlərinə görə, illərlə topladığı əmək stajına baxmayaraq, bu kiçik səhv üzündən pensiya ödənişi kəsilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nərgiz Kərimovanın yaşa görə pensiya ödənişi bu ilin iyul ayından etibarən şəxsiyyət vəsiqəsinin deaktiv olması səbəbindən dayandırılıb:

"Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi bütün ödənişlər vətəndaşın şəxsiyyət vəsiqəsinə bağlıdır. Əgər vəsiqə qüvvədən düşübsə, sistem üzərindən ödənişlərin aparılması mümkün deyil."

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, vətəndaş bu problemi həll etmək üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.

Qurumdan bildirilib ki, yaşlı qadın səhhəti və ya yaşı ilə əlaqədar şəxsən müraciət edə bilmədiyi halda, onun ailə üzvləri rəsmi qaydada ərizə təqdim edə bilərlər.

Beləliklə, vətəndaşın pensiya ödənişinin bərpası üçün əsas addım şəxsiyyət vəsiqəsinin yenilənməsi və məlumatların sistemdə uyğunlaşdırılmasıdır.