Qarabağda quruculuq, Zəngəzurda dirçəliş: Azərbaycanın yaşıl inkişaf modeli
Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsi Azərbaycanın enerji siyasətində strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən biridir.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu təşəbbüs həm bərpaolunan enerji potensialının reallaşdırılmasına, həm də regionun dayanıqlı inkişafına xidmət edir.
"Azərbaycan hökuməti 2030-cu ilə qədər "yaşıl enerji zonası" konsepsiyasını Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu konsepsiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərin ekoloji cəhətdən təmiz və enerji baxımdan səmərəli şəkildə yenidən qurulması, bərpaolunan enerji mənbələrinin - günəş, külək, hidro və bioenerjinin geniş istifadəsi, regionun yaşıl texnologiyalar və innovasiyalar üzrə nümunəvi enerji mərkəzinə çevrilməsidir."
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin də dünən Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyması ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.
"Layihə birbaşa olaraq Azərbaycanın bərpaolunan enerji üzrə strategiyasına xidmət edir. "Şəms" və "Üfüq" stansiyaları günəş enerjisi sahəsində konkret sərmayədir və fosil yanacaqlardan asılılığı azaltmağa yönəlib. Bu isə enerjidə daha davamlı, ekoloji təmiz yanaşmanın təzahürüdür. Cəbrayıl rayonu işğaldan azad edilmiş zonadır və bu kimi layihələr həmin ərazilərin yalnız yenidən qurulması üçün deyil, eyni zamanda yeni "yaşıl enerji zonası"na çevrilməsi üçün imkan yaradır. Layihə regionun enerji xəritəsində "oyun dəyişdirən" hadisədir. Belə layihələrin iqtisadi və sosial təsirləri də var. Yeni stansiyalar investisiya tələb edən layihədir və tikinti mərhələsində iş yerlərinin açılmasına, yerli logistika və infrastrukturun aktivləşməsinə səbəb olacaq. Enerji istehsalının artması regiona əlavə gəlir gətirə, elektrik enerjisinin mərkəzləşdirilmiş qidalanmasını gücləndirə bilər. Eyni zamanda, azaldılan qaz istehlakı və emissiyalar ekoloji sağlamlıq üçün müsbət təsirlərə malikdir. Regionun günəş enerjisi potensialı yüksəkdir və bu tip layihələr bu potensialdan istifadəni artırır."
Elə həmin gün Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin sakinlərlə görüşü, mənzil açarlarının təqdim edilməsi bu layihələrin yalnız infrastruktur deyil, insan amilinə əsaslanan sosial siyasətin tərkib hissəsi olduğunu göstərir.
"Zəngilan rayonu və bütövlükdə azad edilmiş ərazilərdə quruculuq işləri planlı, müasir və kompleks şəkildə aparılır.
"Bu açılışlar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda dayanıqlı, ağıllı və ekoloji təmiz yaşayış məkanları yaratmaq istiqamətində irəlilədiyini təsdiqləyir. Ümumiyətlə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə quruculuq və köç prosesi müasir Azərbaycanın ən mühüm tarixi mərhələlərindən biridir. 2020-ci ildə torpaqların azad edilməsindən sonra dövlətin qarşısında duran əsas vəzifə bu ərazilərin bərpası, infrastrukturların yenidən qurulması və əhalinin təhlükəsiz şəkildə geri qayıdışının təmin olunması idi. Son beş ildə həyata keçirilən genişmiqyaslı işlər bu məqsədlərin mərhələli və planlı şəkildə reallaşdırıldığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq və köç prosesi Azərbaycanın postmüharibə dövründəki yenidənqurma modelini formalaşdırır."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре