“Yüksəliş” müsabiqəsi çərçivəsində “Zəfərdən Yüksəlişə” adlı növbəti intellektual yarış keçirilib
8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə "Yüksəliş" müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında "Zəfərdən Yüksəlişə" adlı intellektual yarış təşkil olunub.
Day.Az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi tarixi Zəfərə həsr olunmuş Vətən müharibəsinin qəhrəmanlıq səhnələri, eləcə də Ali Baş Komandanın zəfər strategiyasını, Azərbaycan Ordusunun rəşadətini və xalqın birliyini əks etdirən qısa videoçarx nümayiş olunub. Açılış mərasimində gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və komandalara uğurlar arzulayıb.
Kvizdə ümumilikdə 152 nəfər iştirakçı mübarizə aparıb. Yarışda 19 komanda iştirak edib. Gərgin və bilik dolu mübarizənin sonunda birinci yerə "ZəfərON", ikinci yerə "44", üçüncü yerə isə "Everest" komandaları layiq görülüblər. Qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar.
Artıq altıncı dəfə keçirilən bu intellektual yarışlar "Yüksəliş" müsabiqəsinin bilik və həmrəylik ruhunu yaşadan ənənəsinin davamıdır. Qeyd edək ki, əvvəlki illərdə keçirilən kvizlər müxtəlif mühüm hadisələrə həsr olunub.
Xatırladaq ki, bu ilin yaz mövsümündə keçirilən "Beşinci element" kvizi Azərbaycanın suverenliyi və Konstitusiyası ilinə, keçən ilin qış mövsümündə keçirilən "Yüksəliş" kvizi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, payız mövsümündə baş tutan "Azərbaycanın Yüksəlişi" intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, inişil baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре