Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni zirvədə

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə həm regional geosiyasətə, həm də Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin gələcək perspektivlərinə dair mühüm mesajlar ehtiva edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O qeyd edib ki, müsahibənin əsas xətti Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Özbəkistanın strateji tərəfdaşlığının yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

"Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə artıq üçüncü dəfə iştirakı Azərbaycanın bu regionla münasibətləri ardıcıl şəkildə dərinləşdirmək niyyətinin göstəricisidir.

Dövlət başçısının açıqlamaları bir daha sübut edir ki, Azərbaycan Mərkəzi Asiya ölkələrini vahid tarixi-mədəni və geosiyasi məkanın bir parçası kimi görür, Xəzər dənizi iki region arasında ayırıcı yox, birləşdirici qüvvə kimi qiymətləndirilir. Mərkəzi Asiya ilə əlaqələr artıq strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Orta Dəhliz bu əməkdaşlığın əsas dayağı və gələcək inkişaf xətti kimi formalaşır", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın regionla əməkdaşlığa yalnız ikitərəfli münasibətlər deyil, regional geosiyasi blok çərçivəsində yanaşdığını göstərir.

"Müsahibədə ən güclü mesajlardan biri Prezident İlham Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrini ən yüksək - müttəfiqlik səviyyəsində" qiymətləndirməsidir. Son illərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana beş dəfə səfər etməsi isə bu münasibətlərin intensivliyinin unikallığını təsdiqləyir.

Özbəkistan Azərbaycanın qardaş ölkəsi və etibarlı müttəfiqidir Müttəfiqlik Müqaviləsi və 2025-2029-cu illər Yol Xəritəsi iki ölkəni institusional müstəvidə daha da yaxınlaşdırır. Ali Dövlətlərarası Şuranın təsisi münasibətlərin uzunmüddətli planlaşdırılmasına imkan yaradır", - o bildirib.

A. Qarayev qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri sadəcə diplomatik xarakter daşımır, geoiqtisadi, enerji, logistika və mədəni sahələri əhatə edən geniş spektrli müttəfiqlik modelinə çevrilib.

"Prezident İlham Əliyevin açıqlamalarında bir neçə əsas strateji xətt xüsusi seçilir.
Azərbaycan Mərkəzi Asiya inteqrasiyasının fəal və ayrılmaz iştirakçısıdır.
Özbəkistan ilə münasibətlər regionda nümunəvi əməkdaşlıq modeli hesab olunur.
Xəzər hövzəsi yeni geosiyasi əməkdaşlıq mərkəzinə çevrilir.
Orta Dəhliz Azərbaycan-Mərkəzi Asiya xəttinin əsas iqtisadi arteriyasıdır", - o bildirib.

Politoloq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı yalnız ikitərəfli səviyyədə deyil, vahid region strategiyası çərçivəsində həyata keçirir.

"Azərbaycan bu regionla əlaqələrdə yumşaq gücdən, tarixi-mədəni yaxınlıqdan, nəqliyyat, enerji və iqtisadi layihələrdən vahid geosiyasi xətt kimi istifadə edir. Azərbaycan-Özbəkistan tandemi Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin lokomotivinə çevrilməkdədir. Bu tandem Türk dünyasının siyasi və iqtisadi xəritəsində yeni güc mərkəzinin formalaşmasına töhfə verir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin hazırda ən yüksək səviyyədə olduğunu açıq şəkildə nümayiş etdirir. Azərbaycan bu regionla siyasi, iqtisadi, logistika, enerji və rəqəmsal sahələrdə geniş və çoxşaxəli əməkdaşlıq həyata keçirərək müasir türk dünyası inteqrasiyasının aparıcı qüvvələrindən birinə çevrilib", - A. Qarayev əlavə edib.