Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib - FOTO
Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib.
Day.Az xəbər verir ki, 2026-cı ilin 17-22 may tarixlərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yemeru çıxış edib və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın video müraciəti təqdim olunub.
Sessiyanın məqsədi WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir.
WUF13-ün milli koordinatoru Anar Quliyev brifinq iştirakçılarını salamlayaraq, qlobal əhəmiyyətli forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksək səviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib. O vurğulayıb: "WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək".
Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə təşəkkürünü bildirib. O qeyd edib: "WUF13 bütün tərəfdaşların "hər kəs üçün layiqli mənzil"ə çıxışı təmin etmək öhdəliklərinin yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir "Yeni Şəhər Gündəliyi" sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq".
Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki, Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda WUF13 üçün müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəfli nəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir. O, bildirib: "Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır."
Brifinqdə UN-Habitat-ın Xarici Əlaqələr, Strategiya, Bilik və İnnovasiya Departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib.
Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.
Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре