Azərbaycanda ətin qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Son aylarda Azərbaycanda ətin qiymətlərindəki artım ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Hazırda ölkənin supermarketlərində və fərdi sahibkarlara məxsus ət dükanlarında 1 kiloqram dana əti təxminən 20 manata, quzu əti isə 20 manatdan yuxarı qiymətə təklif olunur.
Bəs Azərbaycanda ət niyə bahalaşır?
Day.Az-ın məlumatına görə, mövzu ilə bağlı Trend-ə danışan iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycanda ətin qiymətləri bazar prinsipləri əsasında formalaşır və qiymətə inzibati müdaxilə edilmir.
"Ətin qiymətində baş verən dəyişikliklər iqtisadi faktorlarla bağlıdır. Burada əsas rol oynayan amillərdən biri tələb-təklif balansı, digəri isə idxal olunan məhsulların həcmi və qiymətləridir. Hazırda bazarda qiymətləri əsasən yerli ət məhsulları müəyyənləşdirir", - deyə ekspert bildirib.
Cəfər İbrahimli əlavə edib ki, son zamanlar idxal olunan ətə tələbat artsa da, bazarda üstünlük hələ də yerli məhsullara verilir. Onun sözlərinə görə, son 3-4 ildə heyvandarlıq üçün lazım olan yemlərin qiymətində ciddi artım müşahidə olunur və bu da təklif edilən ətin maya dəyərinə birbaşa təsir göstərir. Nəticədə bazarda formalaşan qiymətlər inflyasiya göstəricilərinə uyğun olaraq yüksəlir.
Digər iqtisadçı ekspert Xalid Kərimlidə Trend-ə verdiyi açıqlamasında ölkədə ətin bahalaşmasının davam etdiyini bildirib. Onun sözlərinə görə, qiymətlərin yüksəlməsinə baxmayaraq, əhali istehlakdan geri çəkilmir, əksinə, tələbat artır. Bu da bazarda yeni qiymət tarazlıqlarının formalaşmasına səbəb olur.
Xalid Kərimli əlavə edib ki, qiymət artımının başqa bir mühüm səbəbi saxlanılan heyvanların sayının azalmasıdır.
"2021-ci ilin yanvarında Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 651 min baş təşkil edirdisə, 2025-ci ilin iyul ayına bu göstərici 7,4% azalaraq 2 milyon 454 min başa düşüb", - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, qiymətlərin formalaşmasında idxal da mühüm rol oynayır. Belə ki, 2025-ci ilin yanvar-may ayları ərzində ölkəyə idxal olunan ətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% azalıb. Bununla yanaşı, idxal edilən ətin ton başına düşən qiymətində də enmə müşahidə olunur - əsasən quş əti sayəsində.
"Ötən il ölkəyə gətirilən ətin orta qiyməti 2 185 ABŞ dolları idisə, bu il bu rəqəm 2 063 dollara qədər geriləyib. Heyvan sayındakı azalma, idxalın həcminin düşməsi və əhalinin sabit tələbatı bazarda qiymətlərin artmasına səbəb olan əsas amillərdir", - X.Kərimli bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре