Hindistan səfirinin tamil dilinə tərcümə etdiyi “Əli və Nino” əsəri nəşr edilib

Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan tərəfindən "Əli və Nino" əsəri tamil dilinə tərcümə edilərək nəşr olunub. İlk dəfə tamil dilində çap olunan kitabın Bakıda təqdimetmə mərasimi keçirilib.

Day.Az xəbər verir ki, səfir Sridharan Madhusudhanan tərəfindən edilən bu tərcümə Hindistanla Azərbaycan arasında mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm mərhələ olub.

"Əli və Nino" hadisələri əsasən Bakıda cərəyan edən romandır və dünyanın 30-dan çox dilində 100 dəfədən çox nəşr edilib. Bu təqdimatın ən əlamətdar hadisəsi isə romanın ilk dəfə bir hindistanlı tərəfindən tərcümə olunması idi.

"Ədəbiyyat vasitəsilə Hindistanla Azərbaycan arasında körpü" devizi altında keçirilən tədbirdə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və Hindistandan "Kalaçuvadu" nəşriyyatının əməkdaşı Kannan Sundaram açılış nitqləri ilə çıxış ediblər. Onların çıxışları mədəniyyətlər arasında qaşılıqlı münasibətləri təşviq etməkdə bədii tərcümələrin gücünü vurğulayıb.

Təqdimat mərasimində çıxış edən səfir Sridharan Madhusudhanan onu dünyanın ən qədim dillərindən olan tamil dilinə tərcümə etmək nailiyyətindən məmnunluğunu bildirib. Səfir tərcümə zamanı qarşılaşdığı şübhəli sözlərin mənalarının aydınlaşdırılmasında və ümumilikdə tərcümə işində ona böyük köməklik göstərən bütün azərbaycanlı dostlarına təşəkkür edib. O, həmçinin Hindistanla Azərbaycan arasında daim inkişaf etməkdə olan mədəniyyətlər və xalqlararası əlaqələrin davamı olaraq daha çox kitabların tərcümə olunmasını arzuladığını bildirib. "Əli və Nino"nun tamil dilinə tərcüməsi səfir Sridharan Madhusudhananın üçüncü tərcümə işi və ümumilikdə altıncı kitabıdır. Onun əvvəlki əsərlərinə Çin dilindən tamil dilinə tərcümələr daxildir ki, bununla o, Çin dilindən tamil dilinə ilk birbaşa tərcümə edən şəxs ünvanını qazanıb.

"Əli və Nino" mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli öz çıxışında "Əli və Nino" romanının tamil dilinə tərcüməsinin "Əli və Nino" kitab mağazasında nəşrinin məqsədəuyğunluğunu qonaqların diqqətinə çatdırıb.

Bundan sonra dörd mötəbər qonaq birlikdə kitabın açılışını edilər.

Gecədə, həmçinin Azərbaycan dilinə tərcümə edilmiş hind kitablarından ibarət kolleksiya nümayiş etdirilib ki, bu da iki xalq arasında möhkəm ədəbi əlaqələri daha da dərindən vurğulamaq məqsədi daşıyırdı. Tədbirə özünəməxsus ləzzət qatan panipuri, çaat, calebi kimi hind küçə yeməklərinin təqdim olunması isə gecəyə əsl bayram atmosferi gətirdi.

Qeyd edək ki, bu tədbir Hindistan Səfirliyi, "Qanun" nəşriyyatı və "Əli və Nino" mağazalar şəbəkəsi tərəfindən Hindistanın Azərbaycandakı assosiasiyaları: Azərbaycan Hindistan Assosiasiyası (IAA), Bakı Malayale Assosiasiyası (BMA), Azərbaycan Teluqu Assosiasiyası (ATA) və Bakı Tamil Sanqamının (BTS) dəstəyi ilə təşkil olunu. Sözügedən qurumların rəhbərləri də tədbirdə iştirak edərək öz dəstəklərini veriblər.

Daha sonra aparılan canlı müzakirələr ədəbiyyata olan ortaq məhəbbəti bir daha təsdiqləyərək Hindistanla Azərbaycan arasında artan ədəbi və mədəni əlaqələri özündə əks etdirib.